Növbəti məhkəmə iyulun 24-də olacaq
İyulun 19-da Səbail rayon Məhkəməsində “Azadlıq” qəzetinin həbsdə olan yayım direktoru Faiq Əmirlinin növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Aytən Əliyevanın sədrlik etdiyi iclasda Faiq Əmirlinin vəkilləri ekspertiza keçirilməsi, bir sıra şəxslərin əlavə şahid qismində dindirilməsi barədə vəsatətlərlə çıxış ediblər. Onlar əlavə şahid qismində Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun, hazırda həbsdə olan AXCP üzvü Fuad Əhmədlinin dindirilməsini istəyiblər. Vəkillər deyiblər ki, Eldar Sultanov açıqlamasında Faiq Əmirlinin təqsirsizlik prezumpsiyası hüququnu pozub: “Fuad Əhmədli haqqında cinayət işində iddia olunur ki, guya onun evindən tapılan kağızda Faiq Əmirlinin telefon nömrəsinin qarşısında “İmam Faiq” yazılıb. Gəlsinlər, bu məsələləri aydınlaşdıraq”, – deyə vəkillər çıxışlarında bildiriblər.
Məhkəmə vəsatətləri təmin etməyib.
Vəkillər Aqil Layıcov və Fəxrədin Mehdiyev isə hakim Aytən Əliyevaya etiraz ediblər. Məhkəmə etirazı da qəbul etməyib.
Daha sonra iclasda bir sıra sənədlər tədqiq edilib. Faiq Əmirlinin maşınından tapıldığı iddia olunan disklərə baxış keçirilib. Həmin disklərdə Fethullah Gülenin ideyalarından ibarət səs yazıları olduğu iddia edilir. İttihama görə, Faiq Əmirli o disklərdəki materialları yayımlayıb. Vəkillər o disklərin sübutlar siyahısından çıxarılmasını istəyib. Bildiriblər ki, həmin disklərin Faiq Əmirliyə aidiyyəti yoxdur və disklər keyfiyyətsiz olduğundan orada deyilənlər anlaşılmır.
Məhkəmə vəsatəti təmin etməyib.
Bundan sonra məhkəmə istintaqının tamamlandığı elan edilib. Dövlət ittihamçısı çıxış edib , Faiq Əmirlinin 4 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti iclas iyulun 24-də keçiriləcək.
F. Əmirli 2016-cı il avqustun 20-də saxlanıb. O, Cinayət Məcəlləsinin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur. Rəsmi məlumatlarda onun avtomobilindən Fətullah Gülənə məxsus kitabların tapıldığı deyilir.
F. Əmirli isə ittihamları saxta hesab edir.