Evsiz vətəndaş: ''Leyla xanım, itiniz olum''

Fatma Əliyeva prezidentin qızına müraciət etdi

“İstəyirəm mənə də sahib çıxasız, Leyla xanım. Məni də o itlərdən biri hesab edib onların sığınacağına yerləşdirəsiz. İncimərəm sizdən, səmimi sözümdür. Qarşıdan soyuqlar gəlir, küçə həyatı gözümə durub. Bank işçisi sadəlövhlüyümdən istifadə edərək məni küçədə qoyub. Hərraca çıxarılan evimi də özü üçün, ancaq öz qohumunun adına alıb”.

Bakı sakini Fatma Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti, prezident İlham Əliyevin qızı Leyla Əliyevaya müraciət edib. O, Leyla xanımdan sahibsiz itlər üçün yaratdığı sığınacağa yerləşdirilməsini istəyib.

Meydan TV dəfələrlə bu xanımın problemini işqılandırsa da, problemi çözülməyib.

Fatma Əliyevanın 4 il əvvələdək mənzili olub. O, Meydan TV-yə danışır ki, 24 noyabr 2014-cü ildə “Nikoil Bank”ın 9 saylı filialında kredit mütəxəssisi Azad Abıyevlə 12 min 500 manat məbləğində kredit müqaviləsi imzalayıb. Götürdüyü kreditin əvəzində Bakı şəhəri, Naxçıvanski küçəsindəki birotaqlı mənzili 52 min manat dəyərləndirilərək bank tərəfindən girov götürülüb. 18 gün sonra Fatma xanım filiala ikinci dəfə kredit üçün müraciət edib. Bu dəfə Azad Abıyev ona 3 min manat kredit ayırıb.

“24 min 300 manata qol çəkdirib 3 min manat verdi”

“Məni tələsdirdi ki, notariusa getməlidir, müdir işə gəlincə tələsik geri qayıtmalıdır, mən də ona inandım, sənədləri oxumağıma imkan vermədi, tələsik imzaladım. 1 aydan sonra krediti ödəyəndə məndən 24 min 300 manata görə ödəniş tələb olundu. Azad Abıyev tez məni çölə çıxartdı, yalvardı ki, səsə salmayım, özü maşınını satıb borcu bağlayacaq. Mənim ödədiklərimi də özümə qaytaracaq. 7 ay ödəniş etdim, gördüm ki, Azad Abıyev hərəkətə gəlmir, mən də ödəmələri dayandırdım. Bank məhkəməyə verdi, evimi hərraca çıxartdı. Mən filiala gedib Azad Abıyevin yaxasından yapışdım, səs-küy saldım, telefonumdan “102”-ni yığmaq istəyəndə qolumu tutub möhkəm sıxıb burdu, qolum sındı”.

Fatma Əliyeva deyir, polisə müraciətdən sonra əraziyə nəzarət edən 18 saylı polis bölməsində izahatı alınıb. İş Nərimanov rayon Polis idarəsinin İstintaq Şöbəsinə göndərilib. Lakin orada kifayət qədər sübut olmadığı səbəb gətirilərək cinayət işinə xitam verilib. Fatma xanım:

“İlkin ekspertiza rəyi dəyişdirildi. Guya xəsarətin yıxılma nəticəsində baş verməsi barədə saxta rəy verildi. Mən idarənin istintaq şöbəsində bankın binasındakı kameraların yaddaşına baxılmasını tələb etsəm də, filial rəhbərliyi bildirdi ki, guya kameraların yaddaşı qısa müddətdən sonra avtomatik silinir. İstintaq şöbəsi guya sübut olmadığı üçün cinayət işi qaldırmadı. Beləcə, əlbir olaraq cinayəti ört-basdır etdilər”.

“Baş prokurora, nazirə, prezidentə müraciət etsə də... ”

“Nikoil Bank”ın 9 saylı filialı hazırda fəaliyyət göstərmir. Keçmiş kredit mütəxəssisi Azad Abıyev Fatma xanımın dediklərini böhtan adlandırıb. O, bildirib ki, əksinə, qadın diqqəti cəlb etmək üçün səs-küy salanda siqnalizasiyanı işə salaraq köməyə polis çağırıblar: “Ekspertizadan isə hadisədən 1 ay 14 gün sonra keçib. Guya qolunun sınmasını gec bilib. Kameraların yaddaşı 1 aydan sonra avtomatik silinir. Fatma Əliyeva qəsdən polisə ay yarımdan sonra – kameranın yaddaşı silindikdən sonra müraciət edib”. Saxta imza iddiasına gəlincə, A.Abıyev deyib ki, əgər Fatma Əliyeva sənədlərdəki məbləği götürməsəydi, bir neçə ay həmin məbləğə uyğun aylıq ödəniş etməzdi.

Beləcə, Fatma xanım evsiz-eşiksiz qalıb. O, dəfələrlə Baş prokurora, daxili işlər nazirinə, prezidentə müraciət edib. Bir dəfə Baş prokuror Zakir Qaralovun qəbulunda olub. Baş prokuror ona məsələni diqqətdə saxlayacağını deyib. Lakin yenə nəticə olmadığını görən Fatma xanım növbəti dəfə Baş prokurorun qəbuluna düşməyə cəhd etsə də, ona bildirilib ki, Zakir Qaralov vətəndaşı bir dəfədən artıq qəbul etmir.

“İtin dəyəri var, insanın yox...”


Fatma Əliyeva deyir, bütün qohumların mənzilində “qonaq” olub və artıq getməyə, daldalanmağa ünvan qalmayıb. O, Leyla Əliyevadan sahibsiz itlərin sığınacağına yerləşdirilməsini istəyib:

“Məhkəmələrin, Baş Prokurorluğun qapısında ağlamışam, yalvarmışam ki, küçədə qalıram, getməyə yerim yoxdur. İşə ədalətlə baxılsın, bircə otağım vardı, özümə qaytarsınlar. Baxıram ki, insan kimi çox dəyərsizik. İt bizdən dəyərlidir. Çarəsiz insana dəyər verməyən məmurların hərəsinin evində adam boyunda bir it var. O itə daha çox dəyər verilir. Bu ölkədə itə sahib çıxırlar, insana yox”.

 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/pv8tbh

Ən çox baxılan