Fazil Məmmədov ötüstü hokkeyi niyə məhv etdi? (Təhlil)

Amma nazir hələ ki, güləşə ayırdığı maliyyəni dayandırmayıb

Source:


Amma nazir hələ ki, güləşə ayırdığı maliyyəni dayandırmayıb

Azərbaycanda daha bir  idman növü məhv olmaq təhlükəsilə üz-üzədi. Söhbət otüstü hokkeydən gedir. Bu idman növünün Azərbaycanda böyük ənənəsi var. SSRİ vaxtı Azərbaycanın otüstü hokkey komandaları ittifaq yarışlarında həmişə yüksək yerlər uğrunda mübarizə aparıblar.

Bu gün ənənəsi olan bir idman növü tamamilə baxımsız vəziyyətdədir. Otüstü Hokkey Federasiyasının prezidenti vergilər naziri Fazil Məmmədovdur.

Bu idman sahəsində vəziyyət o qədər acınacaqlıdır ki, bir müddət əvvəl məvacib ala bilməyən idmançılar aksiya da keçirdilər. Ancaq bu aksiyanın heç bir nəticəsi olmadı. Fazil Məmmədov problemi həll etmək üçün hansısa addım atmadı.

İdman mütəxəssisləri ötüstü hokkeydə baş verənləri bir müddət əvvəl Cüdo Federasiyasında yaşananlarla müqayisə edirlər. Qeyd edək ki, Cüdo Federasiyasının prezidenti keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov idi. O, nazir postundan çıxarılandan sonra cüdoya maliyyə ayırmaqdan nümayişkaranə surətdə imtina etdi. Cüdo sahəsi demək olar ki, başsız qaldı. Bu idman növü beynəlxalq yarışlarda Azərbaycanın medal ümidlərindən sayılırdı. Hakimiyyət vəziyyəti düzəltmək üçün federasiyanı ARDNŞ-in prezidenti Rövnəq Abdullayevə tapşırdı.

Mütəxəssislər bildirirlər ki, ötüstü hokkeydə vəziyyət o vaxt pisləşdi ki, Fazil Məmmədovun vəzifədən çıxarılacağı ilə bağlı məlumatlar yayılmağa başladı. Bu məlumatlar ölkə mətbuatında təxminən may ayından sonra yayılmağa başlayıb. İyul ayının 1-dən isə ölkədəki otüstü hokkey komandaları və yığmalar buraxılıb. Məlumatı federasiyanın mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev də lent.az-a açıqlamasında təsdiqləmişdi:

“Həmin tarixdən etibarən otüstü hokkey komandaları da buraxılıb. Ümumilikdə isə bu sahədə olan 400-500 nəfər, həm idmançılar, həm də məşqçilər və digər texniki heyət üzvü var. Onlara verilməli olan maaşın ümumi miqdarı isə 50 min manata yaxındır”.

Federasiya təkcə yerli idmançılara və mütəxəssislərə yox, əcnəbilərə də borcludur. Borcunu ala bilməyənlər isə noyabrın 12-də “Exelsior” otelinin qarşısında aksiya keçirdilər.

Ölkəni silkələyən bu aksiya Fazil Məmmədovu yerindən tərpətmədi.  Mütəxəssislər bildirirlər ki, nazirin problemə belə biganə yanaşması onun işində yaranacaq problemi ilə bağlı yayılan məlumatlarla paralellik təşkil edir. Yəni nazir əlavə xərcə düşmək istəmir.

Bunu həm də vergilər nazirinin hakimiyyətə qarşı saymazlığı kimi də qəbul edənlər var. Bütün hallarda idmançıların, mütəxəssislərin pulunun verilməməsi, Azərbaycanın imicinə ciddi zərbə vurur. Dövlət başçısı az qala hər çıxışında Azərbaycanın idman ölkəsi olduğunu vurğulayır. İdman ölkəsində idmançılar iyun ayından bəri məvacib ala bilmirlər.

Maraq üçün Ötüstü Hokkey Federasiyasının rəsmi saytına da baş çəkdik. Məlum oldu ki, federasiyanın saytında sonuncu xəbər iyulun 27-də yerləşdirilib. Azərbaycanda ənənəsi olan daha bir idman növü hansısa nazirin hikkəsinə qurban gedir. Hakimiyyət isə susur. Nə məvacibini ala bilməyən idmançılara bir söz deyə bilirlər, nə də hikkəli nazirə.


P.S.

Fazil Məmmədov həm də Güləş Federasiyasının prezidentidir. Amma nazir hələ ki, güləşə ayırdığı maliyyəni dayandırmayıb. Bunun üçün qorxulu səbəb var. Qarşıdan Braziliyada keçiriləcək olimpiya oyunları gəlir. Həmin oyunlarda 1-2 medalı Azərbaycana məhz güləşçilər gətirməlidir. Gətriməlidir ki, bu medalların parıltısında təbliğat qurulsun. Fazil Məmmədov güləşə maliyyə yardımını dayandırsa, vəzifədən çıxarılandan sonra həbsxanada yata biləcəyinin fərqindədir.

Ana səhifəXəbərlərFazil Məmmədov ötüstü hokkeyi niyə məhv etdi? (Təhlil)