Evi yanan sakinlər: 1 ay 12 gündür küçələrdə qalmışıq

Yanğından zərər çəkən 10 ailədən yeddisi məcburi köçkündür

Source:
Yanğın
Yanğın
Yanğın
Yanğın


Yanğından zərər çəkən 10 ailədən yeddisi məcburi köçkündür

“1 ay 12 gündür ki, küçələrdə qalmışıq. Nə qədər qohum-qonşu evində gecələmək olar? Abır-həya var. Adam bir gün qonaq olar, iki gün olar. Bu, daha nə qədər sürəcək? Qalmışıq qapılarda”, – deyir Zahid Əbilov.

Z. Əbilovun ailəsi və Sumqayıt şəhəri, Kərim Kərimov küçəsində yaşayan daha 50 nəfərin evi sentyabrın 16-da yanıb. Sakinlər bildirirlər ki, həmin gündən bu yana onların vəziyyəti, harada qalmaları ilə maraqlanan olmayıb:

“Aidiyyatı qurumlara vəziyyətimiz barəsində məlumat vermişik. Ancaq bugünə qədər kimsədən səs-səmir çıxmayıb”.

Sakinlərin evlərinin elektrik naqillərindəki qısaqapanmadan yandığını güman edirlər. Onlar naqillərin köhnəldiyini və yanğının həmin gün işığın sönüb yenidən yanması zamanı baş verdiyini deyirlər:

“Əslində o naqillər yanğın törədəcək vəziyyətə gəlib çıxmamalıydı. Heç kimin vecinə deyil. Bəlkə də vaxtında nəzarət olsaydı, bu vəziyyətə gəlib çıxmazdıq. Pis-yaxşı yaşayırdıq. Soyuğun günündə küçələrdə qaldıq. Sənədlərimiz, pulumuz, qızılımız və bütün əşyalarımız yanıb”.

Yanğından zərər çəkən 10 ailədən yeddisi məcburi köçkündür. Hadisədən sonra əraziyə gələn Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi deyib ki, məcburi köçkünlərə kompensasiya ödəniləcək. Yerdə qalan digər 3 ailəyə isə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüblər. Onlardan da hələ bir xəbər çıxmayıb:

“Sumqayıt şəhər İcra Hakimiyyətinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, əraziyə baxan icra nümayəndəliyinə vəziyyətimizlə bağlı məlumat vermişik. Ancaq hələ ki, bir dəstək görməmişik”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat almaq mümkün olmadı.

Sumqayıt şəhər İcra Hakimiyyətindən isə bildirdilər ki, məsələdən məlumatlıdırlar. Yanğın nəticəsində 10 ailəyə zərər dəyib:

“Onlardan 7-di Füzuli rayonundan məcburi köçkündür. Qalan 3 ailədən biri isə Füzuli rayon qeydiyyatındadır, məcburi köçkün statusu yoxdur. Digər bir ailə Ağsu rayonunda, bir ailə isə isə Sumqayıt şəhər qeydiyyatındadır. Həmin 10 ailənin müvəqqəti yaşayış sahəsi ilə təmin olunması məqsədilə Hacı Zeynalabdin qəsəbəsində hərbi hissəyə məxsus keçmiş 19 saylı uşaq bağçasının binası Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən təmir olunaraq, yaşayış üçün yararlı hala salınıb”.

İcra Hakimiyyətindən bildirildi ki, ailələr həmin binaya köçməkdən imtina ediblər:

“Onlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə etdikləri müraciət əsasında dəymiş ziyana görə kompensasiya və özlərinə müvafiq yaşayış sahəsi əldə etmək üçün uşaq bağçasının binasına köçməkdən imtina ediblər. Yanğın nəticəsində zərər çəkmiş məcburi köçkün ailələrinə Qaçqınkom tərəfindən müəyyən məbləğdə pul vəsaitinin verilməsi və Sumqayıt şəhər qeydiyyatında olan ailənin isə yaşayış yeri ilə təmin olunması nəzərdə tutulub”.

Ana səhifəXəbərlərEvi yanan sakinlər: 1 ay 12 gündür küçələrdə qalmışıq