Orxan Mansurzadə: ”Ağarza Vəliyevin işgəncələrə məruz qoyulması isə məntiqsizdir”
Aprelin 19-da Bakıda polis əməkdaşları valyuta mübadiləsi məntəqəsinin rəhbəri Ağarza Vəliyevi döyərək ölüdürüblər.
Bu barədə məlumat yayan criminal.az iddia edir ki, Səbail rayonu, Xəqani küçəsi 15 ünvanında yerləşən valyutadəyişmə məntəqəsində işləyən Ağarza Vəliyev saat 11-12 radələrində rayon Polis İdarəsinə aparılıb və orada işgəncəyə məruz qalıb.
Mərhumun oğlu Sadıq Vəliyevin sayta göndərdiyi şikayət məktubunda deyilir ki, sözügedən valyutadəyişmə məntəqəsi 15 ildən artıqdır ki, atası A.Vəliyevə məxsusdur. Lakin devalvasiyadan sonra məntəqənin lisenziyası ləğv edilib. Məntəqənin yerləşdiyi sahə Vəliyevlər ailəsinə məxsus olduğundan onlar tez-tez həmin yerə toplaşarmışlar. Aprelin 19-da saat 11-12 radələrində A.Vəliyev və yeznəsi Ağarza Musayev həmin ünvanda görüşüb söhbət edən zaman qonşuluqda yerləşən marketdə işləyən oğlan oraya daxil olaraq A.Vəliyevdən su, sok, siqaret və sair ərzaqın lazım olub-olmadığını öyrənmək istəyib. Onun ardınca içəri 3 nəfər daxil olaraq onları təhqir edərək zor tətbiq edib. Səs-küyə yığışanları görəndən sonra isə həmin adamlar özlərini polis kimi təqdim ediblər. Həmin şəxslər içəridə axtarış apararaq Vəliyevlərə məxsus 20 min manata yaxın pulu akt tərtib etmədən götürüb, sonra isə A.Vəliyev və onun yeznəsini polis maşınına mindirərək Səbail Rayon Polis İdarəsinə aparıblar.
”Bundan sonra A.Musayev mənə zəng edərək idarədə onlara fiziki və mənəvi təzyiq göstərildiyini, atamın vəziyyətinin pisləşdiyini deyib. Mən təcili olaraq idarəyə yollandım və yolda olarkən qohumumuza zəng edib oraya təcili yardım çağırılmasını xahiş etdim, o isə cavabında bildirdi ki, polislər təcili yardımı çağırmağıma imkan vermir. Təxminən bir saata idarəyə çatdım. Orda məlum oldu ki, polislər təcili yardım çağırılmasına imkan verməyib. Mənim israrımdan sonra təcili yardım çağırıldı. Atamı beyinində qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirdilər. Atam yolda olarkən qardaşıma və xəstəxanada mənə dəfələrlə bildirdi ki, polis əməkdaşları onlara fiziki zor göstərib. Sonradan məlum olub ki, A.Vəliyev və onun qohumuna qarşı fiziki təzyiq Səbail RPİ-nin cinayət-axtarış şöbəsinin əməliyyatçıları olan Aydın, Bəhram və Rasim tərəfindən edilib. A.Vəliyev xəstəxanada 3 gün koma vəziyyətində qaldıqdan sonra dünyasını dəyişib. 59 yaşında olan, heç bir xəstəlikdən əziyyət çəkməyən atamın ölümündə günahkar olan şəxslərin cəzalandırılmasını tələb edirəm. Bununla bağlı artıq Səbail rayon prokuroru Natiq Əsədova rəsmi müraciət etmişik”-deyə S.Vəliyev şikayət məktubunda vurğulayır.
DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Report”a iddiaların əsassız olduğunu deyib: “Ağarza Vəliyevin ailəsinin kədərinə biz də şərikik. Mərhuma Allahdan rəhmət diləyirik. Onun oğlu Sadıq Vəliyevin iddialarına gəldikdə, bunlar əsassız və həqiqətdən uzaqdır. Səbail Rayon Polis İdarəsinə daxil olmuş məlumat əsasında Xəqani küçəsi,15 ünvanında yerləşən Ağarza Vəliyevə məxsus valyutadəyişmə məntəqəsində qanunsuz valyuta mübadiləsinə qarşı tədbir keçirilib. Ağarza Vəliyev, onun qaynı Ağarza Musayev və İmişli rayon sakini Emin Quliyev Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Həmin şəxslər idarəyə gətirilib. İdarədə sənədləşmə işləri aparılarkən Ağarza Vəliyevin səhhəti qəflətən pisləşib. Onun yaxınları çağırılıb, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb”.
Şöbə rəisi bildirib ki, saxlanılan şəxslərdən E.Quliyev barəsində tənbeh tədbiri görülüb: “Bundan sonra Emin Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 430.1-ci (valyuta tənzimi haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozmaqla, valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə) maddəsinə əsasən protokol tərtib olunub. Onun barəsində tənbeh tədbiri görülüb. İdarədə Ağarza Vəliyevin halının yaxşılaşması gözlənib ki, məsələ öz məntiqi sonluğuna çatsın. Təəssüf ki, o, dünyasını dəyişdi”.
O.Mansurzadə fakt üzrə toplanmış materialların baxılması üçün Səbail Rayon Prokurorluğuna göndərildiyini deyib: “Ağarza Vəliyevin işgəncələrə məruz qoyulması isə məntiqsizdir. Əgər bir şəxs əməliyyat tədbiri nəticəsində idarəyə gətirilirsə, barəsində inzibati qaydada tədbir görülürsə, bunu döyməyə nə ehtiyac var ki?! Bundan başqa, Səbail Rayon Polis İdarəsində adam döyülmür. Bu, qəti mümkün olan şey deyil. Bu hadisə heç kimə polis barəsində həqiqətdən uzaq, böhtan və aşkar şantaj xarakterli məlumatlar yaymağa imkan vermir. Düzdür, valyutadəyişmə məntəqəsində müəyyən milli və xarici valyutalar olub. Lakin həmin zaman pullar sənədləşdirilərək götürülüb. Daha sonra pullar müvafiq qaydada aktlaşdırılıb. Həmin pullar bütün digər materiallar formasında Səbail Rayon Prokurorluğuna təqdim olunub”.