Fotojurnalist beş qalibdən biridir
“Turan” İnformasiya Agentliyinin fotomüxbiri Əziz Kərimov Fritta Orda (Norveç) və ZEİT, Ebelin və Gerd Buserius (Almaniya) Fondunun təsis etdiyi nüfuzlu “Azad Media” beynəlxalq mükafatının qalibi olub.
Bu barədə Meydan TV-yə Əziz Kərimovun özü məlumat verib.
Ə.Kərimov Rusiyanın “Medizona” və “Rus layihəsi. Media” İnternet nəşrləri, ukraynalı jurnalist Stanislav Aseyev və Ukraynanın “Jurnalist araşdırmaları sxemi” teleproqramının redaksiyası ilə birlikdə bu ilin beş qalibindən biridir.
1987-ci ildə fotoqraf Elxan Kərimovun ailəsində doğulan Əziz Kərimov sənədli fotoqrafiya sahəsində fəaliyyət göstərir. O, 2005-ci ildə həvəskar fotoqrafiya ilə məşğul olub. 2011-ci ildən “Turan” İnformasiya Agentliyində çalışır.
Əziz Kərimovun fotoları “Associated Press”, “Reuters”, “Los Angeles Times” və digər beynəlxalq nəşrlər tərəfindən geniş dərc olunur. 2013-cü ildən Azərbaycanda baş verən siyasi etirazlara dair bir çox fotoreportajın müəllifidir. Foto-işlərində Azərbaycan regionlarının sosial problemlərini də işıqlandırır.
Azərbaycanda “Azad Media” beynəlxalq mükafatını Rauf Mirqədirov, Natiq Cavadlı, Şahvələd Çobanoğlu, Hacı Zamin, Xədicə İsmayıl, Mehman Hüseynov alıb.