Evin həbsxanasında 8 nəfərin öldüyü bildirilir

Evin həbsxanası. Mənbə: “mizan.news”

6 nəfərin xəsarət aldığı və xəstəxanaya yerləşdiyi açıqlanıb

Evin həbsxanasında baş verən yanğın zamanı xəsarət alan daha 4 nəfərin həyatını itirdiyi bildirilir.

Qalan 6 yaralının ümumi vəziyyətinin qənaətbəxş olduğu və onlar sağalmağa doğru getdiyi açıqlanıb.

Oktyabrın 15-də Evin həbsxanasında yanğın baş verib.

Bundan öncə isə həbsxanadakı məhbuslar arasında dava düşdüyü ilə bağlı xəbərlər yayılıb.

Yanğında yaralanan və vəziyyəti ağır olan 4 məhbusun oktyabrın 16-da həyatını itirdiyi bildirilir.

Ölkənin yerli mediası Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən bildirir ki, xəstəxanada ölən 4 nəfər də daxil olmaqla ötən həftə məhbuslar arasında düşən dava nəticəsində ümumi 8 nəfər həyatını itirib.

Ölən 8 nəfərin hamısının oğurluqda ittiham edildikləri bildirilir.

Ədliyyə Media Mərkəzinin açıqladığı məlumatda həmçinin vurğulanır ki, bu hadisə nəticəsində xəsarət alan 6 nəfər hələ də xəstəxanada müalicə olunur və onların ümumi vəziyyəti yaxşıdır:

“Oktyabrın 15-də axşam Tehran prokuroru və həbsxanalar təşkilatının rəhbəri vaxtında hadisə yerinə gəlib. Həbsxana rəhbərliyi, polis qüvvələri, yanğınsöndürənlərin səyi nəticəsində 70-dən çox məhbus xilas edilib”.

Açıqlamada bildirilir ki, artıq həyatını itirən məhbusların ailələri məlumatlandırılıb.

Onların kimliyi tezliklə ictimaiyyətə açıqlanacaq.

İran hökuməti Evin həbsxanasında yanğının hansı səbəbdən çıxması ilə bağlı məlumat açıqlamayıb. Həmçinin məhbuslar arasında baş vermiş dava ilə bağlı da hər hansı rəsmi bilgi paylaşılmayıb, açıqlama verilməyib.

Evin həbsxanası siyasi məhbusların, hökumətə qarşı çıxan aktivistlərin saxlanıldığı yer kimi tanınır.

Həbsxana tez-tez siyasi məhbuslar və etirazçılara qarşı işgəncə xəbərləri ilə gündəmə gəlib.

2018-ci ildə ABŞ hökuməti bu həbsxananı “ağır insan haqları pozuntuları”nın baş verdiyi yer kimi qara siyahıya salıb.

Avropa İttifaqı diplomatı Jozep Borrel Evindəki hadisəylə bağlı ciddi narahatlığını ifadə edən “tweet” atıb.

Diplomat işin araşdırılması məsələsində İran hökumətini şəffaf olmağa çağıdırıb: “İran hakimiyyəti saxlananlar, eyni zamanda, insan haqları müdafiəçiləri və Avropa İttifaqı vətəndaşlarının həyatı ilə bağlı cavabdehlik daşıyır”.

Bəzi məhbuslar, o cümlədən tanınmış kinorejissor Cəfər Pənahi ailələrinə zəng edərək salamat olduqlarını deyiblər.

Pənahi həbsxanada gözyaşardıcı qaza əl atıldığını deyib.

Evində saxlanan Amerika vətəndaşı Siyamək Namazi də ailəsi ilə əlaqə saxlayıb və təhlükəsiz yerə köçürüldüyünü deyib.

Namazi casusluq ittihamları ilə yeddi illik həbsə məhkum edilib.

Vaşinqton isə ittihamları əsassız sayır.

Ana səhifəDünyaEvin həbsxanasında 8 nəfərin öldüyü bildirilir