“Əvvəlki seçkilərlə müqayisədə seçki qanunvericiliyi çox da dəyişməyib”

“Medianın monitorinqini aparacağıq, amma başqalarının bəyanatını şərh etmək istəməzdim”.

Source: Foto: Meydan TV


30 uzunmüddətli, seçki günündə isə 350 qısamüddətli müşahidəçi Azərbaycana gələcək

Yanvarın 7-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) missiyasının rəhbəri, İsveçin istefada olan diplomatı Piter Teyjler mətbuat konfransı keçirib.

Piter Teyjler Azərbaycanda 11-ci dəfə seçkiləri müşahidə edəcəyini deyib:

“Biz 1995-ci ildən müvafiq qurumlarla konstruktiv əməkdaşlıq şəraitində işləmişik və bu dəfə də belə olacağına əminik”.

Yanvarın 14-dən etibarən növbədənkənar parlament seçkiləri ilə bağlı 30 uzunmüddətli, seçki günündə isə 350 qısamüddətli müşahidəçinin Azərbaycana gələcəyini xatırladan missiya rəhbəri bildirib ki, onlar ATƏT-in öhdəliklərinə və daxili qanunvericiliyə əsasən seçkiləri qiymətləndirəcəklər. Müşahidəçilər namizədlərin qeydə alınması prosesini, seçkiqabağı kampaniyaların aparılması, seçki məsələlərinin həllinin hüquqi işini izləyəcəklər. 350 qısamüddətli müşahidəçi müxtəlif ölkələri təmsil edəcək 2 nəfərlik komandalara bölünəcək. Bununla bərabər seçki günü ATƏT-nin Avropa Parlament Assambleyası və Avropa Şurasının üzvləri də prosesi izləyəcək. Seçki günü onlar məntəqələrin açılması, səsvermə, bülletenlərin sayılması və nəticələrin hesablanmasına nəzarət edəcəklər. Seçkilərdən bir neçə gün sonra qısamüddətli müşahidəçilər qrupu ölkəni tərk edəcək.

“2 ay sonra tövsiyələrimizi hökumətə təqdim edəcəyik”, – deyə Piter Teyjler bildirib.

Onun sözlərinə görə, missiya 11 beynəlxalq ekspertdən təşkil olunan Əsas Heyətdən ibarətdir. Əsas Heyət ATƏT-in öhdəliklərinə və daxili qanunvericiliyə uyğun olaraq seçkiləri müşahidə edəcək. Bütün müşahidəçilər Azərbaycan hökuməti tərəfindən dəvət olunub:

“Bizim əvvəlcədən formalaşmış fikrimiz yoxdur, yalnız müşahidə etmək üçün gəlmişik və 9 fevral növbədənkənar parlament seçkilərini Azərbaycanda keçirilən əvvəlki seçkilərlə müqayisə etməyəcəyik. Seçkiləri də Azərbaycan hökumətinin qəbul etdiyi ATƏT DTİHB-nin öhdəliklərinə əsasən qiymətləndirəcəyik. Öhdəliklərin əsas mahiyyəti ondan ibarətdir ki, seçkilər müvafiq beynəlxalq standartlara uyğun keçirilməlidir. Yəni bütün ATƏT üzv dövlətlərində eyni seçki metodologiyasını tətbiq edirik və beynəlxalq standartlara uyğun olaraq seçkiləri qiymətləndiririk. Bunun üçün növbəti həftələrdə seçki prosesinin bütün aspektlərinə nəzər yetirəcəyik; namizədlərin qeydiyyatı, qanunvericiliyin durumu, seçkiöncəsi kampaniya, dövlət orqanlarının, seçki administrasiyasının işi, medianın vəziyyəti və seçki günü baş verənlər. Bu dövrdə QHT-lərlə, media, siyasi partiya nümayəndələri və namizədlərlə görüşəcəyik. Ehtiyacların Qiymətləndirilməsi Hesabatında isə 4 məsələyə diqqət yetirilib: seçkilərin qanunvericlik çərçivəsi, seçkilərin KİV-də işıqlandırılması, seçki kampaniyası, seçki günü baş verənlər”.

Piter Teyjler seçki dövründə mediaya heç bir şərh verməyəcəklərini bildirdi:

“Biz yalnız seçkidən sonra şərh verəcəyik. Yəni Müşahidə Missiyası seçki polisi və ya seçkiyə rəhbərlik edən qurum deyil. Sadəcə, prosesin texniki qiymətləndirilməsini aparırıq, seçkiləri legitimləşdirmirik. Qiymətləndirməmizin əsasında seçki hüququndan bərabər istifadə, ədalətlilik, qərəzsizlilik, seçkilərin məxfi keçirilməsi, səslərin düzgün hesablanması dayanır. Bizi seçkilərin nəticələri maraqlandırmır, sadəcə, müşahidələrimizin və təhlillərimizin əsasında hesabat hazırlayacağıq. Müşahidə prosesi zamanı Aralıq Hesabatı yayacağıq, amma bu sənəd qiymətləndirmə yox, seçkilərin baş tutduğu daha geniş mühitin izahıdır. Fevralın 10-da mətbuat konfransı keçirib ilkin tapıntılar və nəticələr haqda bəyanat verəcəyik. Təqribən 2 ay sonra yekun hesabatı bölüşüb tövsiyələrimizi hökumətə təqdim edəcəyik. Bundan sonra hökumət həmin tövsiyələrdən istifadə edib-etməmək haqda qərar verməlidir. Biz bu metodologiyanı ATƏT məkanında keçirilən 350-dən çox seçkidə tətbiq etmişik”.

Müşahidə Missiyasının rəhbəri “Amerikanın səsi”nin “Əvvəlki seçki ilə bağlı hesabatlarda medianın durumu mənfi qiymətləndirilib. Bu mənada hazırda medianın durumunu necə qiymətləndirirsiniz” sualına cavab verdi ki, Azərbaycanda KİV-in mühiti onların diqqətindən yayınmayacaq, çünki bu mandatın tərkib hissəsidir:

“Medianın monitorinqini aparacağıq, amma başqalarının bəyanatını şərh etmək istəməzdim. Biz 9 fevral növbədənkənar seçkini müşahidə edirik və bəyanatlarımızın da müşahidələrimizə əsaslanmasını istərdim. Ehtiyacların Qiymətləndirilməsi Hesabatında media mühiti əsas sahələrdən biridir. Ancaq seçkilərin işıqlandırılması haqda şərh verə bilmərəm, çünki bu gün işimizə başlamışıq”.

“Bakıya bir çox tövsiyələr verilib, amma bunların qəbul olunmasına cavabdeh deyilik”.

Meydan TV-nin “1995-ci ildən Azərbaycandakı seçkiləri müşahidə etdiyinizi bildirdiniz. Əvvəlki seçkilər haqda hesabatınızda belə bir tezis vardı: “Seçkilər beynəlxalq standartlara cavab vermədi, amma demokratiyaya doğru bir addım atıldı”. Hər seçkidən sonra da hökumətə tövsiyələrinizi verirdiniz. Bəs rəsmi Bakının sizin tövsiyələri yerinə yetirdiyini araşdırmısınızmı? Sualımızın ikinci hissəsi ondan ibarətdir ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli bildirib ki, hər seçkidən sonra Azərbaycanda seçki institutu getdikcə məhv olur, bu fikirlərlə razısınızmı” sualına Piter Teyjler cavab verdi ki, sualın birinci hissəsinə cavab vermək asandır:

“Əlbəttə, biz tövsiyələri izləyirik və bu, işimizin tərkib hissəsidir. Bəli, rəsmi Bakıya bir çox tövsiyə verilib, amma bunların qəbul olunmasına cavabdeh deyilik. Artıq Azərbaycan hökuməti və cəmiyyəti bu məsələyə cavabdehlik daşıyır. Bizim missiyamız tövsiyələr qəbul olunsa, onların icrasına yardım etməkdir. Sualınızın ikinci hissəsi siyasi şərh tələb etdiyindən, mən bu şərhi verməyəcəm və əvvəlcədən buna görə üzr istəyirəm”.

Müşahidə Missiyasının digər üzvü Vladimor Misev isə dedi ki, əvvəlki seçkilərlə müqayisədə seçki qanunvericiliyi çox da dəyişməyib. Bu, o deməkdir ki, tövsiyələrin bir çoxu qəbul olunmayıb.

“BBC Azərbaycanca”-nin “ATƏT DTİHB bildirib ki, son seçkilərdən sonra sərbəst toplaşmaq, ifadə azadlığı, seçki mühiti, seçki qanunvericiliyi və başqa məsələlərlə bağlı heç bir dəyişiklik aparılmayıb. Belə bir vəziyyətdə seçkinin ədalətli və düzgün keçirilməsi potensialını necə qiymətləndirirsiniz” sualına Piter Teyjler onların daha geniş meyarlarının olduğunu xatırladaraq bildiridi ki, seçki günü baş verənlər, səslərin sayılması və s. bu sıraya daxildir:

“Eyni zamanda, ATƏT-in müvafiq sənədlərinə baxsanız görəcəksiniz ki, bu kimi müşahidə missiyaları ictimaiyyətin seçkilərə inamını artıra bilər”.

Ana səhifəSiyasət“Əvvəlki seçkilərlə müqayisədə seçki qanunvericiliyi çox da dəyişməyib”