Əziyyət çəkib, oxuma!

Sonra da deyirlər, diplomla iş tapa bilmirəm…

Source:

Yazının əvvəlində onu bildirim ki, bu yazını yazmaqda məqsədim ölkədə gənclərin: “Diplomum var, amma iş tapa bilmirəm” deyib, əlində bayraq elədiyi problemidir. Rejimin təhsilli, azad gənlərimizə qarşı yürütdüyü siyasət hər kəsə məlumdur. İşə düzəlmək üçün rüşvət alındığı da. Amma bir də diplomlu gənclərimizin çoxunun o diplomu necə əldə etməyi məsələsi var.

Universitetin birinci kursunda oxuyanda artıq hamıya məlum oldu ki, imtahanlarda heç kimdən rüşvət alınmayacaq. Hər kəs oxyub, normal qaydada öz imtahanlarını özü verməlidir. Çox keçmədi bu məsələ tələbələr arasında etiraza səbəb oldu. Təbii mən onların bu narahatlığını anlayırdım amma çalışırdım başa salım ki, biz universiteti rüşvətsiz, sağlam təhsil almaqla bitirməliyik. Nə etdimsə tələbələrin çoxu mənə əslində rüşvət lazım olduğunu başa salmağa çalışdı. Onlar hətta bəzən müəllimlərə də rüşvət almadıqları üçün etiraz edirdilər.

Bu hadisədən sonra artıq mənə məlum oldu ki, əslində bizim gənclər rüşvətə qarşı yox, rüşvətin olması üçün mübarizə aparmağa hazırdı. Çünki bu asan yoldu, həm təhsildə, həm digər sahələrdə. Tələbələrin bu düşüncədə olmağı məni üzdü amma valideyinlərin də onları dəstəkləməsi bu artıq böyük dərddir.

Məktəbdə təhsil sıfır nöqtəsində olduğu üçün, ölkədə abuturiyentlər əlavə olaraq hazırlıqlara gedir və xeyli pul xərcləyirlər. Bu arada mən özüm də birinci təhsilimdə məhz bu yolla universitetə hazırlaşmışam.Bu qədər pulu illərlə hazırlıqlara xərcləyən valideyinlər gözümün önündə müəllimlərə uşaqlarının imtahandan keçməsi üçün rüşvət təklif edirdilər. Təsəvvür edin, bu insanlar sadəcə uşaqlarının universitetə gedib-gəlməsi üçün çalışıblar.

Tək təhsildə yox, ölkə hansı qanunlarla idarə olunduğunu bilməyən bu insanlar özlərini çətinliyə salmamaq üçün istənilən sahədə rüşvətə yol açırlar və sevə-sevə rüşvət verirlər. Rüşvət bir sözlə bizim milləti ağır, çətin, mundar dərsliklərdən, kitablardan, qanunlardan xilas edir. Mən bunları özümdən yazmıram, bu gün, dünən elə hər zaman qanunlara, təhsilə belə yanaşan insanlarımızdan yazıram.

İllərdir küllü miqdarda pul qarşılığında övladlarını universitetlərə yerləşdirən valideyinləri görürük. Bu insanlar qohumda, qonşuda hər yerdə var. Heç kim bunu dana bilməz. Və heç kim dana bilməz ki, həmin valideyinlərin ağılsızlığı bizi uçuruma aparır.

Bəs tələbələrimiz universitetə nə üçün gedir? Təsəvvür edin bizim tələbələrin əksəriyəti ixtisasını sevmir. Onları dərs zamanı müəllim məcburi saxlayır. Ümumiyyətlə, bizim müəllimlərin də işi ağırdı. Ən azı on səkkiz yaşı olan bir tələbəyə artıq baxçadan öyrənməli olduğu nizam-intizam qaydalarını öyrətməyə məcbur qalırlar.

Həmin tələbələr universitetdə nə desən, edirlər, yalnız təhsil almaqdan başqa. Daha çox bölgələrdə, eləcə də Bakıda yerləşən universitetlərdə əlində dərslik, çanta ilə dərsə gələn tələbələr digər yoldaşları tərəfindən təziqə məruz qalır. Yani bu rüşvətlə imtahanlardan keçə bilərsənsə, niyə əziyyət çəkib, oxuyursan anlamına gəlir.

Təhsildə olan boşluqlar haqqında bundan sonra da yazılarım olacaq. Hələlik isə özüm də daxil olmaqla bu ölkənin təhsilini rüşvətdən xilas etmək istəyən bütün insanlara səslənirəm. Biz sistemlə bərabər vətandaşların özləri ilə də mübarizə aparmalıyıq. Ən əsası onlara rüşvətin cinayyət olduğunu anlatmaq lazımdı.


Yazıdakı bütün fikirlər müəllifin şəxsi mövqeyini əks etdirir və Meydan.TV bu fikirlərə görə məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəƏziyyət çəkib, oxuma!