Evlənmək istəyən 71 nəfərdə İİV infeksiyası, 328 nəfərdə isə sifilis aşkarlanıb

“Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”na uyğun olaraq ötən il iyunun 1-dən bu günə qədər nikaha daxil olmaq istəyən 107 500 insan tibbi müayinədən keçib”.

Source:
Nikah
Nikah


“Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”na uyğun olaraq ötən il iyunun 1-dən bu günə qədər nikaha daxil olmaq istəyən 107 500 insan tibbi müayinədən keçib”.

Bunu “Report”a açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun talassemiya-profilaktika şöbəsinin müdiri Aysel Mikayılzadə bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin 6 228 nəfərinin talassemiya daşıyıcısı olduğu üzə çıxıb: “Bu haqda onların özlərinə də məlumat verilib. Müayinə aparıldığı gündən indiyə qədər 48 cütlükdə, yəni həm oğlanda, həm də qızda talassemiya aşkarlanıb. Hətta xəstəlik aşkarlanandan sonra evlənməkdən imtina edənlər də olub. Müayinələrin nəticələri həmin şəxslərin qeydiyyatda olduqları tibb müəssisələrinə göndərilir”.

Şöbə müdiri vurğulayıb ki, son səkkiz ayda 71 nəfərdə İİV infeksiyası, 328 nəfərdə isə sifilis olduğu müəyyən edilib: “İİV infeksiyası ilə bağlı məlumatlar Respublika QİÇS-lə Mübarizə Mərkəzinə göndərilib. Çünki həmin şəxsləri təkrar müayinədən keçirməlidirlər”.

Ailə Məcəlləsinə edilən dəyişikliklərdən sonra 2015-ci ilin iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçmələri məcburiləşdirilib. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Ana səhifəXəbərlərEvlənmək istəyən 71 nəfərdə İİV infeksiyası, 328 nəfərdə isə sifilis aşkarlanıb