İş yaxın günlərdə məhkəməyə göndəriləcək
Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı haqqında istintaq yekunlaşıb. Hazırda o və müdafiəçilərinin cinayət işinin materiallarıyla tanış olma mərhələsidir. Yaxın vaxtlarda iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Əvəz Zeynallı sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilib. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib.
Rüşvət ittihamı “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. “Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.
Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir. “Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur. O, istintaq dövründə ifadə verməkdən imtina edib.
Sentyabrın 10-da Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub. O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.
Elçin Sadıqov sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.