Faiq Əmirli: Mən, ümumiyyətlə, kitab oxuyan adam deyiləm

Penitensiar Xidmətin əməkdaşları hakimin qərarını icra etmək istəməyib

Source:
Faiq Amirov
Faiq Amirov


Penitensiar Xidmətin əməkdaşları hakimin qərarını icra etmək istəməyib

İyunun 1-də Səbail rayon Məhkəməsində “Azadlıq” qəzetinin həbsdə olan yayım direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Aytən Əliyevanın sədrlik etdiyi iclasda Faiq Əmirlinin vəkili Fəxrəddin Mehdiyev vəsatətlə çıxış edib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin şüşə kabinədən çıxarılıb vəkillərinin yanında əyləşməsini xahiş edib. Məhkəmə vəsatəti təmin etsə də, Penitensiar Xidmətin əməkdaşları bir müddət məhkəmənin qərarına müqavimət göstərərək, Faiq Əmirlini şüşə kabinədən çıxarmaq istəməyiblər. Bunu məhbusların saxlanmasına dair qaydalarla izah ediblər. Lakin hakim onlardan F. Əmirlinin kabinədən çıxarılmasını tələb edib. Bundan sonra qərar icra edilib.

Faiq Əmirlinin digər vəkili Aqil Layıcov isə işdə sübut kimi sadalanan əşyaların məhkəməyə gətirilməsi barədə vəsatət qaldırıb. O deyib ki, əvvəl Faiqin avtomobilinə Fətullah Gülənin kitablarını atıblar, sonradan sübutlar siyahısından çıxarıblar:

“İttiham aktında Fətullah Gülənin kitabarından bəhs olunur. Amma iş materialları ilə tanışlıqda bizə təqdim olunmadı. Gətirsinlər o kitabları məhkəməyə, adamlar görsün ki, o kitabların müəllifi kimdir. Yaxud da yazıblar ki, guya Faiq Əmirlinin maşınından Əli Kərimliyə aid bir neçə diplom, fotoşəkillər, təsbeh, möhür tapılıb. Bir cübbə qalıb, onu yazmayıblar. Xahiş edirəm, bu yazdıqlarını gətirib ortaya qoysunlar”.

Hakim vəsatəti təmin edib. Bildirib ki, şahid ifadələrindən sonra sənədlərin tədqiqi mərhələsində həmin sübutlar da təqdim olunmalıdır.

Daha sonra iclasda məhkəmə istintaqının başlandığı elan edilib. Dövlət ittihamçısı Vüsal Abdullayev ittihamı elan edib. Məlum olub ki, Faiq Əmirli mediada, o cümlədən “Azadlıq” qəzetində Fətullah Gülən ideyalarını yaymaq niyyəti ilə disklər əldə edib saxlamaqda, qəzetin satışını az göstərib 39 min manatlıq vergidən yayınmaqda ittiham olunur.

İclasda o da məlum olub ki, Vergilər Nazirliyi Faiq Əmirliyə qarşı 39 min 21 manatlıq mülki iddia qaldırıb.

İttihama münasibət bildirən Faiq Əmirli özünü təqsirli bilməyib. O, ittihamları böhtan adlandırıb:

“Avqustun 26-da 6 nəfər mənə yaxınlaşdı, dedilər ki, DTX və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Mənə bildirdilər ki, həbs olunuram, maşının açarını və telefonu istədilər. Maşının açarını istəyəndə bildim ki, nəsə atacaqlar. Düşündüm ki, ya silah olar, ya narkotik. Məni başqa maşına mindirdilər, altı nəfərin üçü mənimlə getdi, üçü maşınımın yanında qaldı. Təxminən 45 dəqiqə maşında şəhəri gəzdirəndən sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gətirdilər. Elə hesablamışdılar ki, mən prokurorluğa çatana qədər onlar da maşına qoymalı olduqlarını qoysunlar. Prokurorluqda gətirib açarı mənə verdilər. Sonradan bildim ki, maşınıma Fətullah Gülənin kitablarını, disklərini qoyublarmış. Mən, ümumiyyətlə, kitab oxuyan adam deyiləm. Hətta məsələ qaldırdım ki, o kitabların üzərindəki əl izləri ilə bağlı ekspertiza keçirilsin, eləmədilər. Mən Fətullah Gülənin adını ilk dəfə Türkiyə hadisələrindən sonra eşitmişəm. Vergi orqanı rəqəmləri şişirdib, yayım firmalarının 35-40 faizlik gəlirlərini, maya dəyərini nəzərə almadan satış qiymətini qəzetin qazancı kimi hesablayıb. Mən həbsdən əvvəl izlənirdim, telefonlarım dinlənilirdi. Bu haqda Daxili İşlər Nazirliyinə də müraciət etmişdim. Mənim iki körpə uşağım var, ölürlər acından. On aydır məni heç bir günahım olmadan həbsdə saxlayırlar. Bu qədər də yalan olmaz da”.

Proses iyunun 12-də davam edəcək.

F. Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.

Daha sonra Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham olunub. Onun avtomobilindən Fətullah Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapıldığı bildirilir.

F.Əmirli ittihamları rədd edir, həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Ana səhifəXəbərlərFaiq Əmirli: Mən, ümumiyyətlə, kitab oxuyan adam deyiləm