Ülviyyə Əlinin təcridxanadan “JAMnews”a göndərdiyi məktubu olduğu kimi paylaşırıq:
Həbs olunduğum heç bir ay deyil, amma ölkədə sistematik olaraq davam edən problemlərlə bağlı bir neçə xəbər almışam. Gəncədə öldürülən 18 yaşlı Elgünün, Sabirabadda öldürülüb çaya atılan 16 yaşlı qızın, həmçinin İmişlidə cəsədi tapılan 15 yaşlı qızın faciəvi xəbərləri cəmiyyətin hara sürükləndiyinin həyəcan təbilini çalır. Elgünün ölümünün şəffaf araşdırılmasını tələb edən insanların təqibə və təzyiqə məruz qalması, polis tərəfindən qorxudulması hallarını eşidəndə çox təəssüf etdim.
Təəssüf etdim, çünki həbsdə olduğum üçün həmin məsələlərlə bağlı dolğun araşdırma edə bilmirəm. Sonuncu dəfə Ağcabədidə “ana” olan 13 yaşlı qızın cinayət işi ilə bağlı araşdırma edib, işin detallarını ətraflı şəkildə ictimaiyyətin diqqətinə çatdırmışdım. Detallar üzə çıxarılandan sonra Baş Prokurorluq işi yenidən baxılması üçün məhkəməyə göndərmişdi. Əlbəttə ki, nəticəsi ictimaiyyətə açıqlanmadı. Hökumətyönlü saytlar bu cür xəbərlərlə sadəcə reytinq kimi baxırlar, zərərçəkənin yaşadıqlarını görməzdən gəlir, daha çox qurbanı günahlandırmağa fokuslanmış xəbərlər tirajlayırlar. Bu problemlərin hansısa fərdin “əxlaq” məsələsindən qaynaqlandığını təbliğ etmək və problemin sistemdə olduğundan yayındırmaq üçün var güclə çalışırlar.
Müstəqil jurnalistikanın vacibliyi məhz belə problemlər vüsət alanda daha çox yada düşür. Müstəqil jurnalistika cəmiyyətin irinli yaralarını üzə çıxarmaq, onların sağalması üçün vasitələr irəli sürməkdən ötrü mövcuddur.
Biz bu problemlərin var olduğunu illərlə usanmadan dilə gətiririk, lakin dövlət bunların görməzdən gəlinməsi, “əgər problem səslənmirsə, deməli, problem yoxdur” yanaşması ilə siyasət aparır. Sanki zibili palazın altına süpürməklə problemin aradan qaldırıldığını düşünür. Ətrafı bürüyən üfunət iyinin hamının duyduğundan bixəbər olaraq…
Müstəqil jurnalistləri həbs etmək elə bu siyasətin tərkib hissəsidir. Ona görə də bu cür avtoritar rejimdə bizim həbs olunmamağımız qəribə olardı, nəinki həbs olunmağımız.
Amma bizi həbs edənlər unudur ki, biz hələ də cəmiyyətin danışan dili olmağa davam edirik. Çünki həbsxananın özü də kiçik Azərbaycandır.
Beynəlxalq hesabatlarda ölkədə 365 siyasi məhbusun olduğu qeyd olunur, amma həbsdəki neçə adamın şərə məruz qaldığından çoxu bixəbərdir. Artıq qalan narkotiklərin insanlara necə yükləndiyi, başqasının törətdiyi cinayət “açıq qalmasın deyə”, günahsız adamların boynuna qoyulması və daha nələr-nələr…
Həmişə elektron məhkəmə portalına yerləşdirilən hökmlərə baxanda Azərbaycanda narkotiklə bağlı cinayət işlərinin çoxluğu məni şoka salırdı. Əlbəttə, heç kim cəmiyyətdə bu problemin var olduğunu danmır, amma həbs olunandan sonra bunun səbəbi mənim üçün aydın oldu. Əgər şəxs yüngül maddə ilə həbs olunubsa, cinayət maddələri səbətində avtomatik olaraq narkotik ittihamı “özlüyündən gəlir”. Görün indi bu, ümumi statistikaya nə qədər təsir edir. Əgər şəxs daha az miqdar narkotik maddə ilə tutulursa, üzərinə də “hədiyyə” olaraq daha çox qoyulur, çünki külli miqdarın “qiyməti” daha çoxdur…
Yəqin ki, “biri tutdu, biri kəsdi, biri yedi” məsəli hamıya tanışdır, orada sondakı birinə heç nə qalmır. Amma Azərbaycanda qurulan korrupsiya və rüşvət çarxında tutana da, işi tikənə də, kəsənə də, “o birinə” də nəsə qalır, insanların faciələri üzərində heç kim ac qalmır. Sistem o qədər axarında işləyir ki, cinayət törədən, “əmr qulları” yaxasını kənara çəkib, “mən bunda iştirakçı olmaq istəmirəm” demir. İnsanlar da bu sistem qarşısında acizdir və sadəcə boyun əyərək olmalı olanı edirlər – tutanı da, işi tikəni də, kəsəni də, digərini də yemləyirlər.
Mən isə bizim başımıza gələni həbsdən daha çox cəmiyyətdən təcridetmə adlandırardım. Biz isə cəmiyyətin problemlərinin ən dərin qatına eniş edən mədənçilər kimi sistem tərəfindən zəlil edilmiş, əzilən təbəqənin yanına eniş etmişik və onların faciələrinə işıq tutmağa davam edəcəyik.