”Özümüzü statistik rəqəmlərlə aldatmayaq”
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun Azərbaycanda hər il 1200-ə yaxın məktəblinin abort etməsi barədə açıqlaması ictimai və rəsmi dairələrdə birmənalı qarşılanmayıb.
Hətta deputat Fazil Mustafa da açıqlama barədə sərt münasibət sərgiləyib.
“Ölkəmizdə faciə buradadır, başqa yerdə axtarmayın. Bu rəqəm hələ az göstərilib, bu sahədə çalşan həkim bandaları da var, məsələni ört-basdır etmək müqabilində məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə cəlb edilməsini təmin edirlər”.
Deputat bildirdi ki, cinsi tərbiyənin tamamilə unudulması artıq qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəli olduğunu iddia edənlərin arqumentlərini gücləndirir:
“Məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birini təşkil edir. Özümüzü statistik rəqəmlərlə aldatmayaq, bu sahədə Azərbaycan bəlkə də ən nəzarətsiz ölkələrdən biridir”.
Ancaq Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi-katibi, Doğuşayardım Komissiyasının cənub bölgəsi üzrə kuratoru Leyla Məmmədova Kamran Əsədovun açıqlamasını təkzib edib.
L.Məmmədova “Report”a
deyib
ki, burada söhbət sırf məktəblilərdən yox, yeniyetmələrdən gedə bilər:
“İlkin olaraq qabardılmalı məsələ erkən nikahlardır. Çünki abort olanda bu o demək deyil ki, yeniyetmə bunu öz istəyi ilə edib. Çox vaxt erkən nikahlar zamanı vaxtından əvvəl düşüklər, inkişafdan qalmış hamiləliklərin hamısı ümumi abortların statistikasında cəmləşir. Erkən nikah məsələsində söhbət təkcə məktəblidən getmir. Söhbət məktəbdən yayındırılıb ailə quran yeniyetmələrdən gedir”.
Hamiləliyin vaxtından əvvəl pozulması məsələsinə gəlincə, mütəxəssis vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı 10-19 yaşarası olanları yeniyetmə hesab edir: “Əgər hamilə qadının 18-19 yaşı varsa, o, öz arzusu ilə bunu sonlandıra bilər. Yox, əgər söhbət yetkinlik yaşına çatmayanlardan gedirsə, hamiləliyin 11-ci həftəsinə qədər onlara sonlandırma məsləhət görülür. Digər qalan məsələlər isə tibbi göstərişdir. Bu zaman da hamiləliyin 12-ci həftəsinə qədər həmin şəxsin qanuni nümayəndəsinin icazəsi ilə hamiləlik sonlandırıla bilər”.
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi-katibi əlavə edib ki, inkişafdan qalmış hamiləlik də statistikada abortların arasında qeyd olunur: “Yeniyetmə yaşlarında döldə qüsurun olması ehtimalı çox yüksəkdir. Bundan başqa, yeniyetmənin sağlamlığı ilə bağlı bədəndə tibbi göstəriş meydana çıxır ki, hamiləlik sonlandırılsın. Çünki yeniyetmə orqanizmi bir çox halda dölü tam yetişdirmək imkanına malik olmur”.
“Report” məsələni gündəmə gətirən təhsil məsələləri üzrə ekspert Kamran Əsədova da müraciət edib.
K.Əsədov hər il aidiyyəti dövlət orqanlarının müxtəlif statistik göstəricilər açıqladığını deyərək əlavə edib ki, o, təhsil araşdırmaçısı olaraq bunları toplayır, bu və ya digər yazılarda istifadə edir:
“Məlumatlarda qeyd olunur ki, 15-18 yaşlarında olan bu qədər xanım abort edilib. Əlbəttə ki, onların məktəbli olub-olmaması barədə məlumat yoxdur. Amma 15-16-17 yaşlarında olan şəxs qanunvericilik aktlarına görə məktəbli hesab olunur. İllər ərzində KİV-də çıxan rəqəmlərdən əgər aidiyyəti şəxslərin xəbəri yoxdursa, bu, artıq onların vəzifəsinin öhdəsindən gələ bilməməsi deməkdir. Bu rəqəmlər rəsmi saytlara istinad edilərək götürülüb”.
Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, 2012-2016-ci illər ərzində ümumilikdə 308 abort (2012-ci ildə 63, 2013-cü ildə 88, 2014-cü ildə 88, 2015-ci ildə 50, 2016-cı ildə 19) məhz 15-17 yaşarası olan qadınları əhatə edir. 2017-ci ilin statistikası isə hələ açıqlanmayıb.