Bir neçə ay əvvəl Milli Elmlər Akademiyasına yeni prezident təyin olunan Akif Əlizadə akademiklərlə tanışlıq toplantısında ilk açıqlamasını şeirlə vermişdi. Ötən gün isə AMEA prezidenti islahatlara başladığını dedi. O, bu islahatların gənc alimlərə yol açacağını söyləyərək, akademiyanın nəzdində olan institutların maliyyəsinin kəsiləcəyini də vurğulayıb. Akif Əlizadənin söylədiklərilə, eləcə də Azərbaycan elmində baş verənlərlə əlaqədar suallarımızı fizika elmləri doktoru Bəxtiyar Nəcəfova ünvanladıq.
–
Bəxtiyar müəllim, ənənəvi sualla başlayaq, Azərbaycan dövlətinin elmə münasibətindən razısınızmı?
– Zahirən baxdıqda, razıyam. Çünki çətin dövrdə dövlət elmə vəsait qoyub və bu işi davam etdirir. Lakin “bu vəsait kimlərin əlinə keçir, necə paylanır, elmin inkişafına necə xidmət edir” sualları başqa mövzudur.
–
Gəlin, elə bu mövzunu açın; kimin əlinə keçir, necə paylanır?
– Əslində, vəsait alimlər vasitəsilə realizə edilməlidir və elmi problemlər də onların qarşısında qoyulmalıdır. Əfsuslar ki, bu işi elmdə axsayan şəxslər həyata keçirir ki, bunlar doktorluq işini belə başqalarına yazdıranlardır.Onların əksəriyyəti AMEA-da kafedra və labarotoriya müdirləridir. Bu adamlar vəsaitin necə xərcləməsinin ustalığını, incəliklərini bilirlər. Həmin adamlar dövlət vəsaitini qrant adıyla başqalarına paylamaqla Azərbaycan elminə “xidmət” etmiş olurlar.
–
Yəni mənimsəmələr olur?
– Təbii. Söhbət elə mənimsəmədən gedir. Məsələn, hazırda elmi müəssisələrdə rəhbərlik SSRİ vaxtından qalan cihazları satıb sıradan çıxarıblar. Bunlar “biz Avropa modeliylə işləyəcəyik, köhnə cihazlar daha lazım deyil” adıyla həyata keçirilir. Beləliklə, dediyim şüar adı altında köhnə cihazlar məhv edilib, yenilərini almağa isə dövlətin vəsaiti çatmır. Bunun üçün böyük vəsait lazımdır, büdcədən 2015-ci il üçün elmə ayrılan 142 milyonla ölçülmür.
–
Büdcədən elmə ayrılan 142 milyon manat az deyilmi?
– 142 milyon alimlərin sosial şəraitinin qismən yaxşılaşmasına yetər. Maksimum halda bu pulla labarotoriyalara çox cüzi cihazlar almağa çatar.
–
Sosial vəziyyətdən söz düşmüşkən, alimlərin bu baxımdan durumu necədir, nə qədər maaş alırsınız?
– Mən elmlər doktoru kimi 350 manat maaş alıram. Təbii ki, bu maaş yol və mənzil pulunu ödəmir. Ömrümü elmə sərf etmişəm, millətçi olduğumdan işimi qoyub başqa sahələrə getməmişəm. Bəli, elm sahəsi çox çətindir. Çoxuna elmin özü sözdə asan görünür, amma çox çətindir, bu sahəyə baş vurmadan elmin mürəkkəbliyi və incəliyi hiss olunmur. Elmdə olan bilir ki, nəsə etmək üçün həyatını qurban verməlidir. Məhz həyatını qurban verənlərdən biri olmuşam.
–
Akademiyada belə alimlər varmı?
– Əlbəttə, var. Heç bir cəmiyyətdə savadsızlıq kütləvi şəkildə ola bilməz. Əksər dövlətlərdə savadlı kadrlar olur, sadəcə, onlarla işləməyin mexanizmləri düzgün qurulmur.
–
O zaman keçək konkret suala. Azərbaycan Prezident Administrasiyasının Humanitar şöbəsi, Milli Məclisin Elm və Təhsil Komitəsi, eyni zamanda, Nazirlər Kabinetinin analoji qurumu var. Hər üç qurumun Azərbaycan aliminə və elminə münasibətindən razısınızmı?
– Müəllim-tələbə nöqteyi-nəzərindən yanaşsam, hər üç quruma “2” qiyməti də yazmazdım, sıfır və ya bir yazardım. Düzdür, sıfır qiymətini ləğv ediblər, amma sovet dövründə var idi. “-1”, “-2” yazmaq olar.
–
Nə üçün?
– Çünki hər üç qurumda qeyri-peşəkarlar əyləşib, onlar elm sahəsində yetişməyiblər və millətə, vətənə biganədirlər.
–
Amma Prezident Administrasiyasının rəhbəri Fatma Abdullazadə alimdir, Milli Məclisdə müvafiq komitənin sədri Nizami Cəfərov akademikdir…
– Fatma Abdullazadəni iş icraçısı kimi tanımışam, partkom olub və s. Mən onun alim kimi fəaliyyətini heç zaman görməmişəm, ümumiyyətlə, bu barədə fakt da yoxdur. Fatma Abdullazdənin doktorluq dissertasiyasını başqaları yazıb, hətta bildirilir ki, bu işi Moskvada ermənilər yazıb.
–
Bu çıxışdan sonra sabah sizdən fakt istəməzlərmi?
– Mən eşitdiyimi deyirəm. Fatma Abdullazadə doktorluq işini mənə göstərə bilərmi? Yox, göstərə bilməz. Yaxud mən paytaxtın əksər kitabxanalarında aylarla işləmişəm, tək Fatma Abdullazadə yox, onun kimi başqa məmurlar, deputatlar, titullu insanları kitabxanada görməmişəm. Bu adamlar hansı kitabxanada olublar və necə oxuyublar ki, alim, akademik adını alıblar?! Bu suallar qalır və cavaba ehtiyacı olan suallardır. Hesab edirəm ki, elmə münasibət xüsusi idarə mərkəzindən təşkil olunub.
–
Hansı idarədən?
– Elə şeylər var ki, açıqlamağa ehtiyac yoxdur. Amma nəticə odur ki, bu, bir modeldir, işlənir. Bütün dövlətlərdə olub və bizdə də var.
–
Nədir bu siyasətin məqsədi?
– Məqsədi ölkəni sabit idarə etməkdir, inkişaf etdirmək yox. Məqsəd inkişaf olsaydı, mənim kimi millətçi, xüsusi regiondan olanla belə davranmazdılar.
–
Hansı regiondansınız?
– Heydər Əliyevlə qohumam. Amma mənə münasibət xalq düşməninə olan münasibətlə eynidir.
–
Niyə?
– Elə Heydər Əliyevin özünə də vaxtilə o cür münasibət olub. Bu, Azərbaycan cəmiyyətinin saxta və sürüklüyündən xəbər verir.
–
Sizə hansı münasibət var ki?
– Nə olacaq ki, heç oturmağa stulum yoxdur. Hazırda Radiasiya Problemləri İnstitutunda işləyirəm, amma oturmağa yerim yoxdur, gedib Fizika İnstitutunda işləyirdim. Mahmud Kərimovun AMEA prezidenti olduğu zamandı, onun mənə simpatiyası yox idi, ancaq fədai olduğumu bilirdi, ona görə çox toxunmurdu.
–
Niyə sizə işləməyə imkan vermirlər?
– Məqsəd qabağa getməyimə problem yaratmaqdır.
–
İnstitutun direktoru kimdir?
– Adil Qəribov.
–
Onun sizinlə nə şəxsi-qərəzliyi ola bilər?
– Heç bir şəxsi-qərəzliyimizyoxdur. Sadəcə, bu adam saxta akademik olsa da, elmi məsələ qoya bilmir, bunu edənləri isə görmək istəmir. Mənə deyir ki, sən Radiasiya Problemləri İnstitutunun yox, Fizika İnstitutunun işçisisən. Halbuki, əmək kitabçamda 35 il orda işlədiyim yazılıb. Bu adam institutdan getmək üzrədir, amma onu əvəz edəcək adam mən olsam da, Fatma Abdullazadənin həyat yoldaşı Oqtay Ələkbərov öz kadrını ora yerləşdirib. Oqtay Ələkbərov akademiyanın texniki institutlarına rəhbərlik edir. Oqtay Ələkbərovun özü fizika üzrə fəlsəfə doktoru olsa da, özünün 5 nəfər elmlər doktoru yetişdirdiyi söylənilir. Sual yaranır, bu adam özünə dokturluq işi yaza bilmirsə, başqalarına elmi məsləhətçi necə olur? Necə məsləhət edirsə, o cür də instituta direktor təyin edir.
–
Bəxtiyar müəllim, AMEA prezidenti Akif Əlizadə artıq akademiyanın tabeliyindəki institutlara maliyyə ayrılmayacağını və islahatlara başladıqlarını bildirib. Yalnız xüsusi müsabiqəli proqramlar büdcədən maliyyəşəcək, bununla o, gənclər yol açılacağını da əlavə edib…
– Gənclər üçün istiqamət çox gözəldir, çünki Azərbaycan elminin gələcəyi gənclərlə bağlıdır. Bəs gənclərdən əvvəlki nəsilə vəsait ayrılmamalıdır, yaxud onlar Azərbaycan elminə lazım deyil? Akif Əlizadənin dediklərindən belə çıxmırmı? İkincisi, Əlizadənin dedikləri mənasız və absurddur. Ona görə ki, o, sətiraltı alimləri hədələyir ki, siz mənim əlimdə vasitə olduğunuzdan istənilən zaman o pulu verə də bilərəm, verməyə də. Bu, qorxaq alimlər üçün bir əmrdir.
–
Bu əmri verməkdə məqsədi nədir?
– Çünki Akif Əlizadə köhnə, bürokratik sistemin adamıdır. Onun təfəkkürü, anlayışı yeni cəmiyyətə uyğun deyil və o, həmişə bürokratik cəmiyyətdə çalışıb. Eyni zamanda, işlədiyi institutda icraçı olub, elmlə məşğul da olmayıb.
–
Azərbaycan elmində hansı islahatlar getməlidir ki, dünyayla bərabər olmasa da, heç olmasa yaxınlaşa bilək?
– Birinci, “niyə Azərbaycan elmində xaotik sistem yaranıb və nəticə istiqamətlənmiş deyil” sualına cavab verilməlidir. Çünki dövlətin elm haqqında aydın proqramı, nizamnaməsi və məramnaməsi yoxdur. Elmə nəzarət edənlərin əksəriyyəti elmi-siyasi baxımdan savadsız adamlardır. Bunlar uzun müddət kommunist rejiminə xidmət ediblər, indi belələrilə yeni cəmiyyəti idarə etmək istəyirlər. Elmi ya qanun, ya da şəxslər idarə etməlidir. Düzdür, xeyli sahədə qanunlarımız mövcuddur, amma onu işlədən adamlar yoxdur. Ən əsası qanunu işlədə bilən adamın olmasıdır. Deyirəm ki, bugün dövlət proqramı yoxdur.Olsa belə bunu kim idarə edəcək?İndikilər edəcək və yenə bürokratik durum yaranacaq. Ümumiyyətlə, bu məsələdə iki istiqamət var: qanun və insan amili. Yəni elmə rəhbərlik edən insanlar. Ancaq bunların heç biri yoxdur.
–
Milli Məclis üzvləri qanunların qəbul edilməsindən danışırlar…
– Bəli, o Milli Məclis saxta yollarla seçilib. Onların heç birini xalq seçməyib, hamısı göstərişlə təyin olunub. Hər halda Milli Məclis üzvlərinin bir mənəviyyatı da olmalıdır da, şəxsiyyətlərınə hörmət etməlidirlər. Bacarmadıqları işi görməməlidirlər, yəni gedib Milli Məclisdə boşuna oturmalı deyillər.