Deputatlar yanğın və sığorta problemindən danışdı
“Bəzi hallarda insanlar öz əmlaklarını sığorta etmir. Bir hadisə baş verəndə də dövlət bu məsələni öz üzərinə götürür”.
Milli Məclisin iclasında çıxış edən deputat Siyavuş Növruzov belə deyib.
O, Bakıda ticarət mərkəzində baş verən son yanğın olayını misal çəkərək bildirib ki, bu məsələ qanunvericiliklə tənzimlənməlidir. Deputat qeyd edib ki, prezident İlham Əliyev hadisə ilə bağlı keçirdiyi müşavirədə sığorta ilə bağlı göstəriş verib:
“Bununla bağlı müvafiq qanin layihəsi hazırlanmalı və insanların əmlakının sığortalanması məsələsi qanunda əksini tapmalıdır. Naxçıvanda demək olar ki, sığorta olunmamış ev qalmayıb. Onlar aylıq sığortanı ödəyir. Əgər hansı hadisə baş verərsə, sığorta şirklətləri məsuliyyəti öz üzərilərini götürürlər”.
“Bu, vətəndaşa xidmət yox, əzab vermək oldu”
Deputat Fazil Mustafa bildirib ki, ölkədə müəyyən islahatlar getsə də, müvafiq qurumlar üzərlərinə düşən işləri yetərincə yerinə yetirmir:
“Son yanğın hadisəsində də öz vəzifəsini yerinə yetirən yalnız Prezident İlham Əliyev oldu. Amma həmişə belə yüklərin altına dövlətin girməməsi üçün sığorta sistemi ilə bağıl inamlı sistem yaradılmalıdır. Azərbaycanda insan yüz minlərlə pul verib ticarət mərkəzində yer alır, ancaq sahibkarın dəftərində adı olur – nə mülkiyyət hüququ var, nə də icarə müqaviləsi. Təbii ki, sahibkar əsl mülkiyyətçi olsa, əmlakını sığortalamaqda maraqlı olmalıdır. Yaxud da icarə müqaviləsi bağlananda tələb qoyulmalıdır ki, əmlak mütləq sığorta olunsun. Bu, qanunvericilikdə də əksini tapır”.
Deputat bir çox qurumları da tənqid edib:
“Burada Azərbaycan Prezidentinin islahatlarını yandırmaq cəhdindən söhbət gedir. Ölkədə tikinti və s. məsələlərlə bağlı sərəncamların verilməsi dayanıb. Artıq 5-6 aydır ki, icra hakimiyyəti başçıları sərəncam vermir. Nəyisə gözləyirlər. Amma insanlar işləməlidir. Yaxud da gözəl layihə olan “ASAN Xidmət”ə bir də “Asan İmza”nı qoşublar. İş adamları günlərlə gözləyr ki, “Asan İmza”nı yeniləyib sertifikat alsın. Bu, vətəndaşa xidmət yox, əzab vermək oldu. Bu cür addımlarla atılan gözəl işlərə kölgə salınmamalıdır. Bu, cəmiyyəti xaosa sürükləməkdir. İnsanlara bu qədər dövlət vəsaiti ayrılır, şərait yaradılır k, vətəndaş dirçəlsin, belə hallar olur. İş adamı iş yeri açmalıdır ki, insanlar işləsin. Sığorta sistemi canlandırılmalıdır ki, iş adamları mal-mülkü sığorta etdirsin. Biz bunu edə blməsək, sonra büdcədə başqa işlərə pul tapa bilməyəcəyik ”.
“Xalqın sığorta şirkətlərinə inamı azdır”
Deputat Fəzail Ağamalı da deyib ki, bu kimi hadisələrdə məsuliyyəti dövlətin üzərinə qoymaq olmaz:
“Gələcəkdə də belə və buna oxşar hadisələrin olacağı qaçılmazdır. Biz elə etməliyik ki, belə hadisələr baş verəndə məsuliyyəti sığorta şirkətləri üzərinə götürsün. Bu gün Azərbaycandakı sığorta şirkətləri üzərinə düşən vəzifəni yerinə yetirmədiyindən xalqın onlara inamı azdır. Çünki daşınan və ya daşınmaz əmlakla bağlı yanğın hadisəsi baş verəndə sığorta şirkətləri vətəndaşı süründürməçiləyə salır”.
Deputat Azərbaycanda sığorta institutunun işlək vəziyyət gətirilməsi və inam yaratmaq üçün mexanizm hazırlanmasını təklif edib.