Əvəz Zeynallının səfər qadağası götürülüb

Düzdür, dostlarım zəng edib xəbər etmişdi ki, bir gün sonra götürüləcək.

Source: Foto: arxiv


Baş redaktor səfərdən qayıdandan sonra problemi tam həll edəcəyini deyir

“Xural.com” saytının baş redaktoru Əvəz Zeynallının ölkədən çıxışına qoyulan qadağa noyabrın 13-də götürülüb.

Bu barədə Meydan TV-yə danışan Əvəz Zeynallı deyib ki, o, hava limanında olarkən Vergilər Nazirliyinin idarə rəislərindən biri zəng edib xəbər verib:

“Düzdür, dostlarım zəng edib demişdi ki, bir gün sonra götürüləcək. Ona görə hava limanına gedərkən sosial şəbəkədə yazdım ki, bilet aldım, gedirəm, ancaq narahatlığım vardı. Qeydiyyatdan keçəndə Ramil adlı idarə rəisi zəng edib qadağanın götürüldüyünü dedi”.

Nazirliyə borc məsələsinə gəlincə, jurnalist Bakıya qayıdandan sonra müzakirələr aparacağını, problemi yaxın zamanlarda aradan qaldıracağını söylədi.

“Xural.com” saytının baş redaktoru

Əvəz Zeynallı

nın ölkədən çıxışına noyabrın 10-da qadağa qoyulub.

Əvəz Zeynallı bildirib ki, 2012-ci ildə həbs olunanda Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə onun haqqında Vergilər Nazirliyinə 4076 manat ödəmə şərtini kəsib:

“Ancaq ondan sonra əfv olundum, ardınca bütün müvafiq instansiyalarda bu məsələ ilə maraqlandım, məlum oldu ki, əfv ediləndə bütün borclar da silinir. Nəhayət, ötən illərdə dəfələrlə xarici ölkələrə səfər etdim, elə sentyabr ayında Türkiyədə oldum. İndi birdən-birə rəsmi xəbərdarlıq edilmədən qadağa qoyulur və nazirliklərin saytında da bu barədə heç nə yoxdur. Ehtimal edirəm ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov haqqında sərt tənqidi yazılarım onun qəzəbinə gəlib və ölkədən çıxışıma qadağa da buna görə qoyulub”.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbs olunub. Jurnalist külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və təkrar rüşvət almada ittiham edilərək 9 il azadlıqdan məhrum edilib.

Əvəz Zeynallı 2014-cü ilin 29 dekabrında imzalanan əfv fərmanı ilə azad edilib.

Ana səhifəSiyasətƏvəz Zeynallının səfər qadağası götürülüb