Əzəl Azal

İcazəli mövzu haqda dalğın esse

Source:

İcazəli mövzu artıq on günlərdi gündəmi zəbt edib, heç bu “əməkdar jurnalist” söhbətləri də ondan iki qızıl kərpicdən çox qopara bilmədi. Məsələ o həddə çatıb ki, artıq ANS-filan da AZAL-ı lənətləyir, deyir ki, inhisarçı-monopolist-filandı, rusdilli qaqaşlar neçə gündür forumlarda özünə “lezva” vurur, “qan su yerinə axır”, ölənlərin gözündə dəhşət var, öldürülənlərin gözündə vəhşət!

Hətta AZAL ilə neçə illər müftə uçmuş Azər Qəribov yoldaş da dilə gəlib, iş gör nə həddə çatıb, ay camaat! Gör xalqı, sadə camaatı, vətəndaşları necə sevənlər varmış, heç bir maraqlara-filana baxmayıb, sözü necə şax deyirlər sifətə?! İndi necə onların kölgəsində danışmayaq biz də bu haqda, axı şair demişkən?!:


Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır,


Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.

Bütün söhbət gəlib dirənib ona ki, bu AZAL monopolistdi, xalqın gül kimi “low cost” uçuşlarına qadağa qoyub. Doğrudur, yoldaşlar, necə də bizi bu qədər uzun illər aldadıbmış bunlar, gül kimi şəffaf ölkədə aramızda tüfeyli ünsürlər varmış!

Əslində isə bu “low cost airlines”-zad söhbətləri çox mənasızdır. Çünki bu məsələ indinin söhbəti deyil, bunu anlatmaq üçün çox-çox uzaqlardan başlamaq gərəkdir. Hələ 2002-ci ildə, o zamankı Lufthansa-nın baş meneceri çıxıb demişdi ki, biz bu bazarı tərk edəcəyik, çünki Bakı aeroportu vergi yığımı üzrə dünyanın (!) ən bahalı aeroportudur. Eşidib, mat qalmışdım – o zamanlar çox sadəlövh idik, duza gedirdik hələ. Hələ o zaman kimsə ölkənin bütünlüklə işğal edildiyinin fərqində deyildi.

Deməli, bu, artıq hələ 2002-ci ildə həmin o menecer tərəfindən bəyan edilmişdi və Bakıya uçan bir çox nüfuzlu şirkətlər tərk etmişdi buranı – KLM, Emirates və s. Həmin bəyanatdan düz 12 il sonra, keçən ilin dekabrında “

Miles&smiles”

proqramı üzrə Türk Hava yolları ilə Kölndən Bakıya müftə biletlə gəlməli idim. Bileti almaq üçün Köln aeroportuna yollandım. Məlum oldu ki, bilet pulsuz olsa da, üstündən daha 267€ (!) ödəməliyəm, bunlar da aeroport yığımlarıdır. Bu yığımların niyə bu qədər baha olduğunu soruşanda fərqlərə mat qaldım – Köln və İstanbul kifayət qədər ucuz idi, Bakı isə onların cəmindən də xeyli baha! Deməli, 12 il öncəki durum uzun illər davam etmiş, indi də davam etməkdədir. Hələ 12 il öncə bu haqda alman qardaş rəsmi bəyanat vermişdi, onunla birtəhər anlaşdılar, sonralar da necə lazımdı uzun-uzun illər belə gedildi, belə də gedəcək. 12 ildir biz hamımız, harayasa səfər edəndə bu pulları hara lazımsa, ora da ödəyirik.

Odur ki, lütfən, mənasız adamlar ortaya düşüb az oynasın, hörmətli rusdillilər də bir balaca toxdasın, nəfəsini dərsin – başa düşürük ki, siz hamınız intellektual, mental, dental, bəlkə hətta genital patriotsunuz, amma bu işdə bütün bunlar çox az kömək edəcək. Ölkədə köklü islahatlar gərəkdir.

Uçurumun az qala astanasında dayanmış bir ölkədə kosmetik dəyişikliklərdən icazəli danışan bacı-qardaşlar, əslində elə siz də uçurumun astanasındasınız. Demək, AZAL monopolistdi. Yaxşı, çaşıb sonra başqalarına da inhisarçı-filan desəniz, onda nə olar görən? Məşhur mahnıda deyilən kimi, “nə edərsən mənə, nə edərsən?”

Burada mənə etiraz edib deyə bilərlər ki, haqsızsan, düz danışmırsan, məsələn, qısa müddət ərzində olsa da, “low cost airlines” “Wizz-air” Bakı-Budapeşt reysini yerinə yetirirdi, bu reysə bileti öncədən alsan Avropaya təxmini 55-60€ (!) qiymətinə gedə bilərdin.

Əlbəttə ki, haqlısınız, əzizlərim. O möcüzə olub, mən də onun şahidi idim, amma o söhbət sizi çaşdırmasın, gözəl insanlar. Necə düşünürsünüz, o “low cost airlines” xüsusi icazəsiz buralara daxil ola bilərdimi və o bu xidməti o qiymətə necə edə bilərdi? Bir düşünün, “Wizz-air” şirkəti hansı ölkəyə məxsusdur və o zamanlar hansı ölkənin konsulluğu viza (Schengen qiyməti o zaman hələ 60€ idi, zarafat-zad deyil ha!) müraciətindən az qala partlayırdı?

Cavab doğrudur – Macarıstandır bu ölkə – o zaman bizim Avropadakı “muxtariyyətimiz”. Niyə belə adlandırıram? Lütfən özünüzə sual edin; o zaman bizimlə Macarıstan arasındakı böyük anlaşma nədən ibarət idi və bizim məhbəsdəki zabitimiz hansı yollarla vətənə ekstradisiya edilmişdi? Bunlar boşunamı edilməli idi? “Keçəl halva yeyər, puluna minnət” – məsəli xatirinizdəmi? “Liberalizm dalana dirənib, bizim yolumuz oradan keçmir, biz qədim (türk) köklərimizə qayıtmalıyıq, nicat oradadır” – deyib, Erdoğanla bizimkilərin rəğbətini (pul dağarçığını) qazanan Macarıstanın hazırkı baş naziri Victor Urbanın çıxışlarına diqqət etsəniz, hər şey yerinə düşərdi.

Amma və lakin, əbədi heç nə yoxdur, “muxtariyyət” öz yerində, bütün bunlar müvəqqəti olmalı idi. İndi nə deyirsiz, bir zabitdən ötrü, hətta onun adı Ramil Səfərov olsa belə, bizim hörmətli məmur cənablarımız halal qazanclarından keçməliydi? Keçdilər də, daha nə qədər istəyirsiz ki? Anlayanlar bilər ki, burda böyük hikmət var – həyat fani, ölüm ani. Neynirsiz bu fani dünyada “low cost”du-nədi, onu, dədəmiz-bavamız “low cost” görmüşdü?


Ey cigərsuz nari-firqətdən Nəsimi çarə nə?


Hər kimə “nəhnü qəsəmna” çün əzəldən ayrılır..



Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəƏzəl Azal