Fərid Mehralızadə həbsxanadan məktub yazıb

Fərid Mehralızadə. İllüstrasiya: AzadlıqRadiosu

Jurnalist qeyd edir ki, bir ölkənin inkişaf səviyyəsi qiymətləndirilərkən mətbuat azadlığı da nəzərə alınır

“Azadlıq” radiosunun həbsdə olan jurnalisti Fərid Mehralızadə 3 may- Dünya Mətbuat Azadlığı Günü ilə bağlı həbsxanadan məktub yazıb.

O yazıb ki, hakimiyyət qollarının (parlament və məhkəmə) icraedici orqanın nəzarətində olduğu Azərbaycan kimi ölkələrdə müstəqil media nəinki dördüncü, hətta ikinci hakimiyyət rolunu oynayır.

“Azərbaycanda siyasi partiya və təşkilatlar, eləcə də qeyri-hökumət təşkilatları uzun illərdir ki, ictimai müzakirələrdə aktiv rol almır. Belə bir şəraitdə müstəqil media qurumları uzun illərdir ki, ölkədə demokratik münasibətlərdə bir növ nəfəslik rolunu oynayır. Son iki il ərzində ölkədə jurnalist həbslərinin kütləvi xarakter alması, eləcə də media sahəsində yeni qanunvericilik təşəbbüsləri məhz bu nəfəsliyin də qapadılmasına və son nəticədə ölkədə ictimai münasibətlərin tamamilə yekcins xarakter almasına hesablanıb”, –  Fərid Mehralızadə məktubunda bildirib.

“Əlbəttə ki, həbs olunmaq, xüsusilə də əsassız və qurama ittihamlarla həbs edilmək bir o qədər də xoş hiss deyil. Ancaq düşünürəm ki, siyasi motivli həbslər sadəcə həbs olunan şəxsləri və vətəndaş cəmiyyətini deyil, bütün vətəndaşları narahat etməlidir. Müstəqil media orqanlarının fəaliyyət imkanlarının məhdudlaşdırılması siyasi və ictimai mövqeyindən asılı olmayaraq, heç kəsə xeyir gətirməyəcək, bu, son nəticədə cəmiyyətin hər bir fərdinin rifahına mənfi təsir göstərir”.

Jurnalist qeyd edir ki, bir ölkənin inkişaf səviyyəsi qiymətləndirilərkən mətbuat azadlığı da nəzərə alınır:

“Mətbuat azadlığı hökumətin şəffaflıq və hesabatlığının artmasına, qərarların qəbul edilməsində iştirakçılığın təmin edilməsinə, problemlərin vaxtında işıqlandırılmasına xidmət edən bir anlayışdır. Təsadüfi deyil ki, hər hansı bir ölkənin dayanıqlı inkişaf səviyyəsi və ya hətta xarici investorlar üçün cəlbediciliyi qiymətləndirilərkən sadəcə iqtisadi göstəricilərə yox, həm də mətbuat azadlığı, məhkəmə-hüquq sisteminin müstəqilliyi, qərarların qəbulunda iştirakçılıq səviyyəsi kimi göstəricilərə də diqqət yetirilir. Ona görə də, mən həm arzu, həm də ümid edirəm ki, tezliklə Azərbaycanda müstəqil media orqanlarının fəaliyyət imkanlarını məhdudlaşdıran problemlər aradan qalxsın və media azadlığı günü faciəvi yox, optimist əhval ruhiyyədə qeyd edilsin”.

Fərid Mehralızadə yazır ki, həbs olunmağın ən mənfi tərəflərindən biri informasiya blokadasına düşməkdir. Ölkədə çap mediası uzun müddətdir ki, sıradan çıxarıldığından, həbs şəraitində internetə daxil olmaq imkanı olmadığından yeganə informasiya mənbəyi telekanallardır:

“Azərbaycanda televiziya kanallarının hansı səviyyədə olması hər kəsə məlumdur. Əminliklə deyə bilərəm ki, əsas fəaliyyət istiqamətlərindən iqtisadiyyat sahəsi başda olmaqla son bir ildə ölkədə baş verən proseslərlə bağlı, demək olar ki, heç bir ciddi informasiya əldə etməmişəm. Yerli telekanalların əksəriyyətinin yayımı sadəcə olaraq bayağı “şou” proqramlarından ibarətdir. Xəbər istiqaməti üzrə ixtisaslaşan telekanallar isə, əsasən, xarici ölkələrlə bağlı xəbərlərə üstünlük verir. Sırf daxili siyasi məsələlərlə bağlı xəbərlər isə birtərəfli xarakter daşıyır və iqtidar partiyasının rəsmi yayım orqanının ritorikası ilə hazırlanır”.

Jurnalist son iki ildə telekanallarda həm siyasi məhbusların, həm də əməkdaşları həbs edilən media orqanlarının əleyhinə mütəmadi olaraq yayımlanan reportajlara diqqət çəkir. İndiyədək bir dəfə də olsun, hansısa müstəqil media ekspertindən və ya insan haqları müdafiəçilərindən bu mövzu ilə bağlı bir açıqlama alınmadığını, ancaq birtərəfli ittihamlar səsləndirildiyini vurğulayır:

“Bu, hər şeydən öncə peşəkar media prinsiplərinə ziddir. Həbs edilmiş şəxslərlə bağlı hər hansı qüvvəyə minmiş məhkəmə hökmü olmadığı halda, həmin şəxslər haqqında “cinayətkar”, “casus”, “agent” kimi absurd və gülməli xitabların işlədilməsi hökumətin nəzarətində olan media orqanlarında peşə etikası ilə bağlı məlumatlılığın aşağı olmasının göstəricisidr. Bu telekanalları izlədikdə onların öz fəaliyyətini eyni mənbədən daxil olan tezislər əsasında təşkil etmələri aşkar görünür. Demək olar ki, hər gün müxtəlif telekanallarda eyni siyasi mövzulara dair eyni sualların, yanaşmaların və hətta bəzən eyni mətnin istifadə edilməsi ilə reportaj və proqramlar hazırlanır. Televiziya kanallarında kommunal problemlər istisna olmaqla, cəmiyyəti narahat edən hansısa mövzuda araşdırma görmək mümkün deyil. Yəni, bu təbliğat və manipulyasiyalar çox bəsit formada aparılır”.

Fərid Mehralızadə 2024-cü il iyunun 1-də həbs edilib.

Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra ittihamlar ağırlaşdırılıb.

Əlavə ittihamlar külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, habelə, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırılması və saxta sənədlərdən istifadə ilə bağlıdır.

O, ittihamları qəbul etmir, qurama sayır.

Azərbaycan hakimiyyəti ölkədə heç kimin sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs olunmadığını bildirir.

2023-cü ilin noyabrından başlayaraq ölkədə qruplar halında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onların çoxu əvvəlcə “AbzasMedia işi” ilə əlaqəli olub.

Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və başqaları ilə davam edib.

Saxlananlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatları Azərbaycan həbsxanalarında azı 300-dən çox siyasi məhbusun olduğunu bildirirlər.

Ana səhifəSiyasətFərid Mehralızadə həbsxanadan məktub yazıb