“Evimdən oğurluq edən şəxsin görüntülərini də vermişəm, polis heç nə etmir”

Oğurluq, Foto: Audio und werbung/shutterstock

Mənzili qarət olunmuş iki vətəndaş polisin hərəkətsizliyindən şikayətçidir

Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan Eldar Nuru oğlu Qarayevin mənzili qarət edilib. Bu barədə Meydan TV-yə onun özü məlumat verib.

Eldar Qarayev deyib ki, ötən il noyabrın 17-də oğurluq edən şəxs onun evdə olmamasından istifadə edərək Əzizbəyov küçəsi 53a-da yerləşən mənzilinə girib. Pəncərəni sındırmaqla içəri girən şəxs 3240 manat pulunu, 18800 manat dəyərində qızıl-zinət əşyalarını aparıb.

Eldar Qarayev elə hadisə baş verən gün Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə məlumat verib. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində olub və oğurluq faktı qeydə alınıb. İş müstəntiq Tural Aslanovun icraatına verilib.

Ancaq Eldar Qarayevin istintaqın gedişindən narazıdır. Deyir ki, ötən il dekabrın 2-də polis idarəsinə gedərək təkrar yazılı müraciət edib. Üstəlik daxili işlər naziri Vilayət Eyvazova, eləcə də prokurorluğa polisin hərəkətsizliyindən şikayətlər ünvanlayıb:

“Hadisə baş verən gün qonşuluqda yerləşən kamera görüntülərini alaraq polisə təqdim etmişəm. Görüntülərdə hadisəni törədən şəxsin kimliyi görünür. Bu adam vaxtilə qapıbir qonşumuz olub. Hazırda Yasamal rayonunda yaşayır. Buna baxmayaraq, onunla bağlı tədbir görülmür. Bugünə qədər hadisənin gedişatı ilə bağlı heç bir məlumat almamışıq”.

Ötən il Bakıdakı evindən oğurluq edildiyini deyən Rusiya vətəndaşı Şəmşir Kərəməli oğlu Nərimanov da polisin hərəkətsizliyindən narazıdır. O da bununla bağlı Meydan TV-yə şikayət ünvanlayıb.

Şəmşir Nərimanov deyir ki, hadisəni evində kosmetik təmir işləri aparan usta törədib. Bununla bağlı Suraxanı Rayon Polis İdarəsinə məlumat versə də, heç bir nəticəsi olmayıb:

“Sanki ilk gündən bu işin açılmasını istəmirlər. Hətta polis bölməsində mənə deyirlər ki, çox şikayət etsən özünü tutub atacağıq içəri. Yaxınlıqdakı mağazadan kamera görüntülərini belə alıb polisə təqdim etmişəm. Hər şeyi əsassız sayırlar. Hətta öyrənmişəm ki, bu, həmin ustanın ilk işi deyil. Qonşumun dediyinə görə, bu usta onun da evində işləyib və qızılını, pulunu oğurlayıb. Polisə şikayət etsə də, şikayətinə baxılmayıb”.

Şəmşir Nərimanov deyir ki, anası onkoloji xəstlikdən əziyyət çəkir, öhdəsində iki azyaşlı övladı var. Hadisədən sonra hamısı stress, qorxu içindədir:

“Kimliyini bildiyimiz oğru azadlıqda gəzir, əşyalarımız geri qaytarılmır. Buna bir əncam çəkilməsini istəyirik”.

Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Tural Aslanov Meydan TV-yə bu barədə danışmaq səlahiyyətində olmadığını, DİN-in mətbuat xidməti ilə əlaqə saxlamağımızı deyib. Müstəntiq yalnız onu bildirib ki, Eldar Qarayevin evindən oğurluq etməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb və yaxın günlərdə onun yanına gətiriləcək.

Suraxanı Rayon Polis İdarəsindən də məlumat vermək səlahiyyətində olmadıqlarını deyiblər.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev şikayətləri araşdırıb məlumat verəcəklərini bildirib.

Ana səhifəSosial“Evimdən oğurluq edən şəxsin görüntülərini də vermişəm, polis heç nə etmir”