Məmurun məhkəmədə dediklərilə istintaqdakı ifadəsi arasında ziddiyyət yaranıb
“Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və onunla birlikdə mühakimə olunan “Səda TV” adlı “Youtube” kanalının idarəedicisi Elnur Şükürovun məhkəməsi davam edir. Onların işinə 5 aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır.
Əvəz Zeynallıya qarşı ittihamlardan biri də bəzi vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir göstərməklə bağlıdır. Cinayət işində Sumqayıtda, Sabunçuda obyekt tikmək istəyən vətəndaşlar üçün icra hakimiyyətlərindəki məsul şəxslərin qərarlarına təsir göstərməkdən söhbət gedir. İddia olunur ki, bu işlərin görülməsi müqabilində həmin vətəndaşlardan pul alınıb.
Əvəz Zeynallı və Elnur Şükürovun işi üzrə istintaqda müxtəlif vəzifəli şəxslər, o cümlədən icra başçısı, deputat, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin idarə rəisi dindirilib. Onların məhkəmədə də dindirilməsi nəzərdə tutulub.
Sentyabrın 8-də məhkəmə iclasında Sabunçu Rayon İcra hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Vüsal Hüseynov ifadə verib. O bildirib ki, nə Əvəz Zeynallını, nə də Elnur Şükürovu tanıyır. Onun sözlərinə görə, Sabunçuda – Elşən Mehdiyev küçəsində qanunsuz obyekt tikilmişdi, o da həmin tikilinin sökülməsinə göstəriş vermişdi. Bir nüddət sonra orada yenidən tikinti aparılıb. Bu dəfə isə icra başçısı ona zəng edərək, tikintiyə mane olmamağı tapşırıb:
“İcra başçısı Adil Vəliyev mənə zəng edib dedi ki, həmin tikili Əvəz Zeynallının qohumunundu. Bir daha o tikintiyə yaxın getmədik”.
Vüsal Hüseynov təsdiqləyib ki, tikinti aparılan ərazi Dövlət Neft Şirkətinin balansındadır. Onun sözlərinə görə, icra başçısının göstərişi olduğuna görə əlavə müdaxiləyə ehtiyac duymayıb:
“Deyəsən, o tikiliyə SOCAR-ın əməkdaşları da yaxınlaşıblar, amma sonrasını bilmirəm”.
Vüsal Hüseynovun məhkəmədə dediklərilə istintaqdakı ifadəsi arasında ziddiyyət yaranıb. O, istintaqda “Əvəz Zeynallının qohumu” məsələsindən danışmayıb. Deyib ki, tikintini görəndə onun sahibi ilə danışıb. Sahibi də bildirib ki, icra başçısı məsələdən xəbərdardır. Sonradan icra başçısıyla danışanda isə Adil Vəliyev ona belə deyib:
“Şər-xata adamdır, ondan uzaq dur…”.
İstintaqdakı ifadə elan olunandan sonra Əvəz Zeynallı da, onun vəkilləri də bildirib ki, şahid yalan ifadə verməyə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki onun ya istintaqdakı, ya da məhkəmədəki ifadələrindən biri yalandır.
Vəkil Rəşad Əliyev vəsatət qaldırıb ki, yalan ifadəyə görə icra nümayəndəsi haqqında xüsusi qərar çıxarılsın. Lakin vəsatət baxılmamış saxlanılıb.
Hakim Əli Məmmədov məlumat verib ki, bütün şahidlər məhkəməyə çağrılıb. Lakin gəlməyiblər. Şahidlər arasında Sabunçunun icra başçısı Adil Vəliyev, deputat İmamverdi İsmayılov da var.
Əvəz Zeynallı və vəkilləri bildirib ki, bütün şahidlər mütləq məhkəməyə gəlməli və dindirilməlidir. Onlar şahidlər haqqında məcburi gətirilmə qərarı çıxarılmasını, onların polis vasitəsilə gətirilməsini istəyiblər.
Hakim bildirib ki, əgər sentyabrın 15-də keçiriləcək növbəti məhkəmə iclasına da gəlməsələr, o zaman məcburi gətirilmə məsələsi müzakirəyə çıxarılacaq.
2022-ci ilin sentyabrından həbsdə olan Əvəz Zeynallı və Elnur Şükürov külli miqdarda rüşvət alma, dələduzluq, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə kimi əməllərdə ittiham olunurlar. Lakin onların heç biri özünü təqsirli bilmir.
Əvəz Zeynallı siyasi sifarişlə, onu susdurmaq üçün şərlənib həbs olunduğunu bildirir. Elnur Şükürov isə Əvəz Zeynallının əleyhinə tələb olunan ifadəni vermədiyinə görə həbs edildiyini deyir.