Vətəndaş rüşvət vermədiyi üçün evinin söküldüyünü iddia edir
“Abşeron rayonunun Masazır qəsəbəsində fərdi yaşayış üçün nəzərdə tutulan torpaq sahəm vardı. May ayında həmin torpaq sahəsində ev tikmək qərarına gəldik. Bir xeyli iş görülmüşdü ki, icra nümayəndəsi evimi başıma uçurdu”, – Bakı sakini Gülyanaq Əsgərova belə deyir.
G.Əsgərova haqsızlığa uğradığını düşünür. Deyir, bütün sənədlərinin qaydasında olmasına baxmayaraq, onun evini söküblər: “Tikintiyə başlamazdan əvvəl qanunda nəzərdə tutulduğu kimi Abşeron rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etdik. Bir müddət keçəndən sonra tikintiyə başladıq. Evin daş hissəsini tikib bitirən zaman Abşeron rayonunun baş memarı Akif Əliyev bir neçə işçisi ilə gələrək, evi uçurdacaqlarını dedi. Səbəb kimi eskiz layihəsində möhürünün olmamasını göstərdi. Tikinti işlərini dayandırıb, eskiz layihəsinə baş memarın möhür və imzasını əlavə etdirdik”.
“Evim icra hakimiyyətindəki daxili məmur davasının güdazına getdi”
Şikayətçi deyir ki, bu prosesdən sonra sənədlərinin düz olduğu qənaətinə gələrək tikintiyə davam edib: “Hətta memarlığın Elmir adlı işçisi də dedi ki, bizim torpaq sahəsinin bütün sənədləri qaydasındandır, davam edə bilərik. Bundan əlavə, tikinti üçün lazım olan bütün icazəni qanuni şəkildə almışıq. Ancaq sənədlərimizə, qanuna baxan olmadı. Elə ki, evin daş hissəsin və ikinci kəmərini hazır etdik, memarlığın işçiləri və kənd icra nümayəndəsi gələrək tikintini dayandırdı. İcra hakimiyyətindəki daxili məmur davası üzündən mənim evimi Akif Əliyev prinsp apararaq uçurdu”.
“3500 manat pul gətirməsən, evini uçuracağam”
Gülyanaq Əsgərova ondan rüşvət istədiklərini deyir: “Akif Əliyevlə telefon danışığımız oldu. Mənə dedi ki, bizim sənədlərə möhür vurulan zaman ona pul çatmayıb. Dedi: “Orda icranın da haqqı var idi. Səhər tezdən saat 09:00-da 3500 manat pul gətirməsən, evini uçuracağam”. Halbuki tikilini uçurmaq üçün məhkəmənin qərarı olmalıdır. Akif Əliyev isə İcra Hakimiyyətinin işçisi olmayan Kəlam adlı şəxsi yollayıb traktorla evimin arxa tərəfini uçurdu. Burada mənə 10 min manat ziyan dəydi. Usta deyir ki, ev tamamilə sökülməlidir”.
Vətəndaş İcra Hakimiyyətinə gedərək, Akif Əliyevə etdiklərinə görə onu məhkəməyə verəcəyini deyib: “Heç vecinə də olmadı. Mənə “get, nə istəyirsən et”, – cavabını verdi. Bunların gözü elə dönüb ki, kimsədən qorxuları qalmayıb. Nə rəhbərliyi, nə də öz imza və möhürlərini sayırlar”.
İcra Hakimiyyəti məsələni araşdıracaq
Meydan TV məsələyə münasibət öyrənmək üçün Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladı. Baş memarla danışmaq mümkün olmadı. Abşeron Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Xəlilov isə bu barədə məlumatsız olduqlarını dedi. Bildirdi ki, vətəndaş bütün sənədlərini götürüb İcra Hakimiyyətinə, onun yanına getsin:
“Mən məsələni araşdırıb ona kömək etməyə çalışacam. Eyni zamanda, Akif müəllimlə də əlaqə saxlayacam. Görüm nə məsələdir”.
“Vətəndaşın əmlakı qəsdən, bilə-bilə məhv edilib”
“Hüquqi Dövlət Araşdırmalar Fondu”nun prezidenti Müzəffər Baxışov burada vətəndaşın hüquqlarının pozulduğunu deyir. Bildirir ki, əgər vətəndaş torpağı alıbsa, onun mülkiyyətçisidirsə, tikinti aparmaq üçün eskiz layihəsini icra hakimiyyətinin baş memarı təsdiqləməlidir: “Burada vətəndaş deyir ki, baş memarın möhürü və imzası var. Belə olan halda problemsiz tikinti apara bilər”.
“Baş memarın bu hərəkəti qanunsuzdur”
Hüquqşünas deyir ki, əgər vətəndaş əlindəki eskiz layihəsindəki nümunəyə uyğun tikinti apardığı halda icra nümayəndəsi onun evini sökübsə, deməli, o, vətəndaşın əmlakını qəsdən, bilə-bilə məhv edib: “Buna görə vətəndaş həmin şəxsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186-cı maddəsinə əsasən məhkəməyə verə bilər. Təəssüflər olsun ki, Azərbaycan hüquq dövləti olmadığından belə qanunsuzluqlara yol verilir, buna görə məsuliyyətə cəlb edilmirlər. Nəticədə, istədikləri kimi vətəndaşların hüquqlarını pozur, onların mənafelərinə mühüm zərər vururlar”.