Evlərini su basan sakinlər kanalizasiya qapağını açmaq istədilər, həbs olundular

Foto-screenshot: Meydan TV

Hər iki Binə sakininə 7 sutka həbs cəzası verilib

Oktyabrın 21-22-də Bakıda yağışlar zamanı Xəzər rayonu, Binə qəsəbəsində evlərini su basan sakinlərdən ikisi həbs olunub. Səbəb isə yola yığılmış suyun getməsi üçün kanalizasiya quyusunun qapağını açmaqdan ötrü avtomobillərin hərəkətini bir müddət saxlamalarıdır. Onların bu hərəkəti xuliqanlıq kimi qiymətləndirilib.

Yolu kəsməkdə, tıxac yaratmaqda, üstəlik, polisə tabesizlik göstərməkdə ittiham olunan Binə sakinləri saxlanılaraq, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə aparılıb. Orada onların haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə inzibati xəta ptotokolları hazırlanıb. Hər ikisi məhkəməyə aparılıb. Lakin onların məhkəməsi ayrı-ayrılıqda keçirilib.

Məhkəmədə izahat verən polislər iddia ediblər ki, evlərini su basan sakinlər Binə körpüsünün girişini qəsdən bağlayıblar. Bu da tıxac yaranmasına səbəb olub. Onlar polislərə tabesizlik göstəriblər və s.

Sakinlər isə onların ünvanına səslənən ittihamları qəbul etməyiblər. Onlar bildirib ki, oktyabrın 22-də yaşadıqları evləri su basmışdı. Evlərdəki, həyətlərdəki suları təmizləmək üçün çarə axtarırdılar. Ona görə də kanalizasiya quyusunun ağzını açmaq qərarına gəliblər. Çünki quyunun qapağı tutulmuşdu, su getmirdi. Sürətlə gələn avtomobillərin hərəkəti isə buna imkan vermirdi. Bu səbəbdən iki maşınla yolda bir neçə dəqiqəlik hərəkəti dayandırıb, quyunun ağzını açıblar ki, kanalizasiyanı təmizləsinlər. Bu proses isə cəmi 5 dəqiqə çəkib.

Onlar əlavə edib ki, ora yol-patrul xidməti gəlib və heç bir polis əməkdaşına da tabesizlik göstərməyiblər. Yəni protokollarda bu barədə yazılanlar doğru deyil.

Hər iki məhkəmə prosesində hakimlər o qərara gəlib ki, polislərə tabesizlik barədə ittiham əsassızdır. Bu səbəbdən İXM-in 535.1 maddəsinə xitam verilib. İXM-in 510-cu maddəsilə isə hərəsinə 7 sutka inzibati həbs cəzası verilib.

Ana səhifəSosialEvlərini su basan sakinlər kanalizasiya qapağını açmaq istədilər, həbs olundular