“Əziz Orucova elan olunmuş ittihamın nə faktiki, nə hüquqi tərəfi var”

Vəkil: “Onun kamerasına sərinkeş buraxılıb, həkim müayinəsindən keçirilib”

Source:

Avqustun 1-i vəkil Cavad Cavadov Bakı İstintaq Təcridxanasında “Kanal 13” internet televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucovla görüşüb.

O, jurnalistin saxlanılma şəraitində müsbətə doğru dəyişiklik olduğunu söyləyib. Bildirib ki, onun kamerasına sərinkeş buraxılıb, həkim müayinəsindən keçirilib və müəyyən tibbi yardım göstərilib:

“Səhhəti normaldır. Avqustun 1-də ailəsi ilə görüşə də bilib. Ancaq Əziz Orucova elan olunmuş ittihamın nə faktiki, nə hüquqi tərəfi var. Ümid edirəm tezliklə onun barəsində cinayət işinin icraatına xitam veriləcək və o, həbsdən azad ediləcək”.

Bir müddət öncə Əziz Orucovun səhhətində problemlər yarandığı bildirilirdi. Vəkili onun kamerada havasızlıqdan özündən getdiyini də söyləmişdi. Üstəlik, jurnalistin ailəsi ilə də görüşünə icazə verilmədiyi açıqlanmışdı.

Onun həyat yoldaşı Lamiyə Orucova Meydan TV-yə görüş izni ala bilmədiklərini demişdi:

“Dedikləri bir söz var: “istintaq müddəti ərzində görüşə icazə vermək olmaz”. Amma mən sovqat aparanda müşahidə edirəm. Bizim statusumuzda olan insanlar yaxınları ilə görüş ala bilirlər. Baxmayaraq ki, onlarda da istintaq gedir. Bizə isə heç bir əsası olmadan qadağa qoyulub”.

“Kanal 13” TV-nin Bakı bürosunun rəhbəri Əziz Qaraşoğluna (Orucov) mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.

Ə.Orucovun inzibati cəzası başa çatan gün – iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu «Qafqaz Media Təhqiqatları» İctimai Birliyi və “Kanal 13” ilə bağlıdır.

Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

“Kanal 13” internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.

Bakı bürosunda axtarışdan, kompyuterlərin götürülməsindən və büro rəhbərinin həbsindən sonra internet televiziyasının fəaliyyət göstərməsinin qarşısının alındığı bildirilir.

Ana səhifəXəbərlər“Əziz Orucova elan olunmuş ittihamın nə faktiki, nə hüquqi tərəfi var”