''Fariz Namazlı ilə Əsabəli Mustafayevin adı hesabat müəllifləri arasında olmayıb''

Bugünlərdə açıqlanmış vahid siyasi məhbus siyahısı, həmin hesabatda vəkilliyin durumu barədə yer alan fikirlər Vəkillər Kollegiyası rəhbərliyinin etirazına səbəb olub. Kollegiyanın mətbuat xidməti məsələ ilə bağlı açıqlama yayıb.

Azərbaycanda vəkillərə qarşı repressiv siyasət aparılması, siyasi məhbuslara hüquqi yardım göstərə biləcək vəkillərin azlığı, regionlarda müdafiə mexanizmlərinin olmaması ucbatından müdafiənin təmin olunmaması haqda fikirləri Kollegiya rəhbərliyi qəbul etmir.

Hesabat və vahid siyasi məhbus siyahısı yayılarkən onu hazırlayan müəlliflər arasında Vəkillər Kollegiyasının üzvləri Əsabəli Mustafayev və Fariz Namazlının adları da çəkilib. Meydan TV sonradan dəqiqləşdirmə aparıb və yanlışlığı düzəldib, onların adlarını silib.

"Hesabatla Kollegiyanın “repressiv fəaliyyət”i barədə böhtan xarakterli məlumat verilməklə ictimaiyyətdə elə təsəvvür formalaşdırmağa çalışılır ki, sanki Əsabəli Mustafayev və Fariz Namazlı öz təmsil olunduqları qurumu fəaliyyətinə görə tənqid edirlər.

Vəkillər Kollegiyası qeyd olunan hesabatı onun ünvanına atılmış böhtan olaraq qiymətləndirir. Vəkillər Fariz Namazlı və Əsabəli Mustafayev Vəkillər Kollegiyasının Rəyasət Heyətinə yazılı müraciət edərək, qeyd olunan İşçi Qrupun üzvü və hesabatın həmmüəllifləri olmadıqlarını, habelə hesabatda onların imzalarının olmadıqlarını bildiriblər.

Vəkillər Kollegiyası təəssüf hissi ilə bildirir ki, hesabatın müəllifləri Vəkillər Kollegiyasının üzvlərinin adlarını İşçi Qrupun üzvləri sırasına daxil etməklə hesabata mötəbərlik xarakteri verməyə cəhd edib.

Vəkillər Kollegiyası adı çəkilən hesabat müəlliflərinə qəti etiraz etməklə bu cür qanunsuz və saxta üsullara son qoymağa çağırır", - Vəkillər Kollegiyasının açıqlamasında yazılıb.

Adları çəkilən vəkillər adlarının səhvən bəzi media orqanlarında yer aldığını və İşçi Qrupun özünün müdaxiləsindən sonra yanlışın aradan qaldırıldığını bildiriblər.

"Mən İşçi Qrupun üzvü deyiləm. Bəzi media orqanları səhvə yol verib. İşçi Qrupun üzvləri bundan xəbər tutan kimi özləri həmin media orqanlarına müraciət ediblər və bizim adlarımız müəlliflər siyahısından çıxarılıb", - F.Namazlı bildirib.

Vahid Siyasi Məhbus siyahısı üzrə İşçi Qrupun üzvü Xədicə İsmayıl deyir ki, heç zaman Ə.Mustafayev və F.Namazlının bu qrupun üzvü olduğunu qeyd etməyiblər. Onun sözlərinə görə, İşçi Qrupun üzvləri arasında Vəkillər Kollegiyasının üzvü olan vəkil yoxdur: "Vəkillər bizim araşdırdığımız işlərdə müdafiəçi qismində çıxış etdikləri üçün biz maraq konfliktini nəzərə alıb, onlara üzvlük üçün müraciət etməmişik. İşçi Qrup heç zaman bu vəkillərin qrup üzvü olduğunu deməyib. Vəkillər Kollegiyasının rəhbərliyi əksini iddia etməklə böhtan atır. Biz fədakar vəkillərə çoxsaylı siyasi məhbusların işində göstərdiyi əvəzsiz fəaliyyətə görə onlara minnətdarıq və Vəkillər Kollegiyasının onlara yaratdığı narahatlığa görə təəssüfümüzü bildiririk. Təəssüf ki, Vəkillər Kollegiyası vəkillərə yalnız narahatlıq yaratmaqla məşğuldur”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/01qcen

Ən çox baxılan