Evi sökülən qadın: Döyüb çölə atdılar, əşyalarımızı çıxarmağa imkan vermədilər

“İnsan insana bu qədər zülm etməz, biz bu şirkətdən hansı vəhşilikləri gördük, bir Allah bilir, bir də özləri…”

Source: Meydan Tv


“İnsan insana bu qədər zülm etməz, biz bu şirkətdən hansı vəhşilikləri gördük, bir Allah bilir, bir də özləri…”

Bunu Meydan TV-yə Bakı şəhər sakini Səmayə Qəşəm qızı Həsənova deyir.

Bir müddətdir ki, Bakının Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsindəki 2 saylı bina sökülür. Bina sakinləri Nərimanov Rayon İcra Hakimiyyətinin şərtlərini qəbul etməsələr də, uzun müddətlik mübahisələrdən sonra sakinlər evlərini tərk etmək məcburiyyətində qalıblar. Yalnız bir neçə ailə evindən çıxmayıb. Belə ailələrdən biri də Həsənovlardır. Səmayə Həsənova deyir, 1 ildən çoxdur ki, “N-Turan” şirkətiylə sözün əsl-mənasında əlbəyaxadadır. Hər dəfə evi sökmək üçün gələn şirkət işçiləri və şirkətə aidiyyəti olmayan şəxslər onu və oğlunu döyüb, evdən çıxarmağa cəhd edib. Xanımın deməsinə görə, nəhayət, həmin şəxslər buna nail ola biliblər.


“Aldadıb polis şöbəsinə apardılar”

“Ceyhun Hacıbəyli küçəsi, bina 2, mənzil 3 ünvanında oğlumla birlikdə yaşayırdım. O evin mülkiyyətçisi anam olub. Anam dünyasını dəyişəndən sonra mülk vərəsə payı olaraq ailə üzvlərimiz arasında 5 yerə bölünüb. Əmlakdan 1/5 pay mənə düşüb. Mən o evdə oğlumla yaşaya-yaşaya, o evə qeydiyyatımız ola-ola, bizimlə heç bir razılaşma olmayıb, heç bir müqavilə bağlanmayıb. Ötən il avqustun 8-də Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları gəlib məni müqavilə bağlanması adıyla evdən çıxarıb bölməyə apardılar. Məni bölmədə saxlayandan sonra evə gəlib oğlumu aldadıblar ki, ananın vəziyyəti ağırlaşıb, səni istəyir. Bu yolla oğlumu da evdən çıxarıblar. Evə qayıdanda gördüm ki, şirkətin fəhlələri evin pəncərələrini sındırıblar, dəmir barmaqlıqları çıxarıb aparıblar, evdəki əşyaları dağıdıblar. Parketi, lüstürləri, mebelləri, şüşə servisləri sındırıblar. Qapını şərşivədən çıxarıb aparıblar. Hay-küy salıb birtəhər qarşısını ala bildim. Evin tavanını yararsız hala salmışdılar, yağış evin içinə yağırdı. Otaqlarda yağış suyu kanalizasiya suyuna qarışırdı. Soyuqlarda qapıya palaz salıb yaşamalı olduq”, – şikayətçi deyir.


“Evdən çıxan kimi eskalatoru işə saldılar”

Səmayə Həsənovanın sözlərinə görə, dekabrın 27-də qaz xəttini dağıtdıblar. Ondan əvvəlsə su xətti kəsilərək götürülüb. Çərçivədən çıxarılmış qapılar, elektrik mişarla kəsilərək götürülmüş dəmir məhəccərlər hara daşınıb, bilmir. Xanım deyir, yanvarın 6-da şirkətin işçiləri gələrək onu razılaşmaq üçün danışığa aparmaq bəhanəsi ilə evdən çıxarıblar. Bu dəfə mənzil tamamilə sökülüb:

“N-Turan MMC” bonkrot olduğuna görə işləri “Olympus-Park” MMC davam etdirir. Ancaq dağıntıları, vəhşilikləri davam etdirən hələ də “N-Turan” işçiləridir. Yanvarın 6-da gəlib məni aldatdılar ki, gedək “Olympus-Park”-ın sahibinin yanına, sözünü ona de, tədbir görsün. Neçə vaxt idi ki, eskalatoru gecə-gündüz qapının kandarında saxlayırdılar, gözləyirdilər ki, biz evdən çıxan kimi işə başlasınlar. Mən də düşündüm daha bu işə birbaşa şirkətin sahibi müdaxilə edəcəksə, gedim, dərdimi deyim… Evdən təzəcə uzaqlaşmışdım ki, bir də xəbər tutdum eskalatoru işə salıb, evi əşyalarıyla birlikdə uçurublar”.


“Bölgüdə payına düşənlə razılaşmır”

“Olympus-Park” MMC-nin Ceyhun Hacıbəyli küçəsi, 2 saylı ünvandakı tikinti yerində olan əməkdaşları Meydan TV müxbirinə bildiriblər ki, 3 saylı mənzil vərəsələr arasında beş hissəyə bölünüb. Bölgü nəticəsində 1/5 payı Səmayə Həsənovaya düşüb. Lakin qadın bölgüdə payına düşən sahənin az olduğunu bildirərək aylardır ki, şirkətin fəaliyyətinə mane olur. 2 ilə təhvil verilməli olan binanın tikintisi ləngiyir.

Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan ünvanda istismar müddəti bitmiş həmin binanın qəzalı və texniki vəziyyətinin məhdud işlək olması barədə Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumu tərəfindən 16.01.2018-ci il tarixli rəy verilib. Tikilməkdə olan binanın layihə sənədləri aidiyyatı qurumlar tərəfindən razılaşdırılıb. 128 ailə ilə qarşılıqlı razılaşma əsasında müqavilələr bağlanıb. Aylıq kirayə haqları ödənilməklə sakinlər köçürülüb, hazırda həmin sakinlər üçün yeni mənzillərin inşası davam etdirilir. Pilot layihə çərçivəsində bir qayda olaraq sakinlərə əvvəlki mənzillərinin ölçüsündən 20-25% əlavə ölçüdə yeni mənzillər ayrılıb. Lakin bir neçə sakin daha geniş ölçülü mənzillər tələb edirlər ki, bu da mümkün deyil.

Səmayə Həsənova məhkəməyə müraciət edib. O, “N-Turan” şirkətə qarşı dəymiş mənəvi zərərə və dağıdılmış əşyalara görə 250 min manat və sahəsi 140 kvadratmetrdən az olmayan mənzil tələb edir.

PHOTO-2021-02-05-15-26-01 (1).jpg
Sənəd
Ana səhifəXəbərlərEvi sökülən qadın: Döyüb çölə atdılar, əşyalarımızı çıxarmağa imkan vermədilər