Ləman Əliyeva hər gün adəti üzrə qızını dərsə yola salıb evə qayıdacağı vaxtı gözləyirdi. Amma bu dəfə dərs başlamamış övladının xəstəxanada olduğundan duyuq düşüb arxasınca gəlib. Martın 9-da səhər saatlarında Bakı-Sumqayıt yolunda içi tələbələrlə dolu mikroavtobus qəzaya uğrayıb. Nəticədə 5 tələbə həyatını itirib müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan 3-cü kurs tələbəsi Azadə Mədətzadə reanimasiyadan çıxarılaraq palataya köçürülüb.
Qəza törədən avtobusun arxasındakı “Ford”da olan tələbə Əlixan Əlixanlı deyir ki, hadisəni görüb köməyə gələndə tələbə yoldaşlarının öldüyünü görüb.
Xəstəxananın həyətinə toplaşan tələbələr deyir ki, Sumqayıt Dövlət Universitetinin rəhbərliyinə müraciət edərək onlara rahat gedib-gəlmək üçün avtobus ayrılmasını istəyiblər. Amma rəhbərlik bunun üçün vəsaitin olmadığını bildirib. Universitetin mətbuat xidməti deyir ki, tələbələrə xüsusi avtobus ayrılması üçün dövlət büdcəsindən vəsait ayrılmayıb.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin məlumatına görə, sürücü Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mətbuata açıqlamasında mikroavtobusun qeyri-qanuni fəaliyyət göstərdiyini açıqlayıb.
Ölümlə nəticələnən yol hadisəsindən sonra 20 yanvar ərazisindən Sumqayıta işləyən mikroavtobuslar gözə dəymir.
Deputat Aydın Mirzəzadə Bakıdan Sumqayıta və şəhərətrafı qəsəblərə işləyən bütün avtobusların sazlığı yoxlanmalı, tələblərə cavab verməyənlər marşrutlardan kənarlaşdırılmalıdır deyib. Millət vəkili bildirib ki, avtobusların konstruksiyalarında dəyişiklərə yol verənlər ciddi pul cəriməsinə məruz qalmalıdır.O vurğulayıb ki, yük avtomobillərinin özbaşına sərnişin avtobuslarına çevrilməsi cinayət əməli kimi qiymətləndirilməli, sürücülərə qarşı tələblər sərtləşdirilməlidir. Marşrutlarda ancaq yeni avtobusların işləməsi məsələsi ciddi şəkildə tələb edilməlidir.
Bakı sakinlərindən də soruşduq ki, avtobusda gedərkən özlərini nə qədər təhlükəsiz hiss edirlər? Yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, ictimai nəqliyyatda sürücü hazırlığı acınacaqlı durumdadır. Dövlət sərnişindaşıma xidmətinə investisiya yatırmalıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə yol qəza hadisələrində 759 nəfər həlak olub, 2003-ü isə yaralanıb.