Əvəzolunmaz müharibə canisi, qəhrəman və pullu əsgər…

Avqust ayında kampa gələn 3 ABŞ zabiti formalı şəxs onu Nurnberqə aparmaq üçün gəldiklərini deyib Skorzenini qaçırırlar.

Foto: Meydan TV


Skorzeninin əsir götürməkdən zəhləsi gedirdi və buna görə də hətta təslim olanları belə öldürürdü

Tarixdə baş vermiş müharibələrdə çox vaxt ancaq komandanlar yadda qalır. Əksər hallarda tarixə adı düşən generallar olur.

Nadir hallarda hansısa əsgərin və ya aşağı rütbəli zabitin ulduzu parlayır və o, adını tarixə yazdıra bilir.

Az da olsa bu cür örnəklər var. Bu yazı onların ən məşhuru haqqındadır.

Tarix ancaq müsbət personajlardan ibarət deyil. Və eləcə də tarixdə ədalət deyilən şey yoxdur. Günahkarların cəzalanması yalnız zərərçəkənlər daha güclü olduqda mümkün olur.

Tarixdə ədalətin olması isə ancaq gücsüzlərin və ədaləti bərpa etmək uğrunda döyüşmək istəməyənlərin uydurduğu utopiyadır.

Bu yazıda əli yüzlərlə günahsız insanın qanına batsa da, cəza görməyən, əksinə dəbdəbəli və xoşbəxt şəkildə yaşayan və ölən məşhur zabit haqqında oxuyacaqsınız. O, həm də öz ölkəsinin ən məşhur qəhrəmanlarından biri idi…

Otto Skorzeni Vyanada Polşa əsilli ailədə doğulmuşdu. Birinci Dünya müharibəsi vaxtı ibtidai məktəbdə oxuyan Skorzeninin varlı ailəsi və ölkəsi müharibə nəticəsində eleqant həyatdan kasıblığın kandarınadək düşmüşdü. Bu yeniyetmə Ottoda müharibəyə nifrət hissləri yaradır.

Vyana Texniki Universitetində oxuyarkən uşaqlıqda başladığı qılıncoynatma məşqlərinə davam edən Skorzeni uğurlu idmançıya çevrilir. Lakin döyüşlərdən birində aldığı yaradan sonra üzündə qalıcı çapıq yaranır. Bu yara onun öncə ətrafı ilə münasibətlərini, ardınca həyata baxışını və bütün taleyini dəyişir.

Skorzeni Almaniyadan sonra Avstriyada da yavaş-yavaş baş qaldıran nasizm hərəkatına meyillənir, universitetdə yaradılan nasist cəmiyyətinə qoşulur. Universitetin son kursunda, 1931-ci ildə isə Avstriyadakı Nasist Partiyasına üzv olur. Və bununla da hekayə başlayır…

Əvvəlcə SA-lara qoşulan Skorzeni sürətlə yüksəlir. Hitlerin Avstriyanı birləşdirməsindən(Anşlüs) sonra isə SS-ə qoşulur, sərt xüsusi təyinatlı təlimlərinin ardınca isə fiziki göstəricilərinə görə Hitlerin şəxsi mühafizəçisi olur.

Müharibə başlayanda tank ordusuna yazılan Skorzeni, Fransa və Hollandiya əməliyyatlarında topçu bölüyündə kəşfiyyatçı kimi xidmət edir. Ardınca Balkan əməliyyatında iştirak edir və əməliyyatın gedişində tank ordusuna qayıdır.

Yüksək boya (193sm) və ağır çəkiyə (110kq) baxmayaraq bir çox döyüşdə xüsusi təyinatlı kimi olduqca böyük uğurlar qazanan Skorzeninin şöhrəti bütün alman ordusuna yayılır və leytenant rütbəli zabit bir anda Hitlerin sevimlisinə çevrilir.

1943-cü ildə Hitlerin əmri ilə Təhlükəsizlik Nazirliyində (RSHA) xüsusi əməliyyat qrupunun başına gətirilən Skorzeni bundan sonra birbaşa Hitlerin əmri ilə ölkə xaricindəki ən vacib əməliyyatlara göndərilir.

İlk olaraq 1943-cü ildə iyul ayında alman hava qüvvələrinin keçirdiyi əməliyyata başçılıq edir və Benito Mussolinin dağlıq ərazidəki otel-həbsxanadan qaçışını təşkil edir.

Əməliyyatın uğurla bitməsi Skorzenini bütün Almaniyada ulduza və ordunun ən məşhur zabitinə çevirir.

1943-cü ilin noyabrında Almaniyanın müttəfiqi Bosniyada üsyan qalxır və Hitler bu dəfə də Skorzenini göndərir. Üsyanın başçısı qaçmağı bacarsa da, üsyan qansızca yatırılır.

1944-cü ilin oktyabr ayında Almaniyanın başqa bir müttəfiqi Macarıstanın kral naibi (baş nazirə bərabər vəzifə) Horti Almaniyanın artıq uduzduğunu düşünür və İngiltərə ilə danışıqlara başlayır və ölkəni SSRİ-yə təslim etmək qərarı verir.

Hitler müdaxilə edir və Skorzenini göndərir. Skorzeni sovet mühasirəsində olan Budapeştə gəlir, hökumət binasını mühasirəyə alaraq Hortini yaxalayır və Bavariyaya aparır.

Müharibədə artıq uduzduğu anlaşılan Almaniya təslim olmur və 1944-cü ildə qərb cəbhəsində-Belçikada yeni hücum başladır. Bulge müharibəsi adlanan bu hücumda Skorzeni artıq kəşfiyyat briqadasının komandiri idi və onun bölmələrinin tank qoşunları ilə birgə hücumları ingilis-amerikan təchizat xətlərini kəsərək onları mühasirəyə alır, amerikan ordusuna müharibənin ən ağır itkilərini(50 min nəfər) yaşadır.

Müharibənin sonunda sovetlərə qarşı döyüşmək üçün şərq cəbhəsinə gətirilir və burada Qızıl Orduya ən böyük itkiləri yaşadan əməliyyatlara rəhbərlik edir. Ardınca Berlinə qayıdır və Berlinin müdafiəsi uğrunda döyüşlərdə iştirak edir. Almaniya təslim olduqdan sonra isə Bavariyaya qaçır və burada amerikalılar tərəfindən həbs olunur.

Müharibənin sonlarında qısa müddət aralıqları ilə rütbəsi artırılaraq polkovnik-leytenant rütbəsinədək qalxsa da, həmişə "leytenant" kimi tanınan və əsgərlərindən onu belə çağırmasını tələb edən Skorzeni rütbəsinin nə olmasından asılı olmayaraq amerikalılar üçün dəyərli qənimət idi. Dahaudakı məhkəmə onun Nurnberqdə mühakimə olunmasına qərar verir və Skorzeni Darmştat həbs düşərgəsinə gətirilir. Və maraqlı hadisələr bundan sonra başlayır.

Skorzeninin əsir götürməkdən zəhləsi gedirdi və buna görə də hətta təslim olanları belə öldürürdü. Eləcə də girdiyi ərazilərdə "tam təmizlik" devizi ilə sivillərə qarşı olduqca amansız davranırdı. Bunlar isə açıq-aşkar müharibə cinayətiydi və onun yüzlərlə belə cinayəti olduğundan edam ediləcəyi şübhəsiz idi. Lakin…

Untitled design (1).png
Otto Skorzeni

Avqust ayında kampa gələn 3 ABŞ zabiti formalı şəxs onu Nurnberqə aparmaq üçün gəldiklərini deyib Skorzenini qaçırırlar. Və Skorzeni Bavariyada gizlənir. Rəsmi versiya bu idi. Əslində isə…

Düşərgədən onu buraxan düşərgə rəisi, illər sonra etdiyi açıqlamada, gələn zabitlərin icazə sənədlərinin qaydasında, ona vurulan möhürlərin əsl olduğunu demişdi…

Və ölümünə yaxın Skorzeni də həqiqəti açıqlayır: onu amerikalılar qaçırtmışdı. Bavariyada isə gizlənmirdi, əksinə ABŞ-ın yeni qurduğu, başqa bir nasist canisi general Gehlenin rəhbərlik etdiyi nasist canilərindən ibarət "Odessa" komandasında xüsusi təyinatlıların rəhbəri kimi təlimlərdə iştirak edir və bildiklərini öyrədirdi.

Qısa bir müddət sonra ABŞ kəşfiyyatı Ukraynada "Bülbül" kod adlı əməliyyata başlayır. Əməliyyatın planı rusca bilən agentlərin havadan paraşüt əməliyyatı ilə Odessanın müxtəlif yerlərində endirilməsi və əhalini də cəlb etmək yolu ilə SSRİ-yə qarşı üsyanın başladılması idi. Olduqca uğursuz olan əməliyyata qarşı çıxan Skorzeni, kəşfiyyat bölümündən ayrılır. Lakin komandanı tərk etmir.

1950-ci ildə yeni yaradılan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin "Avropada Kommunizmlə Mübarizə" proqramına cəlb edilir, kommunistlərin çox güclü olduqları Fransada sovet casuslarına qarşı bir çox əməliyyatlar təşkil edir.

Ardınca Portuqaliyada da oxşar əməliyyatlarda iştirak edir.

1953-cü ildə "Odessa" qrupundan ayrılır. İki ay sonra general Gehlenin əmri ilə Misirə göndərilir. Burada Camal Əbdul Nasirə hərbi məsləhətçi kimi xidmət edir, Misir ordusunu qurmaq üçün keçmiş alman generallarından və SS-çilərdən ibarət komanda qurur. Süveyşdəki ingilis hərbi kontingentinin mövqeləri ilə bağlı Misir Ordusunun uğurlu kəşfiyyat əməliyyatına rəhbərlik edir.

Misirdən qayıtdıqdan sonra general Frankonun dəvətilə İspaniyaya köçür, Frankonun hərbi məsləhətçisi olur və ispan ordusunun gerillalara qarşı yaratdığı xüsusi təyinatlı birləşmələrinin təlimlərinə rəhbərlik edir.

İspaniyada olarkən Britaniya kəşfiyyatının dəvəti ilə xüsusi keçiriləcək əməliyyatlarda iştirak etmək üçün İrlandiyaya göndərilir. Burada Mİ6-nın maliyyə dəstəyi ilə böyük ərazi satın alır və 0-dan güclü komanda qurur. Lakin İrlandiya kəşfiyyatı onu deşifrə edir və üzərinə bürokratik əngəllər qoymaqla ölkədə uzun müddət qalmasını qadağan edir (paralel versiyaya görə Skorzenini İrlandiya kəşfiyyatı ingilislərə qarşı işləmək üçün tutmuşdu).

İspaniyaya qayıdan Skorzeni dünyanın müxtəlif ölkələrindəki anti-terror əməliyyatlarında iştirak etmək üçün hazırlanan, pullu əsgərlərdən ibarət "Palladino" yarı-hərbi qrupunu qurur. Bir müddətdən sonra ispan neonasistləri onu özlərinin lideri seçirlər.

Rəsmi heç bir vəzifə daşımasa da, Bask bölgəsindəki "IRA" təşkilatına qarşı ispan ordusunun apardığı əməliyyatlara rəhbərlik edir.

Ən maraqlı hadisə isə 1968-ci ildə yaşanır. Münhendə keçirilən olimpiya oyunlarında alman anarxistlərin fələstinlilərlə birlikdə İsrailli idmançılara və nümayəndələrə qarşı terror aktlarından sonra MOSSAD qisas əməliyyatına başlayır. İlk əməliyyat uğursuz olduqda Skorzeniyə müraciət edilir. MOSSAD-ın təhdid qarışıq təklifi (bu barədə israilli jurnalistlərin çəkdiyi "Inside the MOSSAD" sənədli filmində keçmiş MOSSAD agentləri danışırlar) Skorzeni tərəfindən qəbul edilir və və o, MOSSAD-ın qisas əməliyyatında iştirak edir. Bu dəfə əməliyyat uğurlu olur, israillilərə qarşı cinayət törədənlərin hamısı öldürülür.

1969-cu ildə ABŞ tərəfindən, şimali vyetnamlılara qarşı əməliyyatları təşkil etməsi üçün Sayqona (cənubi Vyetnamın pataxtı) dəvət edilir. Təklifi qəbul etsə də, qısa müddət sonra səhhətinin pisləşməsi səbəbindən bütün fəaliyyətini dayandırır.

75-ci ildə vəfat edən Skorzeninin külləri Avstriya hökumətinin istəyilə İspaniyadan gətirilir və Vyanada dəfn edilir. Dəfn mərasimində yüzlərlə keçmiş nasist döyüş yoldaşları iştirak edir və nasist salamı verirlər…

Ölümündən az əvvəl ispan televiziyasına müsahibəsində nasist olmasından, törətdiyi müharibə cinayətlərindən peşman olmadığını, bir də yaşasaydı, yenə eyni seçimləri edəcəyini deyən, öləndə, ailəsinə böyük sərvət buraxan Skorzeni tarix üçün, eləcə də öz şəxsiyyətində və hekayəsində həm qəhrəmanlığın, həm vəhşiliyin, həm də günahkarın həmişə cəzalanmamasının ibrətamiz nümunəsini miras qoyur…

Ana səhifəXəbərlərƏvəzolunmaz müharibə canisi, qəhrəman və pullu əsgər…