Evlər satıldı, bina söküldü

Bakı şəhər İcra Hakimiyyəti verdiyi sərəncamı ləğv edib, yaşayış binasını uçurdu

Source:


Bakı şəhər İcra Hakimiyyəti verdiyi sərəncamı ləğv edib, yaşayış binasını uçurdu

“Orbit A.M.Ə” şirkətinin Suraxanı-Hövsan yolunun üstündə inşa etdiyi çoxmərtəbəli, yeni tikilən binalar sökülüb. Binadan ev alan Rasim Əliyev şikayət məktubu ilə müraciət edərək bildirib ki, evi artıq yoxdur, sökülüb. Əvəzinə isə heç nə verilmir:

“Bir neçə ay əvvəl yaxın qohumumun məsləhəti ilə Suraxanı-Hövsan yolunun üstündəki yeni tikilən binadan ev aldım. İndi də Bakı Şəhər İcra Hakimiyyəti həmin binanı söküb. Şirkətlə aralarında nə problem olduğunu mən bilmirəm. Olan bizə oldu. İllərlə işləyib topladığımız pulla aldığımız evlər əlimizdən çıxdı. Qalmışıq pis vəziyyətdə. Bilmirik evi şirkətdən tələb edək, yoxsa icra hakimiyyətindən. Şirkətdən deyirlər: “Mən də pis vəziyyətdəyəm, ən böyük ziyan mənə dəyib”.  Vallah, elə biz də pis vəziyyətdəyik. Dəyən ziyan bizim üçün də böyükdür. İllərin zəhmətidir”.

“Orbit A.M.Ə” şirkəti faktı Meydan TV-yə təsdiqləyib. Şirkətdən bildiriblər ki, Bakı Şəhər İcra Hakimiyyəti inşa etdikləri binaları heç bir səbəb göstərmədən söküb:

“27 iyul 2005 tarixli 203 saylı sərəncamla Suraxanı-Hövsan yolunun üstündə “Orbit A.Ə.M” şirkətinə tikinti işləri aparmaq üçün 7,4 hektar torpaq sahəsi ayrılıb. 29 mart 2007-ci il 116 saylı sərəncamla bizə həmin yerdə yaşayış kompleksi salmağa icazə verilib. Yaşayış kompleksinin layihəsi işlənib və bütün aidiyyatı qurumların razılığı alınıb. Bəzi binalar hazırdı, bəzilərində isə iş gedirdi. Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyi tikinti-quraşdırma işlərinin aparılmasına icazə verdiyi halda, Hacıbala Abutalıbov 21 sentyabr 2015-ci ildə həmin sərəncamları ləğv edib. Sərəncam və məhkəmə qərarı olmadan binaları sökdülər”.

Bakı Şəhər İcra Hakimiyyətindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Hüquqşünas Müzəffər Baxışov deyir ki, belə hal Azərbaycanın hər yerində ola bilər. Əvvəllər də bu cür problemlər olub: “Belə deyək, həmin şirkətin qanuna müvafiq olaraq illər öncədən həmin ərazidə çoxmərtəbəli bina tikməklə bağlı icazə sənədi varsa və tikinti aparıbsa, Bakı Şəhər İcra Hakimiyyətinin də orda bina tikilməsi ilə bağlı sərəncamı varsa, sonradan sərəncamlarını ləğv edib, sökülməsi ilə bağlı yeni bir sərəncam veribsə, burda müəyyən qanunsuzluq elementləri görünür. O da ola bilər ki, şirkət həmin tikintini sərəncamda göstərilən ərazidə tikməyib və yaxud həmin tikili başa çatdırılandan sonra orda yaşayacaq bina sakinlərinin həyatı üçün təhlükəli ola biləcəyi müəyyənləşdirildiyi üçün sökülmə qərarı verilib. Digər hallarda isə Bakı şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən söküntü qərarı verilibsə, bu, Azərbaycanda icra başçısının özbaşına hərəkətinin təsdiqidir”.

Ekspert onu da deyir ki, icra başçısının sərəncamı qanunvericiliyin tələblərinə uyğun deyilsə, həmin tikintini həyata keçirən şirkət və ordan ev almış insanlar onlara dəymiş bütün ziyanın Bakı Şəhər İcra Hakimiyyətindən tələb edilməsi barədə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edə bilərlər: “Burda məhkəmə mübahisəsi yaranır. Xeyli insan Bakı şəhər icra başçısının qanunsuz sərəncamına görə zərər çəkib. İstənilən halda məhkəmə tərəfindən araşdırılmalıdır ki, qanunsuzluğu icra hakimiyyəti edib, yoxsa şirkət”.

Ana səhifəXəbərlərEvlər satıldı, bina söküldü