“Təxminən yarım saat dəmir barmaqlıqlar arasında saxlanıldım”
İctimai fəal Fatima Mövlamlı oktyabrın 11-də Yasamal Rayon Polis İdarəsinin 29-cu bölməsində polis zorakılığına məruz qaldığını bildirib.
Bu barədə Fatima Mövlamlı “Facebook” səhifəsində məlumat və şəkillərini paylaşıb.
O, təkbaşına aksiya keçirən AXCP üzvü Tofiq Məmmədovun 29-cu bölmənin polisləri tərəfindən saxlanıldığını qeyd edərək bildirib ki, bölməyə gedib, onu növbəti hissədə yumruq, sillə və təhqirlə qarşılayıblar:
“Məni növbətçi hissənin yanındakı kameranın dəmir barmaqlarına sıxıb boynumdan və saçımdan tutaraq “indi səni də qeydiyyatdan keçirib göndərərik Tofiqin yanına” deyə qışqırdılar. Təxminən yarım saat dəmir barmaqlıqlar arasında saxlanıldım. Bölmə rəisi məni qəbul etdi, ondan döyülən anın video görüntülərini tələb etsəm də, müşahidə kameralarının işləmədiyini söylədi, bu, rəzillik idi”.
F.Mövlamlı onu sahə inspektoru Vüqar Əliyevin döydüyünü qeyd edib. Amma digər polis mülki geyimdə olduğundan tanımayıb.
29-cu Polis Bölməsinin növbətçisi hissəsindən sualları Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə ünvanlamağı məsləhət biliblər.
DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov Meydan TV-yə deyib ki, Azərbaycan mentalitetində qadına qarşı zorakılıq mümkün deyil:
“Ancaq bu məsələni araşdırıb məlumat yayacağıq”.
Oktyabrın 11-də AXCP-nin Astara Rayon Təşkilatının üzvü Tofiq Məmmədov Yasamal rayonunda təkadamlıq aksiya keçirərkən saxlanılıb.
Tofiq Məmmədov “Paltarlarımı 1 manata satıram” şüarıyla aksiya keçirib.
Tofiq Məmmədovu Yasamal Rayon Polis İdarəsinin 29-cu bölməsinə aparıblar.
Son məlumata görə AXCP üzvü 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham olunaraq 10 sutka inzibati cəza alıb.
Tofiq Məmmədov
ötən il də bir neçə dəfə inzibati cəza alıb.