Fazil Mustafa: Bayram ərəfəsində qapanmaya getməyə ehtiyac yoxdur

Milli Məclisdə qapanmaya, bahalaşmaya və inhisarçılığa etiraz

Source: Meydan TV


Milli Məclisdə qapanmaya, bahalaşmaya və inhisarçılığa etiraz

“Bayram ərəfəsində qiymətlər qalxmaqdadır. Amma buna adekvat gəlir vətəndaşın evinə girmir. Hər yeri bağlamaq, rayonlara yolların bağlanması da doğru qərar deyil”.

Milli Məclisin martın 9-da keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, Novruz bayramı ərəfəsində Operativ Qərargahın yenə hər yeri qapadacağı ilə bağlı insanlarda qorxu var:

“iş yerləri yeni açılıb, insanlar indi işə başlayıb. Kafe-restoranlar, digər iş yerləri yeni açılıb. İnsanlar yenidən qapanma olacağından qorxur. Hesab edirəm ki, əsas hədəfimiz insanların çalışma yerindən uzaqlaşmaması və işləməsidir. Yenidən qapanmaya, iş yerlərinin bağlanmasına ehtiyac yoxdur.

Bundan başqa, bayram tətili günlərində vətəndaş rayona gedə bilər. Digər tərəfdən, polislərin də vəziyyətini düşünmək lazımdır. Polislər hərarəti yox, icazəni yoxlayır. Bu zaman xəstə insan polisləri də xəstələndirə bilər. Digər tərəfdən, icazə sistemi ilə tıxaclarda insanlar əziyyət çəkir. Başa düşürəm ki, sağlamlıq üçün epidemioloji vəziyyəti nəzarətə götürmək olar. Ancaq rayonlara gediş-gəlisi bağlamaq doğru deyil. Belə olan halda, şəhərdə tıxac da azalar”.

Deputat vurğulayıb ki, qapanmaya getməkdənsə, vaksinasiyanı gücləndirmək lazımdır:

“Bəzi ölkələrdə artıq yaşıl pasport verilir və bizdə də bu sistem tətbiq olunmalıdır”.


Əli Məsimli: “Benzinin bahalaşması bütün sahələrdə qiymət artımına səbəb olub”

Deputat Əli Məsimli bildirib ki, yanvarda benzinin qiymətinin 10 qəpik artması bütün sahələrdə qiymət artımına, bahalaşmaya səbəb olub və bu, insanların maddi durumuna çox ciddi təsir edir və narazılıq yaradır.

O qeyd edib ki, bahalaşmada inhisarçılıq da mühüm rol oynayır:

“İnhisarçılığın hələ də davam etməsi qiymət artımı və bahalaşmanı şərtləndirir. Odur ki, süni qiymət artımına, bahalaşmaya, inhisarçılığa qarşı ciddi ölçülər götürülməlidir”.

image_from_ios (6).jpg
Sahibə Qafarova


Spiker: “Hərbçilərin problemlərinin həlli bundan sonra da diqqətdə olacaq”

Milli Məclisin sədri Sahibə Qafarova hərbi qulluqçuların maaşlarına müddətli əlavələr edilməsi məsələsinin həllini tapdığını bildirib.

“Ölkəmizdə ordu quruculuğu ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Şanlı Ordumuzun nailliyyətləri Milli Məclisin iclasında da yüksək qiymətləndirilib. Hərbi qulluqçuların təminatının yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu yaxınlarda hərbi qulluqçuların maaşlarına müddətli əlavələr edilib. Bu qərar zaman tələb edən bir prosesin nəticəsində qəbul olunub. Onların problemlərinin həlli bundan sonra da dövlətimizin diqqətində olacaq”.


Zahid Oruc: “YAP-da yeni komandanın yaradılması əvvəlki səhvlərin təkrarlanmaması üçün yolların tapılması deməkdir”

REAL Partiyasının üzvü olan deputat Erkin Qədirli bir neçə gün əvvəl keçirilən qurultay münasibətilə YAP-çı həmkarlarını təbrik edib:

“Üzvü olduğum partiya dövlət qeydiyyatına alınanda Siz məni təbrik etmişdiniz. Mən də özümə borc bilirəm ki, qurultay münasibətilə bütün YAP-çı deputatları təbrik edim”.

Deputat Zahid Oruc bildirib ki, ölkədə gedən son proseslər hakim partiyanın da yenilənməsini tələb edir:

“Ona görə də, Yeni Azərbaycan partiyasında həyata keçirilən struktur və kadr dəyişikliyi mühüm hadisədir. Partiyanın yeni tərkib idarəedicilərinin formalaşması, onların şəxsən ölkə rəhbəri tərəfindən seçilməsi, reputasiyası ilə hakim qüvvəni təmsil etməyə qadir yeni komandanın yaradılması əvvəlki səhvlərin təkrarlanmaması üçün yolların tapılması deməkdir. Əks halda, YAP Siyasi Şurası bütövlükdə ləğv edilməzdi. Verilən qərarlar sübut edir ki, Prezident bütün siyasi qüvvələrin maraqlarının nəzərə alındığı bir ölkə qurmaq istəyir. Prezident yeni partiyalar sisteminin formalaşmasında maraqlı olduğunu sübut etdi. Qoy müxalifət də ideyaca yaxın olanlarla birləşsin, proqramlarını, ənənəvi fəaliyyət üsullarını dəyişsinlər, təşkilati strukturlar yeniləsin. Belə olarsa, ölkəmizdə canlı və aktiv bir siyasi mühit bərqərar olar”.

maxresdefault.jpg
Sabir Rüstəmxanlı


Sabir Rüstəmxanlı: “Azərbaycanda soyadların dəyişdirilməsi prosesi asanlaşdırılmalıdır”

Deputat Sabir Rüstəmxanlı bildirib ki, Azərbaycanda soyadların dəyişdirilməsi çox çətin prosesdir və prosesin asanlaşdırılmasına ehtiyac var:

“Bəziləri yuxarıdan göstəriş almayıb deyə buna mane olur. Məsələ parlamentdə dəfələrlə müzakirə edilib. Ədliyyə Nazirliyi göstəriş verə bilər ki, soyadlar yeni tələbə uyğun milliləşdirilsin. Böyük rüsumlar tələb edilir. Əhalinin buna imkanı yoxdur. Sizdən xahiş edirəm ki, bu təklifimi nazirliyə çatdırın. Yerli idarələrə tapşırılsın ki, vətəndaşların bu arzusunu yerinə yetirsinlər”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə bildirib ki, Ədliyyə Nazirliyi vətəndaşın istək və arzusunu icra edən orqandır və bu məsələdə heç bir problem yoxdur:

“İstənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər. Yeni doğulan uşaqlarla bağlı isə ümumiyyətlə, problem yoxdur. Kim istəsə, istədiyi sonluğu seçə bilər”.

Ana səhifəXəbərlərFazil Mustafa: Bayram ərəfəsində qapanmaya getməyə ehtiyac yoxdur