Zaur Qurbanlı

Mənbə: meydan tv

Başlıq: Zaur Qurbanlı

Eyni şeylər barəsində susanlar

Bu ölkədə adamların əksəriyyəti bir-birinin klonu qədər oxşardırlar

Ölkəni görmək istəyən “Facebook”-da maşın qruplarına qoşulsun. Təhsilin səviyyəsini görmək olar, burası heç. Mənə maraqlı gələn başqa məsələ oldu.

Adamları o qruplarda birlşdirən yeganə şey maşınlarının markalarının eyni olmasıdır. Amma çox maraqlıdır ki, o adamların bir çoxu eyni dəyər daşıyıcılarıdır.

Söhbət ümumi dəyərlərdən getmir. Yəni işgəncə qadağandır, insan hüquq və azadlıqları filan kimi. Yox, adamlar oturub söhbət edə bilirlər. Bu, ciddi məsələdir.

Mən kiminləsə görüşmək, oturub söhbət etmək üçün baxıram, görüm, adam mənə nə qədər uyğundur, təhsil, dünyagörüşü filan. Amma o qruplarda, məsələn, görüş təşkil olunur, rayona istirahət planlayırlar, rahat-rahat bir-birini tanımayan adamlar yığışıb, gedirlər.

Qardaş, mən yaxın dostlarımla istirahətə gedəndə seçib-sonalayıram, baxıram, görüm, sağ-sol qırğını çıxmayacaq ki, din mübahisəsi düşməyəcəkmi və s. "Qaqaş, BMW sürürsən? Əla, getdik İsmayıllıya kabablamağa". Bu nə rahatlıqdır axı?!

Ciddən, adamlar hamısı bir-birlərinə oxşayırlar, çox vaxt eyni düşünürlər. Aralarında anlaşılmazlıq çıxma ehtimalı aşağıdır. Hamısı "həyat yoldaşım" deyəndə üzr istəyir, homoseksuallara "petux" deyir, siyasətə qarışmır, hamısının müdiri "filankəs müəllim"dir, o da yaxşı, çörəkverən adamdır, hamısı maşınları haqqında saatlarla, günlərlə danışa bilərlər...

Məncə, biz başımızı “Facebook”-a soxmuşuq, bütün ölkə isə bu vəziyyətdədir. Mən bir şeyə fikir vermişəm, qohum-qardaşla yığışanda edilən söhbətləri başqa adamlarla da asanlıqla etmək olar. Məsələn, əmi, dayı, bibiuşağı filan yığışır, söhbət edir. Başqalarına hiss elətdirmədən bibioğlunun yerinə orda heç kimin tanımadığı birini qoy, yenə eyni tempdə onunla söhbət etməyə davam edəcəklər. Yeni gələn də asanlıqla söhbətə girəcək.

Bu ölkədə adamların əksəriyyəti bir-birinin klonu qədər oxşardırlar, eyni cür düşünürlər, dərdləri eyni, onları sevindirə bilən şeylər eyni, elədikləri söhbətlər eyni və ən pisi də - barəsində susduqları mövzular eynidir. Onları birləşdirən dəyər əslində bu sonuncu məsələdir.

Onlar nə barədə danışacaqlarını əvvəldən müəyyən etmirlər. Onlar nə barədə susacaqlarını bilirlər. Hamı bunu bilir və hamı susur, heç yada da salmırlar. Onlara desəniz ki, "siz nələrsə barəsində toplu şəkildə susursunuz", təəccüblə baxarlar. Çünki yalanı çox təkrar edəndə necə adiləşib "həqiqət"ə çevrilirsə və onun yalan olduğunu deyəndə səni dəli hesab edirlərsə, eləcə də əclaflıqlar təkrarlananda adi həyat normasına, bəzən hətta "yaxşılığ"a çevrilir.

Bəzən təəccüb edənlər olur ki, bu hökumət gündəmi dəyişir, ictimai sektoru idarə edir. Məncə, onlar sadəcə ictimai sektorla əylənirlər, bizə məzə obyekti kimi baxırlar. Məsələn, Rəsulzadəni təhqir edən adama “Cümhuriyət” ordeni verilməsi kimi. Yadınızdadır, Emin Ağalarov “Xalq artisti” olanda dostları bu münasibətlə onunla necə məzələnirdilər. Məncə, həmin gülüş səsləri həmişə bizim fonumuzdadır.

Hökumətin ciddi yanaşdığı sahə isə barələrində yuxarıda bəhs etdiyim şəxslərdir. Həm də söhbət təkcə kişilərdən getmir. Qadınlardan da gedir, hələ homoseksuallardan da gedir. Bir sorğu videosu var idi, gecə barında geyim və davranışından homoseksual olduğu qənaətinə gəldiyim bir şəxsdən təxminən belə sual soruşurlar ki, "müasirlik, yoxsa mentalitet?" Adam mentaliteti üstün tutur, tərifləyir, heç bir koqnitiv-dissonans əlaməti görülmədən, gay olduğunu qabardan hərəkətlərlə mentaliteti tərifləyir. Bu adamlar hamısı eyni cür düşünürlər. Onlar 10 milyona yaxın adamın iştirak etdiyi məclisdə oturub, rahat söhbət edə bilərlər - hamısı bir-biri ilə.

Bir dəfə dustaq maşınında yanımda bir avtoritet oturmuşdu. Dedi, "3 il iş alacam maksimum". Dedim, "Əla da. 1 il sonra 1/3 qaydası ilə çıxarsınız". Güldü, dedi ki, "biz məhkəməyə müraciət etmirik, biz dövləti tanımırıq". Razılaşmasam da, hörmət etdim fikrinə, hələ fikirləşdim ki, adamdakı cəsarətə bax. Sonra mənim tutulma səbəbimi soruşdu. Dedim, "siyasiyəm, mitinqlər təşkil edənlərdən olmuşam, iştirak etmişəm, sifariş verib, həbs ediblər". Bayaq dövləti "priznavat eləməyən" adam qayıdıb, dedi ki, "Başını aşağı sal, işini gör də. Sənə lazımdır?!"

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/y0mbyc

Ən çox baxılan