Əyani müayinə zamanı həkim-ekspert döyülüb

Faktla bağlı hüquq-mühafiqə orqanlarına şikayət edilib

Source: Meydan Tv


Faktla bağlı hüquq-mühafiqə orqanlarına şikayət edilib

Əlilliyin müəyyənləşməsi ilə bağlı təşkil olunan komissiyanın yoxlanışı zamanı həkimlərdən birinin vətəndaş tərəfindən döyülməsini əks etdirən görüntülər yayılıb. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yaydığı məlumata görə, əyani müayinə zamanı müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilən Bərdə rayon sakini Şamail Hümbət oğlu Mustafayev müayinəni həyata keçirən komissiyanın üzvü, həkim-ekspert qadını döyüb. Qurum bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Məlumatda deyilir ki, saxta əlilliyin qarşısını almaq məqsədilə aidiyyəti qurumların və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə əyani müayinələr (videoçəkilişləri də aparılmaqla) keçirilir.

“Son əyani müayinələrin birində Ş.Mustafayevin 2016-cı ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasının onun barəsində rəsmiləşdirdiyi göndərişdəki diaqnoz (“kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, postravmatik ensefalopatiya” və s.) təsdiqini tapmayıb. Ümumiyyətlə, onun sağlamlıq durumunda heç bir əlillik əlaməti olmadığı və beş il əvvəl “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ona aparılmış ikinci dərəcə əlillik təyinatının da saxta olduğu müəyyən edilib”, – deyə məlumatda qeyd olunub.

Müayinə zamanı Ş.Mustafayev gözlənilmədən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qadın həkim-ekspertinə hücüm edərək onu yumruq zərbələri ilə döyməyə başlayıb və nalayiq ifadələr işlədib.

“Ötən dövrdə saxta, “müharibə əlili” statusu adı altında, haqqı çatmadan dövlətdən pensiya və təqaüd formasında hər ay 1300 manatdan yuxarı sosial ödəniş alan Ş.Mustafayevin hərəkətinə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə müraciət olunub”, – deyə məlumatda vurğulanıb.

Meydan TV Ş.Mustafayevlə əlaqə saxlaya bilməyib.

Ana səhifəXəbərlərƏyani müayinə zamanı həkim-ekspert döyülüb