“Evimi icazəsiz sökən “Pilot Residence” MTK məhkəmənin qərarını icra etmir”

Fotolar: Meydan TV

Bütün məhkəmə instansiyaları vətəndaşın xeyrinə qərar çıxarsa da, ona hələ ev verilməyib

“2018-ci ilin iyulun 8-də Səbail rayonu, Nizami küçəsi 4, mənzil 4-də (Axundov heykəlinin yaxınlığı) yerləşən evim “Pilot Residence” MTK tərəfindən sökülüb. MTK-nın təklif etdiyi şərtlərlə razılaşmadığımdan söküntü biz evdə olmayanda həyata keçirilib. Şirkətə qarşı iddia qaldırmışam, illərdir məhkəmə çəkişməsi davam edir, şirkət məhkəmənin qərarını icra etmir”.

Bunu Meydan TV-yə həmin ünvanda qeydiyyatda olan Muxtar Nəsibov bildirib.

Şikayətçinin sözlərinə görə,  ikimərtəbəli, 7 otaqlı evi yerlə-yeksan edilib, evin içindəki bir neçə əşyası da yararsız hala salınıb. Qalan əşyaları isə şirkət tərəfindən götürülərək indiyədək geri qaytarmayıblar:

“Söküntü zamanı işıq, qaz tez-tez kəsilirdi, səs-küydən, tozdan evdə oturmaq mümkün olmurdu. Şirkətdən dedilər ki, evim plana düşmür, biz də söküntü tamamlanadək kirayədə qaldıq. Bir neçə gündən sonra evi söküblər, iddia edirlər ki, guya təsadüfdən dağılıb. Bizə xəbər vermədən əşyalarımızı şirkətin anbarına yığıblar, indiyədək geri ala bilmirik”.

Şirkət premium yaşayış kompleksinin tikintisi üçün həmin il Nizami küçəsində 70-ə yaxın ev söküb. Nəsibov deyib ki, onun təxminən 112 kvadratmetr sahəsi olan evini də ölçüb-biçiblər, evin yerində tikiləcək binada mənzil təklif olunub. Amma divarların qalınlığını çıxaraq evin faktiki sahəsinin 25 kvadratmetr az göstərilməsi səbəbindən razılığa gələ bilməyiblər.

Nəsibov qeyd edib ki, beş il ərzində Səbail Rayon Məhkəməsində bir, Bakı şəhəri Apelyasiya Məhkəməsində beş, Ali Məhkəmədə beş dəfə onun xeyrinə qərar çıxarılıb. Ali Məhkəmə Bakı şəhəri Apelyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb:

“Qərara əsasən, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsindəki 4 nömrəli evin, 4 saylı mənzilin əvəzinə, həmin ərazidə inşa edilən çoxmənzilli yaşayış binasında, ümumi sahəsi 145.34 kvadratmetr olan 4 otaqlı tam təmirli mənzilin verilməsi, bu, mümkün olmadıqda isə həmin mənzilin bazar dəyəri olan dörd yüz yetmiş iki min, üç yüz manatın “Pilot Residence” Mənzil Tikinti Kooperativindən tutularaq mənə ödənilməsi qərara alınıb. İş Səbail Rayon İcra və Probasiya şöbəsindədir”.

Şikayətçi deyib ki, problem ondadır ki, məhkəmənin qərarına ziddi olaraq aşağı sahəli, əslində ikiotaqlı olan mənzil üçotaqlı, eyni zamanda, əslində ikiotaqlı olan mənzil məhkəməyə dördotaqlı mənzil kimi təqdim edilir. Ev əşyalarının anbara yığılaraq toxunulmaz saxlanıldığı bildirsə də, əşyalara baxış aparılmasına şərait yaratmaqdan boyun qaçırılır:

“Bakı şəhəri Apelyasiya Məhkəməsi “Pilot Residence” Mənzil Tikinti Kooperativinin əməlində cinayət tərkibinin müəyyən edilməsi ilə əlaqədar olaraq xüsusi Qərardad qəbul edərək Baş Prokurorluğa göndərib. Bunun da nəticəsini gözləyirəm. Şirkət məhkəmənin qərarını yerinə yetirmir və illərdir mənə dəyən zərər ödənilmir”.

Şirkətin satış şöbəsindən Meydan TV-yə bildiriblər ki, yaxın zamanlarda məhkəmənin qərarı yerinə yetiriləcək.

Ana səhifəSosial“Evimi icazəsiz sökən “Pilot Residence” MTK məhkəmənin qərarını icra etmir”