Facebook fəalının ailəsi incidilir

Zöhrab Həsənov: Facebook” səhifəmi bağlamağım tələb olunub. Əks təqdirdə, bunun valideynlərim üçün ağır nəticələrə səbəb olacağını deyiblər”

Source:


Zöhrab Həsənov: Facebook” səhifəmi bağlamağım tələb olunub. Əks təqdirdə, bunun valideynlərim üçün ağır nəticələrə səbəb olacağını deyiblər”

İctimai fəal Zöhrab Həsənovun ailəsi Şirvan şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən incidilir. Meydan TV-yə bu barədə məlumatı Zöhrab Həsənovun özü verib. Almaniyada mühacirətdə olan fəalın sözlərinə görə, ailəsinə qarşı təzyiq Facebookda “Diktaturasız Azərbaycan” səhifəsini yaratdıqdan sonra başlayıb.

Martın 12-də Şirvan ŞPİ-nin əməkdaşı Bəhruz Qurbanov Zöhrab Həsənovun anası Sevil Həsənovanın çalışdığı Şirvan şəhər Mərkəzi Xəstəxanasına gələrək, ona polisə getməli olduqlarını deyib. Ürək xəstəliyindən əziyyət çəkən qadın çağırış vərəqəsi istəyib. Zöhrab Həsənovun sözlərinə görə, müstəntiq anasına hədə-qorxu gəlib:

“Anama deyib ki, əgər mənimlə gəlməsən, səni zorla Bakıya, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparacam. Tək bununla yekunlaşmayıb, müstəntiq anamla çox kobud danışıb. Anam ona “sən mənim oğlum yaşındasan”-deyib, o da cavabında “sən mənim anam ola bilməzsən” cavabını verib. Guya mən satqınam, buna görə də ailəm təhqir olunmalıdır”. Zöhrab Həsənov deyir ki, valideynləri xəstə olduğundan onların taleyindən çox narahatdır. Hesab edir ki, onun fəaliyyətinə görə ailəsi məsuliyyət daşımamalıdır.

Rayonun polis şöbəsinin əməkdaşı Bəhruz Qurbanov məsələ ilə bağlı Meydan TV-yə bildirib ki, Sevil Həsənovanın işlədəyi xəstəxanaya onun həyat yoldaşı ilə bağlı gedib: “Bizə Sevil Həsənova yox, onun həyat yoldaşı Əli Həsənov lazım idi. Ona görə də, xanıma çağırış vərəqəsi təqdim etməmişik”.

Meydan Tv-nin “Əli Həsənovu hansı işlə bağlı axtarırsınız?” sualına isə Bəhruz Qurbanov cavab verməyib.

Martın 13-də günorta saatlarında Z.Həsənov yenidən Meydan Tv ilə əlaqə saxlayaraq, bildirib ki, atasını Bakıya, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar: “Əməliyyat qrupu atamın iş yerinə gedərək, heç bir çağırış vərəqəsi təqdim etmədən onu məcburi şəkildə Bakıya aparıb. Orada bir neçə saat mənimlə bağlı dindiriblər. Deyiblər ki, “Diktaturasız Azərbaycan” bloqunu və “Facebook” səhifəmi bağlamasam valideynlərim üçün ağır nəticələri ola bilər. Deyiblər ki, barəmdə cinayət işi açılıb. Atam bloqumla bağlı toplanmış istintaq materialları ilə tanış olub. Ondan tələb ediblər ki, mənə məsələnin çox ciddi olduğunu çatdırsın”.

Meydan Tv səhər saatlarında məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə ilə əlaqə saxlayıb. Sonuncu məsələ ilə maraqlanacağını desə də, sonradan zənglərə cavab verməyib.

Bu, Zöhrab Həsənovun valideynlərinə qarşı edilən ilk hadisə deyil. Ötən ilin dekabrında gənc fəal ailəsinə olan təzyiqlərlə bağlı Meydan TV-yə müraciət etmişdi. Onun atası Əli Həsənov bildirmişdi ki, Şirvan şəhər Polis İdarəsinə çağrılıb və oğlu ilə əlaqədar sorğuya çəkilib. Zöhrab Həsənov qarşılaşdığı təzyiqlə əlaqədar “Sərhədsiz Reportyorlar” təşkilatına və diplomatik korpuslara müraciət edib.

Ana səhifəXəbərlərFacebook fəalının ailəsi incidilir