Vəkil: ”Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyik”
İyunun 29-da Bakı Apelyasiya Məhkəməsində Kanal-13″ internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun apelyasiya şikayətinə baxılıb.
Meydan TV-nin məlumatına görə, məhkəmə şikayəti təmin etməyib. Ə.Orucovun vəkili Cavad Cavadlı bildirib ki, müdafiə etdiyi şəxslə bağlı ittihamlar qondarmadır və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklər.
İyunun 17-də Nəsimi rayon Məhkəməsində Ə. Orucovun ev dustaqlığına buraxılması və ya həbsin gurovla əvəz edilməsi barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib. Şikayət həmin qərardan verilib.
Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Ə. Orucov ittihamları qəbul etmir.