Deputatın məcburi gətirilməsi barədə vəsatət qaldırıldı: “Bizim ona veriləsi suallarımız var”
Deputat Fazil Mustafa güllələnməsi ilə bağlı məhkəmə iclaslarına gəlmir. Ona qarşı sui-qəsddə ittiham olunan şəxslər isə zərərçəkmiş qismində tanınan deputatın məhkəmədə iştirakını tələb edir.
Deputata qarşı sui-qəsddə ittiham olunan 5 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu cinayət işinin məhkəmə araşdırması Elnur Nuriyevin sədrliyilə, Kamran Muxtarov və Azər Tağıyevdən ibarət hakimlər kollegiyasına həvalə olunub.
Bundan əvvəl təqsirləndirilən şəxslər bir neçə dəfə zərərçəkmişin məhkəmədə iştirakının təmin olunmasını tələb etmişdilər. Fazil Mustafa özü gəlməsə də, məhkəmə prosesində onun nümayəndəsi iştirak edir. Lakin təqsirləndirilən şəxslər bildirirlər ki, deputatın özünə veriləcək sulları var, onlara nümayəndəsi cavab verə bilməz.
Təqsirləndirilən 5 nəfərin hamısı – Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov, Elşad Əsgərov və Rəşad Əhmədov məhkəmədə dindirilib. Budəfəki məhkəmə prosesində hakim şahidlərin dindirilməsinə başlamaq istəyəndə təqsirləndirilən şəxslər və vəkilləri etiraz edib. Onlar əvvəl zərərçəkmişin dindirilməsini istəyiblər.
“Siz məhkəmə olaraq, prosesin aparılması qaydasını müəyyənləşdirərkən qərar vermişdiniz ki, əvvəl təqsirləndirilən şəxslər, ardınca zərərçəkmiş, daha sonra şahidlər dindirilsin. Məhkəmə özü öz qərarına əməl etməlidir. Zərərçəkmişi dindirmədən şahidlərə keçmək olmaz”, – vəkillər etirazlarını əsaslandırıb.
Müdafiəçilər əlavə edib ki, dindiriləcək şahidlər hadisəni görməyib. Məhkəmədə hadisə əvvəl təqsirləndirilən şəxslərin dilindən səslənib, lakin qarşı tərəf danışmayıb. Bu mənada da zərərçəkmişin nə deyəcəyi vacibdir.
Hakim Elnur Nuriyev bildirib ki, hər məhkəmə iclasından əvvəl zərərçəkmişə bildiriş göndərilir, proses barədə məlumat verilir, lakin o gəlmir.
Vəkillər Fazil Mustafa haqqında məcburi gətirilmə qərarı çıxarılmasını istəyiblər. Onlar bu barədə vəsatət qaldırıblar.
Lakin hakimlər bu vəsatəti təmin etməyib, zərərçəkmiş dindirilmədən məhkəməyə çağırılmış şahidlərin ifadələrinə başlamaq qərarı verib.
Təqsirləndirilən şəxslərdən biri Azər Səricanov məhkəmənin qərarına belə reaksiya verib:
“Onsuz da hamı bilir ki, bu, məhkəmə deyil, hamısı oyundur, şoudur”.
Bundan sonra şahidlərin dindirilməsi başlayıb.
Səbail Rayon Polis İdarəsinin əməkdaşı, çavuş Elməddin Əliyevin ifadəsindən məlum olub ki, o, Zabrat qəsəbəsində, Fazil Mustafanın yaşadığı evin yaxınlığında yaşayır. Hadisə vaxtı atəş səsi eşidib küçəyə çıxdığını deyən şahidin sözlərinə görə, ətrafda heç bir hadisə görməyib, nə baş verdiyini də bilməyib. Lakin kürəyində boz rəngli çanta, başında papaq olan ucaboy bir adam onun yanından keçib gedib. Onun sözlərinə görə, yanından keçən həmin şəxs həyəcanlı görünmürdü:
“Təxminən mənimlə yaşıd olardı”.
Elməddin Əliyev istintaqa ifadəsində bildirib ki, gördüyü şəxs yanından keçəndə yerə tüpürüb. Həmin adamın boyu 1 metr 72 santimetr, yaşı isə 30 olardı.
Həmin ərazidə yaşayan digər şahid İslam Zeynalov bildirib ki, o, hansısa hadisənin yox, səsin şahidi olub. O da atəş səsi eşidib, küçəyə çıxıb, lakin heç nə görməyib. Onun sözlərinə görə, 6-8 dəfə atəş açılıb. Uzun illər hərbçi işlədiyini, hazırda ehtiyatda olan zabit olduğunu deyən İslam Zeynalovun sözlərinə görə, səsindən güllənin hansı silahdan açıldığını müəyyənləşdirə bilir. Atəş səslərindən müəyyənləşdirib ki, güllələr “Kalaşnikov” avtomatından atılıb:
“6-8 güllə atıldı. “7.62”nin səsi idi”.
Daha sonra məhkəmədə Samir Eyyubov, Saleh Ağayev də şahid qismində ifadə verib.
Saleh Ağayev ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərdən Səbuhi Şirinovun Binəqədi rayonu ərazisində yerləşən evində axtarışda iştirak edib. Evdən dini məzmunlu kitablar, 15 min manat da pul tapılıb. Pulları onun gözünün önündə sayıblar.
Səbuhi Şirinov isə bildirib ki, onun evində pul olmayıb, 15 min manat isə saxlanılanda üstündə olub. O, hal şahidi kimi dindirilən şəxslərin onun evindəki axtarışda iştirak etmədiklərini deyib.
Məhkəmə prosesi martın 29-da davam edəcək.
Fazil Mustafaya qarşı silahlı hücum martın 28-də saat 21:51-də onun yaşadığı evin qarşısında – Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında baş verib. Deputat bud və çiyin nahiyəsindən xəsarət alıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 228 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə), 274 (dövlətə xəyanət), 277 (dövlət xadimi, ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, fəaliyyətinə görə qisas almaq məqsədilə həyatına sui-qəsd etmək) maddələrilə ittiham irəli sürülüb.
İttihama əsasən, deputata qarşı sui-qəsd planı İranda müzakirə olunub. Daha sonra bu planın icrası üçün Bakıya 30 min dollar pul göndərilib. Həmin vəsaiti təqsirləndirilən şəxslərdən Rəşad Əhmədov gətirib Azər Səricanova verib. Hadisədən sonra bu puldan da Səbuhi Şirinova verilib.
Təqsirləndirilən şəxslər ifadələrində bildiriblər ki, Fazil Mustafanı dini fikirlərinə görə cəzalandırmaq qərarına gəliblər. Lakin onu öldürmək istəməyiblər. Bu səbəbdən də atəş onun həyati əhəmiyyətli orqanlarına yox, çiyin və bud nahiyəsinə açılıb.