Faiq Əmirlinin səhhəti yenidən pisləşib

Lalə Əmirli: “Həbs edilməsi ilə müalicəsi yarımçıq kəsildi”

Source:


Lalə Əmirli: “Həbs edilməsi ilə müalicəsi yarımçıq kəsildi”

“Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirlinin səhhətinin yenidən pisləşdiyi bildirilir.

Məlumatı onun həyat yoldaşı Lalə Əmirli verib.

O, F.Əmirlinin səhhətindəki problemlərin daha da ciddiləşdiyini bildirib:

“Öd kisəsinin ağrıları şiddətlənib. Bundan əlavə, ürəyində də ağrılar baş qaldırıb. Qaytarma halları çoxalıb”.

L.Əmirli onun ağrılarının şiddətlənməsinə səbəb kimi ağır həbsxana həyatını göstərir:

“F.Əmirli müalicə altında idi və həbs edilməsi ilə müalicəsi yarımçıq kəsildi. O, pəhriz yeməkləri yeməlidir. Həzm sistemində pozğunluq var. Yediyi qidanı tez-tez qaytarır ”.

Lalə Əmirlinin açıqlamasına Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət almaq mümkün olmayıb.

F.Əmirli 2 həftə öncə səhhətindəki problemlərinə görə, 1 saylı Bakı İstintaq Təcridxanasında həkim müayinəsindən keçirilib. Vəkilləri onda bildirmişdilər ki, bu müayinə nəticəsində də Faiq Əmirlinin səhhətində yaranan problemlər aşkarlanıb. Sadəcə cəza evində müalicə ciddi nəticə vermir.

Faiq Əmirli ötən il avqustun 20-də saxlanıb. Yaxınlarda onun məhkəməsinin başlanacağı gözlənilir.

F.Əmirli əvvəlcə CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilirdi. Bu maddələrə görə, 5 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bu yaxınlarda isə məlum olub ki, istintaq Faiq Əmirliyə yeni ittihamlar irəli sürüb. Yeni ittihamlar Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə) üzrədir.

Cinayət Məcəlləsi yeni ittihamlar üzrə 8 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

İstintaq orqanları F.Əmirlini əvvəlcə ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının “Hizmet” hərəkatının imamı kimi təqdim edirdi.

AXCP isə Faiq Əmirlinin həbsini siyasi sifariş sayır.

Türkiyədə hakimiyyət çevrilişinə cəhddə ittiham edilən F.Gülen de ona ittihamları qəbul etmir.

Faiq Əmirlinin həbsindən sonra “Azadlıq” qəzetinin çapı da dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb ifadələri alınıb.

Ana səhifəXəbərlərFaiq Əmirlinin səhhəti yenidən pisləşib