Mənbə: Meydan TV

Faiq Sücəddinov: Hər bəstəkarlıq fakültəsini bitirən bəstəkar olmur

Məqalə yeniləndi:  14 İyul 2021

Faiq Sücəddinov: Hər bəstəkarlıq fakültəsini bitirən bəstəkar olmur

Telekanllarda bayağı musiqilərdən şikayətlənənlər az deyil, onlardan biri də bəstəkar Faiq Sücəddinovdur. Faiq müəllimlə söhbətimizdə yalnız bu məsələylə deyil, musiqi təhsili, bəstəkarlıq və digər sual yaradan məqamlara toxunduq.

- Faiq müəllim, pandemiya yaradıcılığınıza necə təsir etdi?

- Oktyabrda özüm xəstələndim, o zaman xəstəliyin gücünü hiss etdim, o dərəcədə halsız idim ki, 3-5 dəqiqə ayaq üstə dayana bilmirdim və atəşim güclüydü. Nəticədə 8 gün xəstəxanada yatdım, 15 gün də bərpa prosesi keçdim, şəkərim olduğu üçün də çox pis keçirdim, 7 kiloqram çəki itirdim. Bu xəstəliklə zarafat etmək olmaz, kimsə deyirsə ki, boş şeydir, onunla söhbət etmək istəmirəm, insanlar koronavirusun ciddiliyini başa düşməlidir. Ümumiyyətlə, insan öz xəstəliyinə qarşı da mədəniyyətli olmalıdır. Təsəvvür edin ki, bərpa prosesi zamanı 15 gün nəfəs almaqda əziyyət çəkəsi oldum. Tibb bacılarına təşəkkür edirəm ki, məni ayaq üstə qaldırdılar. Təbii ki, təkpalatalı yerdə qalırdım, tezdən oyanıb çöldəki bir ağacla söhbətləşirdim, çox qəribə hisslər idi, xəstəxananı tərk edəndə, taksiyə oturdum və ağaca çatanda, maşını saxladım, bir anlıq ağaca baxıb, getdim. Yaxşı ki, xəstəliyin üstünə tez düşdün, bilirsiniz, atam yaxşı həkim olub, yoldaşım da, qızım da həkimdir, bu amillər də rol oynadı. Bütün həkimlərə təşəkkür edirəm, bu dövr onlar üçün ağır oldu, çox həkimlərimizi itirdik, Allah rəhmət etsin.

- Əksər vaxtlarda bayağılığı təbliğ edirlər deyə yerli telekanallardan şikayət edirsiz. Artıq internet, sosial şəbəkələr, digər onlayn platformalar var, hansı ki, TV-ləri sıxışdırır. Sizcə, bu gedişlə dörd-beş ildən sonra ənənəvi medianı nə gözləyir?

- Televiziya maraqlı olsa, yeni fikirlər, gənclər gəlsə, yəni hər şeyi sıfırdan başlamaq lazımdır, o zaman internet üstələyə bilməz. Amma bir məsələ var, mən də daxil uşaqlar belə, evdə hamımız telefonda nəyəsə baxırıq, deməli, orda maraqlı nələrsə olur ki, televiziyadan çox baxırlar. İkinci, “Youtube”da qadağa yoxdur, məsələn, mən “Tik-tok”a baxmıram, çünki biabırçılıq çoxdur, amma “Youtube”da çox maraqlı söhbətlər və musiqilər olur. Bəstəkar kimi dünya musiqisindən agah olmalıyam, yeni nə baş verir deyə. Mən uzun zaman Şimalı Kıprısda ingilisdilli Doğal Dəniz Universitetində dərs demişəm, orda elə müəllimlər vardı ki, bir günlüyə gəlib dərslərini deyib gedirdilər, İsveçdən, Almaniyadan, Türkiyədən və başqa ölkələrdən. 7 il İngiltərənin Yokşir şəhərindən olan xanım Missilinda qonşum olub. Xanım Missilinda təsadüfən mənim pianinoda ifamı eşidib. Qapı döyüldü, açanda gördüm əlində tort gəlib. O, Motsartı, Bethoveni, Şopeni çalmağıma heyrətlənmişdi. Bundan sonra dostlaşdıq və məni ingilis diasporuyla qonaqlığa apardı. Bilirsiniz ki, ada vaxtilə Böyük Britaniyanın koloniyası olub. Bu müddətdə onların da, kiprlilərin də xalq musiqilərini dinlədim və həmin dövrdə kitab, 2 disk buraxdım. Kiprin tarixində bir ilk idi, Nikosiyada “Saray” otelində təqdimat oldu, Rauf Denktaşın qızı da gəldi. 2016-cı ildə növbəti dəvət gəldi, amma daha getmədim.

- Faiq müəllim, əvvəllər “Eurovision” mahnı yarışmasının Azərbaycan üzrə seçimlərində münsif üzvü olmusunuz. Son illər bu yarışma ilə bağlı iradlar çoxdur. Sonuncu təmsilçimiz Samirə Əfəndinin çıxışı zamanı da müxtəlif etirazlar oldu. Əgər ölkənin bu yarışmada kifayət qədər təcrübəsi varsa, niyə bu yarışmaya milli komanda cəlb olunmur?

- Ümumiyyətlə, bəlkə “Eurovision” mahnı yarışmasının da standartları var və yaxud biz hazır deyilik. Razıyam sizinlə, amma bu istiqamətdə söhbətlər var, zamanında olacaq. Bəstəkar var, yaxşı musiqi də var və bir gün bizim də musiqimiz səslənəcək, bəlkə gələn oldu.

- Hazırda ifa olunan mahnılarla bağlı nə deyə bilərsiz? Yazılan söz və musiqilər sizi nə dərəcədə qane edir?

- Bu gün televiziyada səslənən musiqi bizdən bir az uzaq düşdü. Sözlər Azərbaycan sözləridir, amma telekanallar musiqiyə qarşı diqqətli olmalıdırlar, yaxşı olmayan, bayağı musiqini efirə verməməlidirlər. Ötən əsrin 70-80-ci illərinin musiqilərindən söhbət düşəndə deyirlər “köhnədir”. Xeyr, köhnə deyil. Muğamlar, folklor, aşıq mahnıları, bunlar köhnəlmir, həmişə müasirdir, çünki bizik, tariximiz kimi bunları qorumaq lazımdır. Siz dediyiniz ondan yarandı ki, musiqiyə böyük axın oldu, hər bir oxuyan başladı zümzümə etməyə. Musiqi zümzümə deyil. Musiqinin notu olmalıdır, elmdir. Deyirlər “istedadlı adamdır”, təbii ki, istedadsız adam musiqidə heç nə edə bilməz. Amma istedadlı adamın da elmi bilməsi lazımdır.

- Bu məsələdə təhsilin zəifliyinin rolu oldumu?

- Yox, Konservatoriyada bəstəkarlıq fakültəsində mahnıdan söhbət getmir axı, orda Üzeyir bəydən başlayır prelüdalar, pyeslər, polifonik musiqisi, sonatalar, simfonik poemalar, tədricən böyük həcmli musiqlər öyrədilər, diplom işi isə böyük həcmli əsər olmalıdır. Amma çox bəstəkarlarımız olub, Fikrət Əmirov, Səid Rüstəmov... Yadıma gəlir, bir gün Tofiq Quliyev Emin Sabitoğluna dedi ki, sənə lazım deyil böyük həcmli əsər yazmaq, sən o qədər gözəl mahnılar yazırsan ki, onunla məşğul ol, o sənə şərəf və gözəllik gətirəcək. Emin Sabitoğlu konservatoriyanı Moskvada bitirmişdi. Hər bir bəstəkar öz yolunu tapır.

- Ancaq onunla razılaşarsınız ki, bütün xalq akademik musiqini dinləyə bilməz, onun bir hissəsi bayağı, digər hissəsi toy mahnıları, qalanı muğamı, sazı dinləyər. Yəni bütün xalqdan akademik musiqini dinləmək tələb etmək də olmaz, doğrudurmu?

- Məsələn, Gürcüstan. Orda heç nə dəyişməyib, xalq və estrada mahnıları yerindədir, 30 il əvvəl necəydisə, elə də qalıb. Bizdə əksinə, dəyişdi.

- Dəyişdi, yəni bayağılaşdı?

- Bəli, bayağılaşdı. Bütün Qafqaz xalqları bizim musiqimizi mənimsəyib, hamısı oxuyur, bədnam qonşularımız da. Mən hazırda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanovun məsləhətçisiyəm, biz “Youtube”da, qonşuların televiziya kanallarında yayılan mahnıları dinləyirik. Bu yaxınlarda sözləri Əhməd Cavadın, musiqisi Üzeyir bəyin “Çırpınırdı Qara dəniz” mahnısını Avraam Ruso kamança vasitəsilə ifa edirdi, sözləri də Kamitasın, o cümlədən, “Uzun dərə”, “Aman Tello”, “Köhnə Bakı” rəqsləri, nota köçürdükdə, kiloqramlarla mahnı edər.

- Bunları beynəlxalq səviyyədə qaldıra bilmisinizmi?

- Gücümüz yalnız etiraza çatır, halbuki, üçüncü hakim qurum olmalıdır ki, bunları danışaq. Rusiyada ORT-nin “Mayak” radiosunda bütün bəstəkarların mahnıları var. Məsələn, orda kartotekada “Sənə də qalmaz” mahnısı Tofiq Quliyevin adına qeyd olunub, amma qonşularımız istinad etmədən oxuyurlar. Başqa mahnıları da, mənim də mahnılarımı. Yaxud “Mir” telekanalında aşpaz deyib “dolma Azərbaycan mətbəxidir”, axşam həmin hissəni kəsdilər və badımcan dolmasını erməni mətbəxində verdilər.

- Gəlin, söhbətimizi dolma səviyyəsinə endirməyək. Yeni müğənnilərdən kimləri dinləyirsiz?

- Sözün doğrusu, çox dinləmirəm, yarım dəqiqədə bilirəm musiqini, başlanğıcda hiss edirəm. Təbii ki, Azərbaycanda istedadlı oxuyanlar var. 1994-cü ildə “Azəristar” musiqi yarışması oldu, sonra ATV kanalında davamı oldu, çoxlu istedadlı qızlar və oğlanlar gəldi. Məsələn, bu gün Zabitə Alıyeva, Ayşəm Mehdiyev, hər ikisiylə işləmək maraqlıdır, istedadlı uşaqlardır.

- Faiq Ağayevlə, Aygün Kazımovanın son dövrlər ifa etdikləri mahnılar haqqında nə deyə bilərsiz?

- Təbii, mən Aygün Kazımovaya mahnı da vermişəm, “Dola mənə qolunu”. Aygün Kazımova çox çətin yollarla gəlib musiqiyə, o, peşəkardır, “Böyük Kreml Sarayı”nda oxuyub. Rəşid Behbudov deyirdi ki, “hər oxuyanda vətəni tərənnüm etmişəm”, olub ki, mikrafon xarab olub, amma yenə davam edib. 1957-ci ildə Rəşid Behbudov Fikrət Əmirovun “Sevil” tamaşasında 8 dəfə səhnəyə çıxıb, bütün Bakı Balaşın ariyasını oxuyurdu. Yaxud Şöhkət xanım, Elmira Rəhimova, bütün çətin mahnıları oxuyurdu. Flora Kərimova - kino musiqiləri onluq idi. İlhama Quliyeva, bunlar fədakar idi. Gülağa Məmmədov, ağır şəkəri vardı, gözlərinə də təsir etmişdi, bir dəfə eynəyi tulladı ki, imtina edirəm, konsertdə davam etməliyik.

- Azərbaycanda bəstəkarlıq təhsilinin durumu necədir? Məsələn, sizin özünüz oxuduğunuz kafedrada öyrəndikləriniz nə dərəcədə işinizə yaradı? Bu mənada təhsildə sizə öyrədilən lazım olubmu və indiki vəziyyətdən xəbəriniz varmı?

- Durum eynidir: müəllim, tələbə və tədris. Zeynal Vəfanın “Kimlər gəldi, kimlər getdi” sözlərini xatırlayaq, orda Qara Qarayev dərs deyib, Cövdət Hacıyev, Xəyyam Mirzəzadə, Cahangir Cahangirov, Emin Sabitoğlu dərs deyirdi. Qara Qarayevin hər bir dərsi möcüzəydi, Soltan Hacıyev, Cövdət Hacıyev - onlar musiqinin texnikasını öyrədirlər. Polifonik musiqini yazandan sonra sən şahmatı yaxşı oynamağa bacarırsan, başdan ayağa riyaziyyatdır. Musiqi çətin sənətdir. Mən Asəf Zeynallı adına məktəbi pianoçu kimi bitirmişəm, 6 saat pianinonun arxasında oturmaq olar? Özü də yay vaxtı, Bakıda, qammalar çalmaq hər kişinin işi deyil. Onun üçün Kiprdə xanım Missilinda heyrətlənmişdi də. Mən, küçədən çıxmış oğlan, “Şamaxinka”da yaşayan oğlan, oxuyurdum, 7 yaşımdan evdən çölə çıxmırdım, halbuki, dostlarım çöldə futbol oynayırdı. Beləliklə, 18 yaşımda “Azərbaycan” kinoteatrında orkestrdə çalmağa başaldım, kimlər gəlmirdi ora. 20 yaşımda estradaya gəldim, Vaqif Mustafazadə, “Qaya”, Anatolu Qəniyev, Gülağa Məmmədov, Müslüm Maqomayev, hamısı ilə təmasdaydım. Sonra oranjımançı kimi işlədim, konservatoriyanı bitirəndən sonra sırf yaradıcılıqla məşğul oldum.

- İndi bəstəkarlıq dərsləri necədir, xəbəriniz varmı?

- Yenə deyirəm, Qara Qarayev və digərləri yoxdur. Amma həmin tədris, bilik qalıb və Qarayevdən, Aqşin Əlizadədən və digərlərindən dərs alanlar ordadır. Təbii ki, onlar davamçıdırlar.

- Niyə bu məsələnin üzərində qalıram, səbəbini deyim. Hər il Bakı Musiqi Akademiyası 2-3 bəstəkar istehsal edir, elə 1-2 nəfər də Milli Konservatoriya. Hər halda 5-6 nəfər az deyil. Onlara həmin təhsil ocaqları nə öyrədir və bunlar kömək edirmi, yəni lazımlı, gərəkli şeylər öyrədirlərmi? Məsələ ondadır ki, sonradan bunlar yoxa çıxırlar. Bu mənada yeni bəstəkarlardan kimlərinsə adını çəkə bilərsinizmi?

- Hər bəstəkarlıq fakültəsini bitirən bəstəkar olmur, o, bəstəkardır, Konservatoriyanı 5 qiyməti ilə bitirib, o demək deyil ki... Məsələn, o başlayır simfonik musiqi yazır, yaxud musiqi məktəbində dərs deyir. Bethovenin və Baxın 3 oğlu olub, hamısı bəstəkar olub, amma ataları kimi olmayıblar. O cümlədən, bizim nəhəng bəstəkarlar, onların da bir neçəsinin övladları bəstəkardır, amma tanınmır. İnanmayın belə şeyə, atası nəhəng olubsa, övladı da elə olmalı deyil.

- Mən demirəm ki, nəhəng olsunlar, amma bunlar məktəb bitirirlər, az deyil, 5 nəfərdən 2-si bəstəkar olmalı deyilmi?

- Hər bir mühəndis məktəbini bitirən gözəl mühəndis ola bilərmi? Yaxud Tibb Universitetini bitirən 10 nəfərdən ikisi məşhur həkim ola bilir. Məsələ ondadır ki, mənim gözəl məktəbim olub və çox adamla işləmişəm.

- Nazirlər Kabinetinin 2006-cı ildə təsdiqlədiyi bəstəkarların əsərlərinə görə ödənən qonorar cədvəli var. Bəs dövlət sizdən əsər alırmı və qiymətlərlə razısınızmı?

- Son zamanlar alış bir balaca çətinləşib, bilirsiniz ki, müharibədən çıxmış dövlətik. Amma müəllif hüquqlarından gəlir olur, tamaşalardan, konsertlərdən, tədricən teatrlar açılır, mexanizm işləməyə başlayıb. Dediyiniz məbləğ bir az azdır, mən yenə də irəliyə ümidlər baxıram. Məsələn, operetta yazmışam, zal yığılır, digər musiqilər çalınır, bunların hamısını izləmək çətindir, konsert idarələri yazmırlar, vermirlər, xoşagəlməyən işlər var. Amma tədricən bunlar öz yerini tutacaq.

- Məsələ ondadır ki, cədvəl 2006-cı ildə təsdiqlənib və ondan sonra 2 dəfə devalvasiya olub. Bu məsələni qaldırıb qiymət cədvələrində dəyişikliklər etməyə ehtiyac varmı? Və bu dövrdə dəfələrlə kommunal qiymətlər artıb. Bu qiymətlər sizi razı salırmı?

- Məsələ ondadır ki, heç kim bahalaşmadan razı qalmır, amma yaşayırıq, yaradırıq, müharibədən çıxmış bir dövlətik. Mən xırdalamıram, hərbi sursatlara nə qədər xərc çəkilib, Allah şəhidlərimizə rəhmət etsin. Mayda təhlükəsizlik naziri (DTX rəhbəri nəzərdə tutulir – red) Əli Nağıyevin müraciəti ilə xor üçün general Polad Həşimov haqda “Paşam heyy” marşın yazdım, Şəmistan Əlizamanlı da dəvət olunub.

- “Sarı gəlin”in ilk oranjirovkası sizin sayılır və Akif İslamzadə də oxuyub. O, oxuyandan sonra mahnı olub Azərbaycan mahnısı. Amma həmin vaxta qədər "Sarı gəlin" nə xalq mahnısı kitabında qeydə alınıb, nə də kimsə oxuyub. Əvvəllər bu mahnı çap olunubmu?

- Həmin oranjirovkadan sonra Arif Məlikov məni çağırdı ki, Niyazi səni axtarır. Gəldim kabinetinə, dedi ki, “sənin nə ixtiyarın var “Sarı gəlin”i oranjirovka etmisən, başa düşürsən bu xalq mahnısıdır, çox diqqətli olmaq lazımdır?” Dedim: “Maestro, bir dəqiqə, xoşunuza gəldimi?” Cavab verdi ki, xoşuma gəldi, amma bu xalq mahnısıdır. Doğrudan da, mən onu sintez etmişdim, orkestrlə balaban çalırdı.

- Ancaq xalq mahnısı toplusunda bu mahnı yox idi...

- Mahnının başlanğıcını və ortasını yazmışdım, Cavanşir Quliyev səs rejissoru idi (Mahnını ifa edir).

- Kitablarda olmayıbsa, hardan tapıb oranjirovka etdiniz?

- Heç kim Akif İslamzadə kimi “Sarı gəlin”i oxumamışdı, o qədər yanğılı oxudu ki. Tarzən Hacı Məmmədov ona heyrətlə baxırdı. Akif İslamzadəyə həsr olunmuş gecədə özünə dedim ki, illər keçəcək gənclər onu dinləyəcək.

- 70-ci illərdə Azərbaycan bəstəkarları arasında türk radiolarıni dinləmək trendi olub, xüsusən Cavanşir Quliyev, Emin Sabitoğlu, siz. Və bu dinləmə sizin və həmkarlarınızın yaradıcılığına təsirsiz ötüşməyib. Çox güman ki, radioların birində “Sarı gəlin”i eşidibsiniz, belə olubmu?

- Yox, xalq mahnısıdır.

- Amma xalq mahnısı kitablarında yoxdur...

- Ümumiyyətlə, xalq mahnıları ilə bağlı iki kitab var, birinin redaktoru Fikrət Əmirovdur, o birininki Səid Rüstəmov. Bu mahnı çox müqayisəli şeydir, qonşularımız özlərinki sayır, onlarınkı deyil, ümumiyyətlə, qonşuların musiqidə nələri var, bizdən gəlib. İkinci, “Qaragilə” mahnısı. Deməli, Hacı Məmmədovla Niyazi 1941-ci ildə İrana gediblər, təsadüfən orda eşidiblər və böyük dirijor onu nota köçürüb və Şövkət xanım da onun 70 illiyində oxuyub. Niyazi onu Avropa musiqisi ilə sintez etmişdi.

- Bəs “Sarı gəlin” dediyiniz iki kitabda vardımı?

- Onu Akif İslamzadə gətirdi.

- Haradan?

- Xalq mahnısıydı da, çox xalq mahnılarımız var ki, bu gün oxunmur. Hərdən muğam ifaçıları təsnif kimi oxuyurlar.

- Bir də deyirlər ki, Akif İslamzadə “Anama deyin...” mahnısının musiqisini özü türk radiolarından eşidib...

- Qlinka deyirdi ki, bəstəkarlar xalq topluluqlarını götürüb bəstələyirlər. Hər bir bəstəkar milli olmalıdır, amma bilməlidir ABŞ-da nə yazırlar, hansı ladda, yaxud Türkiyədə, bunları bilməlidir, çünki sənəti belə tələb edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  14 İyul 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ldrzkh

Ən çox baxılan