Layihə barədə: Meydan.TV-nin “Meydanda yeddi sual” layihəsi peşəkar, siyasi, ictimai tərəflərini tanıdığımız, bələd olduğumuz insanlara fərqli baxış bucağından baxmağa, onları bir az daha fərqli tanımağa xidmət edir. Meydan.TV əməkdaşlarının hazırladığı 7 standart sualı cavablandırarkən, bu insanlar nə qədər səmimi ola biləcəklər, bunun özü də sualdır.
Budəfəki qonağımız Milli Məclisin deputatı Fazil Mustafadır
– Sizcə, ən böyük xəyanəti kimə etmisiniz?
– İçimdə ne zamansa kiməsə xəyanət etməyim barədə mühakimə yer almayıbsa, demək ki, kimsəyə xəyanət etməmişəm. Bu, siyasətə də, şəxsi həyata da aiddir.
– İndiyə qədər sizi utandırmaqda davam edən işiniz, ya hərəkətiniz hansıdır?
– Tabeliyimdə olan bir nəfəri illər öncə haqsız olaraq işdən çıxarmışdım, sonra üzrxahlıq etsəm də, hərdən xatırlayıram və hərəkətimdən utanıram.
– Həyatınızdan silmək istədiyiniz gün?
– Həyatımdan silmək istədiyim nə bir gün, nə də bir an var. Həyatım bütün məqamları ilə mənimdir və fatalist düşüncə həmişə önə çıxır.
– İlk siqaretinizi neçə yaşında çəkmisiz?
– İlk siqareti 14 yaşımda çekmişəm. Özümüzü qızlara göstərmək üçün siqaret çəkmək dəb idi. Ancaq çox qısa müddət çəkdim
–
Gənclikdə, ya sonra narkotiklərdən istifadə etmisiz?
–
Narkotikə həmişə nifrət etmişəm və tamını bilmirəm.
– Nə vaxtsa özünüzdən yaşca çox böyük, ya çox gənc, ya da evli qadına vurulmusuz? Sirr deyilsə, sonu necə olub?
– Bilmirəm, vurulmaq sayılar, sayılmaz, ancaq öz yaşıdlarımdan birinə sevgi hissim olub, nəticəsi də bir neçə nakam sevgi haqqında yazılmış şeirlə yekunlaşıb. Ancaq deyəsən mənə çox vurulanlar olub, baxışlara və ismarışlara nədənsə qarşılıq verməmişəm.
– Tək qalsanız, özünüzə hansı yeməyi bişirə bilərsiniz?
– Ən mükəmməl bişirə bildiyim yemək buxarda kartof qızartmaqdır. Üzərinə də soğan doğrayıb, bişirərdim.