Əvəz Zeynallı: “Mən Heydər Əliyevi yüzlərlə dəfə ziyarət etmişəm”

“Bizim zonda 100-dən artıq kompüter var idi, amma onun klaviaturasına mən yazı üçün toxuna bilməzdim”

Source:


“Bizim zonda 100-dən artıq kompüter var idi, amma onun klaviaturasına mən yazı üçün toxuna bilməzdim”

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Turan İA”-a müsahibəsində həbsxana həyatı, jurnalistin həbsxanadan azad dünyaya baxışı, həbsxanada islahatların vacibliyi və azad media problemlərindən danışıb.



Həbsxana həyatınız necə keçdi? Jurnalist üçün həbs nə deməkdir?

– Bir çox hallarda insanın özündən asılıdır. Həbsxana həyatım yaşadığım həyatın davamı kimi, yəni normal keçdi. 1158 gün həbs müddəti çəkdim və öz fəaliyyətimlə məşğul oldum, yazdım, oxudum, araşdırmalar apardım, əlimdə olan mətbuatın, yazarların  monitorinqini apardım. Yəni 3 il iki ay iki gün müddətində Azərbaycan mətbuatının, imkan olduğu qədər Azərbaycan televiziyalarının monitoriniqi aparmışam.



Monitorinqiniz nə deyir?

– Monitorinq prosesi gözümün qabağında, günə-gün, saata-saat, yazıya-yazı aydınlandı. Bu gün hansı mövqedə olan yazarın, sabah hansı mövqedə olduğunu, televiziyalarda mövqelərin necə dəyişdiyini, qəzetlərin mövqelərini necə dəyişdiyini görürdüm. Həm də mən mətbuatın qaynar içindən, fəaliyyətdən getmişdim. Mən çox ciddi fəaliyyət göstərən Redaktorlar Birliyindən getmişdim. Həmin Redaktorlar Birliyinin ayrı-ayrı fərdlərinin necə söndüyünü, ümumiyyətlə, həmin Redaktorlar Birliyinin hansı cinahlara səpələndiyini  görürdüm. Yəni mənim monitorinqimdə çox şey var.

 –

Siz həbsə gedəndən sonra ölkədə mətbuat azadlığında dəyişiklik nə qədərdir?

– Demək olar ki, mətbuat azadlığı qalmayıb. Ən böyük problem də odur. Mənim üçün ən böyük problem mətbuat azadlığının olmamasıdır. Mən azad mətbuat adamı, ölkədə də azad mətbuat yoxdur. Bundan sonra necə edəcəm, nə cür edəcəm, artıq yəqin ki, bu haqda ciddi düşünməli olacağam.



Yəni, “Xural” qəzetinin fəaliyyətini davam etdirəcəksiniz?

– Mən ona çox çalışacağam. Amma həmin “Xural” qəzetinin fəaliyyətini davam etdirəcəyəm. Yəni heç bir şərtsiz, heç bir şərt qoyulmadan, Əvəz Zeynallı həbsə necə gedibsə, həbsdən elə də çıxıb. Nə heç kimin şərtini qəbul etməyib, nə heç kimin qarşısında baş əyməyib, nə də heç bir tabunun qarşısında baş əymək niyyəti yoxdur. Dik girmişəm, dik də çıxmışam, dik də davam edəcəyəm.



Həbsxana necə görünür? Neçə il idi həbsxanada idiniz, hansı dəyişikliklər, islahatlar edilməlidir? Jurnalist gözü ilə necə baxırsınız?

– Çox ciddi problemlər var. Yəni, həbsxanalar və orada olacaq islahatlar sahəsində mənim çox ciddi düşüncələrim var. Bəlkə qanun layihələri hazırlayacağıq. O qədər problem var ki, həbsxana sistemi a-dan z-yə dəyişməlidir. Birini deyim, mən jurnalistəm. Mən orada kompüterdə yaza bilmirdim. Həbsxanada hər otaqda kompüter var. Bizim zonda 100-dən artıq kompüter var idi, amma onun klaviaturasına mən yazı üçün toxuna bilməzdim. Telefon sistemi bütün dəyişməlidir. Həftədə iki dəfə danışmaq mümkündür, amma hər gün danışmaq mümkündürsə, buda edilməlidir. Görüş sistemi dəyişməlidir. Məhkumların mətbuatla təchiz olunma sistemi dəyişməlidir. Mən müstəqil mətbuatı alırdım, kənardan gətizdirirdim. Hər gün mənə kənardan mətbuat gətirirdilər. Yəni 1158 gün hər gün evdən mətbuat gələrmi? Halbuki orada abunə olmalıdır. Mümkün qədər sistem demokratikləşdirilməlidir. “Azadlıq” qəzeti penitensiar sistemə niyə gətirilməsin?  Mənə rahat gətirirlər, alıb oxuyuram. Amma oraya gəlmir. Məhbusların, məhkumların azadlığa buraxılma məsələsində çox ciddi problemlər var. Qanuna görə ağır cinayətlərlə məhkum olunmuşlar cəzanın üçdə ikisini çəkdikdən sonra azad oluna bilər. Amma bu ümumiyyətlə işləmir, tətbiq olunmur. Bu, ən böyük problemdir. Yəni bu və digər problemlərlə bağlı gündəliyimdə yazmışam, zaman-zaman müzakirə edəcəyik.



Bir də son günlər sizin ziyarətlə bağlı sosial şəbəkələrdə yazılar dərc olunmaqdadır. Münasibətiniz necədir?

– Heç bir problem yoxdur. Mən Heydər Əliyevi yüzlərlə dəfə ziyarət etmişəm. Sevgililər günündə həmişə ziyarət etmişik. Problem görmürəm. Biz silsilə şəklində Şıxəli Qurbanovu, Həsən bəy Zərdabini, Heydər Əliyevi, Seyid Cəfər Pişəvərini, Zərifə Əliyevanı və Əbülfəz Elçibəyi ziyarət etmişik. Bilənlər bilir. Deyəsən orada cavan uşaqlar peyda olub. Onlar da bilir. Burada qeyri-adi bir şey yoxdur. Əvəz Zeynallı Heydər Əliyevin də məzarının qarşısında dik durub. Mən heç bir zaman heç kimin məzarına baş əyməmişəm. Mən çox böyük idealların qarşısında baş əyirəm. Mənim Azərbaycanda qarşısında baş əyəcəyim bir heykəl yoxdur.

Ana səhifəXəbərlərƏvəz Zeynallı: “Mən Heydər Əliyevi yüzlərlə dəfə ziyarət etmişəm”