Əvəz Zeynallı: Mesajımı aldım

“Hətta mərhumların adlarının çəkilməsini təsadüf hesab etmirəm”

Əvəz Zeynallı
Əvəz Zeynallı

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya polis bölməsində xəbərdarlıq edilib. Bu barədə baş redaktorun özü “Facebook” səhifəsində məlumat yayıb:

“4-cü polis bölməsinin sahə müvəkkili Nadir Abbasovla görüşdüm. Sakit, sadə, səsinin tonu aşağı bir polis mayorudur. Mənə elə gəldi ki, məni niyə çağırdığını unudub. Nə soruşdum, “özün bilirsən” dedi. Mənə bir daha həbsxanaya düşməməyi, bir də elə işlərlə məşğul olmamağı tövsiyə etdi. “Hansı işlərlə” dedim, “yox, elə-belə dedim” dedi. Söz adamı olduğumu, sözlə mübarizə apardığımı dedim. “Söz adamları da gedirlər” dedi. “Hara” dedim, Nəcəf Nəcəfovun, Elmar Hüseynovun adını çəkdi. “Məni təhdidmi edirsiniz?” dedim, “yox, mən sadəcə səninlə tanış oluram” dedi. Beləcə, niyə çağırıldığımı bilmədim, amma çox ciddi mesajlar aldım. Deməli, niyə çağırıldığımı, nə düşündüklərini, nə etdiyimi – hamısını özüm bilməliyəm. Ziyalı olduğumdan, heç kimə bənzəmədiyimdən, hər şeyi özümün anlamalı olduğumdan danışdı və… çıxdım”.

Əvəz Zeynallı bu görüşü özü üçün çox ciddi mesaj və xəbərdarlıq kimi qəbul edir: “Hətta mərhumların adlarının çəkilməsini təsadüf hesab etmirəm. Mən hər şeyi anladım. Mesajlarımı aldım”.

Ana səhifəXəbərlərƏvəz Zeynallı: Mesajımı aldım