”Evimiz hər an uça bilər”

Qrunt suları altında qalmış ev qəzalı vəziyyətdədir

Source:
foto Meydan TV
foto Meydan TV


Qrunt suları altında qalmış ev qəzalı vəziyyətdədir

…İmişlidə iki dəmiryolu xəttinin ortasında yerləşən kiçik daxmada yaşayırlar. Tavanı sökük, alçaq pəncərələri olan evin divarları ilə açıq elektrik naqilləri gedir.

Səbinə Talıbzadə illərdir bu daxmada yaşlı valideynləri və 10 aylıq körpəsi ilə qalır.

Evdə qaz yoxdur, elektrik xətlərini də atası ilə birtəhər çəkib, yaşamaq üçün şərait yaradıblar.

Səbinə Talıbzadə deyir ki, 2010-cu ildə Araz çayının səviyyəsi qalxanda rayonun dəmiryol xətlərinə yaxın məhəllələrini qrunt suları basıb. Doğulub-böyüdüyü kərpic evlə bərabər, yüzlərlə ev su altında qalıb:

“Evimiz dənizin ortasındakı ada kimi idi. Suyun səviyyəsi pəncərələrə qədər qalxmışdı. Bir müddət qonşuda kirayə qaldıq. 4-5 ay sonra imkansızlıqdan evə qayıtmalı olduq. Su çəkilmişdi, eyni zamanda ev qəzalı vəziyyətə düşmüşdü. Hər şey sıradan çıxmışdı. İcradan nümayəndələr gəldilər, dedilər ki, hamının evi bərpa olunacaq, çox pis vəziyyətdə olanlar isə yenidən tikiləcək. Budur, bütün qonşuların problemi həll edilib, bircə bizdən başqa”.

Təzəgül Talıbzadə

Səbinənin anası Təzəgül Talıbova deyir ki, bu gün kimin pulu var, ona yanaşırlar. Kasıbların isə başından basırlar:

“Su basanda evimizin altı lay kimi tökülmüşdü. Birtəhər düzəldib içinə girmişik. Baxmağa nümayəndələr də gəlmişdilər. Evin qəzalı olduğunu dedilər və elə o gedən də getdilər. Qızım Heydər Əliyev Fonduna, Fövqəladə Hallar Nazirliyinə, prezidentə məktub yazıb. Bugünə qədər cavab ala bilməyib. Qəpik-quruş pensiya alırıq. Onun da hamısı bu evin problemlərinə gedir. Dərd bitmir-tükənmir”.

T.Talıbova deyir ki, evini bir tərəfə çıxarmaq üçün qonşudan sələmə pul götürüb. 5 aydır 1 qəpik də ödəyə bilməyib:

“Yoldaşım xəstə, özüm ürək xəstəsi, qızım da 1-ci qrup əlil. Elə ona görədir ki, bizə baxan, səsimizi eşidən yoxdur. 10 aylıq körpə ilə belə şəraitdə yaşayırıq, zülm çəkirik”.

foto Meydan TV

2010-cu ildə Araz çayında suyun səviyyəsinin qalxması İmişlidə evlərin su altında qalması ilə nəticələnmişdi. Yaşayış məntəqələrində qrunt sularının hündürlüyü 1 metrə qədər yüksəlmişdi.

İmişli rayon Fövqəladə Hallar Komissiyasının üzvü Nazim Rəsulov o vaxt mətbuata açıqlama verərək bildirmişdi ki, İmişlidə 33 ev uçub, 250 ev qəzalı vəziyyətə düşüb. Qəzalı vəziyyətə düşən və uçmuş evlərdən 200-ə qədər vətəndaş yaxın qohumlarının evlərinə köçürülüb.

foto Meydan TV

Səbinə Talıbzadə deyir ki, elə həmin qəzalı evlərdən biri də bugünədək yaşadıqları, İmişli Rayonu, Mirzə Sadıqcan küçəsi, ev 14-dür. Hər tərəfi çat-çatdı:

“Hər an uça bilər. Azca külək olanda gecələri gözümə yuxu getmir. Dəfələrlə dərdimi söyləmək üçün minbir əziyyətlə İmişli rayon İcra Hakimiyyətinə getmişəm. Son dəfə İmişli RİH-nin başçısının birinci müavini Səfa Ağayev məni qəbul etdi. Adımı, ünvanı qeyd edib gəlib problemlə maraqlanacaqlarını desə də, gələn olmadı”.

foto Meydan TV

Meydan TV məsələyə aydınlıq gətirmək üçün İmişli Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətinin ümumi şöbəsindən bildiriblər ki, onlara müraciət edilsəydi, problem çoxdan həll olunardı:

“Bizə müraciət olmayıb. Doğrudur, 6 il əvvəl rayonun bəzi məhəllələrini su basıb, yararsız vəziyyətə düşən evlər də olub. Ancaq həmin evlərin hamısı bərpa edilib. Doğrudan da, qəzalı vəziyyətdə olan ev qalıbsa, mütləq araşdırılıb, kömək ediləcək”.

Ana səhifəXəbərlər”Evimiz hər an uça bilər”