Evi yanan qadın: İcra başçısı dedi ki, mən heç kimin şikayətinə baxmıram

Dişimlə-dırnağımla tikdiyim ev küllü-küf oldu.

Source: Specify Source


“Yanğın vaxtı möhkəm şok keçirdim, hələ də özümə gələ bilmirəm”

“Bir aydan çoxdur ki, evimiz yanıb, çöldə qalmışıq, bir əncam çəkən yoxdur. Gəlib, ancaq yoxlayırlar, yanan evin şəkillərini çəkib gedirlər, ortada da heç nə yoxdur”.

Bu il iyulun 26-da evi tamamilə yanan Ağsu rayonu, Kalağaylı kənd sakini İbadət Aydın qızı Qəmbərova Meydan TV-yə danışır:

“Bir tikə çörəkdən ötrü məktəbdə döşəmə süpürürəm. Evimizi tiksələr, bu əzab-əziyyətdən canımız qurtarar. Bütün əşyalarımız evdə yanıb, kül oldu. Hərə bir şey verib, köhnə soyuducu, çarpayı, kimin nəyə imkanı çatır. Öz evimdə nələrim yox idi ki. Dişimlə-dırnağımla tikdiyim ev küllü-küf oldu. Uşaqlar istidən ölürlər, boğuluruq. Yer tapmırıq ki, sərinlənək. Ağacın altına getmirik ki, yayın cırhacır istisidir, ilan olar. Qalmışıq yaman gündə. Heç olmasa, qışa qədər evin bir otağını tiksələr, başımızı soxarıq içinə, yaşayarıq. Yanğın vaxtı möhkəm şok keçirdim, hələ də özümə gələ bilmirəm. Ürəyimdə tromblaşma gedir, müalicəyə pul yoxdur. Ürəyim tutanda az qalıram ki, boğulub ölüm. İsti də bir yandan kələyimizi kəsir”.

Şikayətçinin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən Ramin adlı nümayəndə evə təkrar baxış keçirib. Bildirib ki, ev tamamilə deyil, qismən bərpa olunacaq:

“İki gün öncə Ramin gəldi, qeydlər apardı. Dedi ki, yalnız bir otağı tikəcəyik. Mən də ondan soruşdum ki, bir otaqda, bütün ailə necə yaşaya bilər? Oğlumla gəlinim, yanımda yatmalı deyil. Heç olmasa, iki otaq tikilsin. O da dedi ki, bir ay döz, sənədləri yenidən tərtib edib, nazirliyə təqdim edim, görək, nə cavab gəlir. Sonradan zəng edib, soruşdum. Dedi ki, sənədləri yuxarılara vermişəm, sonrası mənlik deyil. Bilmirəm, dərdimi kimə deyim. İcra Hakimiyyətinin qapısında yatmaqdan bezmişəm.

69086445_2974667295909045_4594700530873270272_n.jpg
“Heç olmasa, qışa qədər evin bir otağını tiksələr, başımızı soxarıq içinə, yaşayarıq”

Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılovla görüşmüşəm. İcra hakimiyyəti başçısı Ənvər Seyidəliyevlə görüşəndə, mənə deyib ki, çıx bayıra. Əsəbi vaxtına düşdüm, dedi ki, çıx bayıra, mən heç nəyə baxmıram. Hara şikayət edirsiz, gedib edin. Növbəti gün getdim, dedim ki, bəs mənim evim yanıb. O da cavabında dedi ki, mən heç kimin şikayətinə baxmıram. İcraya gedirəm, başçı deyir ki, mənlik deyil. 102-yə zəng edirəm, onlar da deyir ki, sənin evini İcra Hakimiyyəti tikməlidir. Onu da deyim ki, zəlzələdən evimiz qəzalı vəziyyətdə idi. FHN-nin komissiyası gəlib, baxıb, ciddi bərpa yazmışdı. Kompyuterdə sistemə vurulmuşdu. Dedilər ki, sizin sənədlər sistemdə var. Eviniz yansa da, sizə mütləq bir otaq düzəldilməlidir. Amma nə vaxt, bilinmir. Heç olmasa bir otaq düzəltsinlər. Balalarımı, nəvələrimi yığım bir yerə”.

İbadət Qəmbərova deyir ki, çadırda yaşamaq çox çətindir. Günortalar, isti, gecələr isə soyuq və nəmişlik olur:

“Yuxarıdan su gəlir, torpağın üstü su olur, çadırı bağlayırıq, pis qoxudan, nəmişlik iyindən baş çatlayır. Özünüz baxın, mən burada qışda necə yaşayım? Fövqəladənin əməkdaşı mənə dedi ki, çadırda soba üçün boru yeri var. Qışda soba qoya bilərsiniz. Yəni ki, sən çox da ümid olma, evin nə vaxta tikiləcək, bəlli deyil. Mən burada necə yaşayım? Nə yaxşı ki, qohum-qonşu yatmağa çarpayı verib. Gündüzlər istidən qırılıb-batırıq. Gecə də buzxana olur. Bir sözlə, itin zülmünü çəkirik.

68962712_2974659872576454_3724865814008954880_n.jpg
“Yanğın vaxtı möhkəm şok keçirdim, hələ də özümə gələ bilmirəm”

Meydan TV-yə şikayət edəndə, bizə irad bildirdilər. Amma baxın, bir aydan çox vaxt keçib, amma hələ də daşı-daş üstünə qoymayıblar”.

Ağsu Rayonu İH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavanşir Nəsibov Meydan TV-yə bildirib ki, tikinti və bərpa-təmir işləri FHN tərəfindən həyata keçirilir:

“Qəzalı evlərə FHN tərəfindən baxış keçirilir. Evin durumu və ayrılacaq vəsaitin həcmi müəyyən edilir. İcra Hakimiyyətinə təkcə təmir üçün vəsait ayrılıb. Tikinti işləri isə FHN tərəfindən aparılır”.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

69401769_2974667102575731_9079794741893136384_n.jpg
İbadət Qəmbərova: İcra Hakimiyyətinin qapısında yatmaqdan bezmişəm
Ana səhifəBölgəEvi yanan qadın: İcra başçısı dedi ki, mən heç kimin şikayətinə baxmıram