Ucar sakini: “İki aydır pulsuzluqdan Bakıda hərbi hospitalda yatan oğlumun yanına gedə bilmirəm…”
Ucar sakini, amma Mingəçevirdə kirayə yaşayan Safura Xasməmmədovanın həm həyat yoldaşı, həm də iki oğlu Qarabağ müharibələrinin iştirakçısı olub. Ata Zaur Xasməmmədov 28 il hərbi qulluqçu olub, Birinci Qarabağ Müharibəsində, 2016-cı ilin aprel döyüşlərində iştirak edib, yaralanıb. 2019-cu ildə elə iş yerində – hərbi hissədə də həyatını itirib. İki oğlu isə 44 günlük müharibədən sağlamlıqlarında ciddi problemlə qayıdıb. Birinin vəziyyəti daha ağırdır. Ailənin isə yaşamağa yeri də yoxdur. Üstəlik, ana ağır xəstədir…
“Oğlum dördüncü mərtəbənin eyvanında boğazına ip keçirib, özünü yerə sallamışdı”
Safura Xasməmmədova danışır ki, böyük oğlu Nemət Bakıda hərbi hospitalda yatır. Müharibə iştirakçısı döyüşlərdən qayıdandan sonra dördüncü dəfə intihara cəhd göstərib. Axırıncı cəhddən sonra onu hospitalın psixiatriya şöbəsinə yerləşdiriblər:
“Ayın 14-ü üç ay tamam olacaq ki, orada yatır. Evdə intihar eləmişdi. Ondan sonra Mehriban xanıma yazdım, reaksiya verdilər, gəlib aparıb hospitala yerləşdirdilər. Məktubuma 10 günə cavab gəldi. Sonra Bərdədəki korpusa getdim, gəlib apardılar. Əvvəl Ağdama – Sarıcalıya aparmışdılar. Orada müalicəsi mümkün olmadı deyə, sonra Bakıya köçürdülər. İki aydır imkansızlıqdan yanına gedə bilmirəm. Özüm də həm infarkt keçirmişəm, həm də onkoloji xəstəyəm”.
Nemət Xasməmmədov 2020-ci il oktyabrın 3-də Suqovuşanda yaralanıb. Ertəsi gün ailəsi bundan xəbər tutub. Hətta onlara əvvəlcə Nemətin həlak olduğunu deyiblər:
“Ayın 4-də bizə zəng gəldi ki, oğlum Naftalan hospitalında şəhidlərin arasındadır. Hospitaldakılar görüb ki, bunun nəbzi vurur, dərhal aparıblar Gəncəyə. Orada yer olmadığından, sonra Şəmkirə göndərdilər. Onda beyin silkələnməsiydi. Başına qəlpələr girib və çıxıb. Deyəsən, hətta xırda qəlpələr qalıb. İntihara cəhd elədi ki, ağrıya dözə bilmirəm. Evdə kəsici-deşici nə varsa, yığışdırmışdım. Özünü öldürmək istəyirdi, mənə, qardaşına hücum edirdi. Damarını kəsirdi, gecələr qışqırırdı. Neçə dəfə damarını kəsib, hamamda özünü boğub. Dördüncü mərtəbənin eyvanında boğazına ip keçirib, özünü yerə sallamışdı. Biz çatmasaydıq, ip qırılsa, düşəcəkdi yerə”.
“Başından yaralanmış oğlum fəhləlik eləyir ki, yeməyə nəsə alaq”
2016-cı ilin aprel döyüşlərində yaralanmış Zaur Xasməmmədov iki il öncə Bərdədə hərbi hissədə həyatını itirəndə ailəsinə onun qəfil ürəktutmasından vəfat etdiyi bildirilib:
“Heç mənə tabutu açmağa imkan vermədilər. Elə dedilər ki, bu səbəbdən vəfat edib, vəssalam. Mənim də inanmaqdan başqa çarəm qalmadı. Aprel döyüşlərində necə yaralandığına onu tanıyan hər kəs şahiddir. Amma hospitalda yatmadı ki, məndən də ağırları var. Üç ay ərzində onun ayağını biz evdə sağaltdıq. Elə yaralanmışdı ki, ayağının sümüyü görünürdü. Aprel döyüşlərinə görə də ona medal, fəxri fərmanlar verdilər”.
İndi Safura Xasməmmədova kiçik oğlu Namiqlə kirayədə çətin şərtlər altında yaşayır. 44 günlük müharibədə başından yaralanan, görmə problemi yaşayan Namiqin də vəziyyəti yaxşı deyil. Lakin o, xəstəliklərdən əziyyət çəkən anasına heç olmasa, çörək ala bilmək üçün fəhləlik eləməyə məcburdur.
“O vəziyyətdə fəhləlik eləməyə gedir. Çalışır, 3-5 manat qazansın ki, yeməyə nəsə ala bilək. Qazandığı heç kirayə puluna çatmır…”, – ana ağlaya-ağlaya danışır.
“Kirayə pulunu ödəyə bilmirik”
Həyat yoldaşı və iki oğlu ilə yanaşı, qardaşının da müharibə iştirakçısı olduğunu vurğulayan Safura Xasməmmədova ailənin çox çarəsiz vəziyyətdə olduğunu deyir. Onun sözlərinə görə, dolanmaq mümkün deyil, evsizlik lap çəkilməz yükə çevrilib:
“Uşaqlarımın hər iki subaydı, müharibəyə gedib, şikəst olub qayıtdılar. Həyat yoldaşım bu torpaqlardan ötrü 28 il can qoyub. Bizə münasibətə baxın! Birotaqlı evim yoxdu ki, ora başımı salım, dərdimi çəkim. İcra hakimiyyəti baxmır, yazdığım məktublar da üstümə qayıdır. Yoldaşımın şəhid olmadığını bəhanə eləyirlər. O, öləndə bircə güllə yarası olmayıb”.
Ucar sakini dəfələrlə yerli icra hakimiyyətinə müraciət etdiyini, şəxsən icra başçısı Mənsur Məmmədovun qəbulunda olduğunu bildirir. Onun sözlərinə görə, həyat yoldaşının şəhid olmadığını, oğullarına isə hələ əlillik dərəcəsi verilmədiyini bəhanə gətirib, heç bir köməklik göstərməyiblər:
“44 gün tək ana, dörd divarın arasında nigarançılıqla yaşamışam. Mən evimdəki hər üç kişini Azərbaycana qurban vermişəm, amma bu ölkədə bir metr torpağım, birotaqlı evim yoxdur. Həyat yoldaşımla xidmət eləyənlərin çoxuna ev verilib. Biz adicə kirayə pulunu ödəyə bilmirik. Ya kimsə kömək eləməlidi, ya da borca pul götürməliyik ki, hər ay bunun öhdəsindən gələk. Desələr ki, növbədəsən, gedib bir qohumun yanında oturub, növbəmi gözləyərəm. Onu da demirlər. Ürəyim tez-tez tutur. Qalmağa heç yerim yoxdu. Elə bir yer yoxdu ki, kirayədən çıxım, gedib qalım”.
Müdafiə Nazirliyi nə deyir?
Prezidentin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı var. Bu fərmanın 3.1 bəndində yazılıb ki, komissiya üzvləri siyahını hazırlayarkən hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini də nəzərə almalıdır. Lakin hələ ki, bu fərman Xasməmmədovlar ailəsinə şamil olunmayıb.
Safura Xasməmmədova həyat yoldaşının 20 ildən artıq qüsursuz hərbi xidməti, ailənin durumunun ağırlığı və s. məsələlərin nəzərə alınması, onların evlə təmin olunması xahişiylə müdafiə naziri Zakir Həsənova da müraciət edib. Amma hələ ki, ona ümidverici cavab verən olmayıb.
Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi Elmar Məmmədov bildirib ki, Zaur Xasməmmədovun adı 1996-cı ildən Ordu sıralarında 20 il və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsinə baxacaq müvafiq komissiyaya təqdim olunacaq siyahıya daxil edilib:
“Komissiya tərəfindən qərar qəbul ediləndə nəticəsi barədə Safura Xasməmmədovaya məlumat veriləcək”.
İcra hakimiyyəti cavab vermir
Ucar Rayon İcra Hakimiyyətindən isə Meydan TV-nin bu ailənin durumuyla bağlı suallarını cavablandıran olmayıb. İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Əliyev iki gün ərzində edilən çoxsaylı zənglərə cavab verməyib. İcra başçısı Mənsur Məmmədov və onun köməkçisi Vüqar Umudovun iş otağındakı telefon daim faksa qoşulu olduğundan onlarla da əlaqə yaratmaq mümkün olmayıb.