Məcburi köçkünlərə tikilən mənzillərə xərclənən milyonlardan ehtiyacı olan bu ailəyə pay düşməyib
Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində son illər ciddi addımlar atılır. Yataqxana, orta məktəb, uşaq bağçası, hərbi hissə binalarında yşayan məcburi köçkünlərin əksəriyyəti yeni mənzillərlə təmin olunub. Bu istiqamətə dövlət büdcəsindən külli miqdarda vəsait xərclənib. Bu ilin iyulunda ictimaiyyətə açıqlanan 2013-cü il Mədənhasılatı üzrə Şəffaflıq Təşəbbüsü hesabatında açıqlanan məlumata görə, təkcə hesabat ilində qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına Dövlət Neft Fondundan 300 milyon manat ayrılıb.
Tenderlərin necə keçirilməsi ictimaiyyətə açıqlanmır
Həssas məsələ olduğundan mətbuat bu istiqamətə xərclənən vəsaitin necə xərclənməsi ilə bağlı araşdırma aparmaqda maraqlı deyil. Amma bu qədər vəsaitin xərclənməsi ilə bağlı keçirilən tenderlərlə bağlı ictimaiyyətə heç bir məlumat açıqlanmır. Amma bu vəsaitlər əsasən 6 dekabr 1999-cu ildə «Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramında nəzərdə tutulan tədbirləri həyata keçirmək məqsədi ilə yaradılan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu vasitəsi ilə xərclənir. Fondun internet səhifəsində isə (http://sfdi.gov.az/) nə xərclənən vəsait, nə tender elanları, nə də audit hesabatları ilə bağlı bir cümlə də yoxdur. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Dövlət Neft Fondunun vəsaitləri hesabına gördüyü işlər bölməsində isə göstərilir ki, DNF tərəfindən 2001-ci ildən başlayaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə vəsait ayırır. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı və Fatmayı qəsəbələri ərazisində qaçqın və məcburi köçkünlər üçün hündürmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilib: «Qeyd olunan tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər Dövlət Neft Fondu tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, habelə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən təqdim edilən və müvafiq qaydada əsaslandırılan sifarişləri əsasında adı çəkilən qurumların dövlət xəzinədarlığındakı hesablarına köçürülür və sonra sifarişçi təşkilatlar tərəfindən podratçı təşkilatlara ödənilir. Məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri ilə bağlı işlərin sifarişçisi kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu çıxış edir. Sifarişçi təşkilat layihələrin icrasına cari nəzarəti həyata keçirir, müvafiq tenderlərin keçirilməsini və digər müvafiq prosedurların aparılmasını təmin edir, yerlərdə açılmış ofisləri vasitəsilə işlərin icrasını təşkil edir və əlaqələndirir. Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 40 min ailə 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi məktəbi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 45 mədəniyyət mərkəzi, 2 olimpiya İdman kompleksi tikilmiş, 648 kilometr yol, 815 kilometr su, 1412 kilometr hava elektrik, 333 kilometr qaz xətti çəkilmiş, 715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb. Son 20 ildə həcminə görə ən böyük 1300 şagird yerlik məktəb 2012-ci ildə məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilib. Həmçinin gücünə görə son 20 ildə ən böyük elektrik yarımstansiyası -280 meqavat olmaqla, məcburi köçkünlər üçün 2007-ci ildə Ağcabədi rayonunda istifadəyə verilib».
Vəsaitin necə xərcləndiyi bəlli deyil
Amma yenə də əsas məsələ – bu layihələrə xərclənən vəsait və bu vəsaitin nə dərəcədə səmərəli xərclənməsi yaddan çıxıb. Bəlkə də buna görədir ki, hər dəfə məcburi köçkünlər üçün tikilən mənzillərin bölgüsü zamanı narazılar, razılardan çox olur. Elə Nəsibə Əvəz qızı Musayeva kimi. Kəlbəcər rayonundan məcburi köçkün olan Nəsibə Musayeva 17 ildir ki, probleminin həlli üçün müraciət etmədiyi dövlət qurumu qalmayıb. Amma bu ölkənin vətəndaşı kimi onun və övladlarının payı olduğu neft gəlirlərindən əldə olunan vəsaitdən ona pay düşməyib. Nəsibə Musayeva deyir ki, artıq neçə illərdir ailəsi ilə birlikdə Gəncə Radio-Televiziya Yayım Filialına aid anbarında məskunlaşıblar: «Kəlbəcər rayonunda atam kolxozda briqadir, anam isə tütünçü idi. Mənim 7 yaşım olanadək hər şey qaydasında idi və ailəmiz sakit həyatını yaşayırdı. Amma 1988-ci ildən ermənilərin hucumu bizim də həyatımızı alt-üst etdi. 1993-cü ildə isə ailəmizlə birlikdə evimizi tərk etmək məcburiyyətində qaldıq. Ailədə 7 uşaq olması, köçkünlüyün gətirdiyi problemlər, uşaq ikən aldığım psixoloji zərbə səbəbindən orta təhsil ala bilmədim. 1993-cü ilin martından sonra oxumaq arzularım, doğma Kəlbəcərimiz kimi dağıldı. 1993-1994-cü illər ərzində atam Əvəz Abbasov Bərdə rayon Göyüşlü kəndində müvəqqəti olaraq məskunlaşdı. 1994-cü ildə Goranboy şəhəri Qaraçinar kəndinə köçdük. Mən isə 1999-cu ildə Kəlbəcər rayonunun Cəmilli kənd sakini Musayev Fariz Zakir oğlu ilə ailə qurdum, biz Gəncə Radio-Televiziya Yayım Filialına aid anbarda yaşamağa başladıq. Həmin nigahdan 2 övladımız var. Böyük övladım Fəqan Fariz oğlu Musayev 14 may 2001-ci il, kiçik övladım Şəbnəm Fariz qızı Musayeva isə 20 mart 2003-cü ildə anadan olub. Yaşadığımız acınacaqlı şərait səbəbindən övladlarım dəfələrlə ağır xəstələnib. Onları evimizdə əqrəb sancıb. Daimi rütubət, havasızlıq səbəbindən özüm də xəstəlik tapmışam. Ağciyər Xəstəlikləri Dispanserində 14 ay müddətində mütamadi olaraq müayinə və müalicə olunmuşam. Səhiyyə Nazirliyi Gəncə şəhər rayonlararası Ağ Ciyər Xəstəliklərin Dispanserinin 31 oktyabr 2005-ci il tarixli qeydə alınma barədə məktubu dediklərimi təsdiq edir».
N.Musayeva deyir ki, yaşadıqları anbardakı acınacaqlı durumla bağlı müraciətlərindən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən əraziyə baxış keçirilib: «Binanın qəzalı vəziyyətdə olması və yaşayış üçün yararsızlığı Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən də təsdiq olundu. 2005-ci ildə isə Kəlbəcər rayon İcra Hakimiyyətinin o zamankı başçısı Sahib Əkbərov da nümayəndə göndərərək buraya baxış keçirtdirmişdi. Vəziyyəti görüb söz vermişdilər ki, gələcəkdə ev tikintisi aparılan kimi bizi yaşayış sahəsilə təmin edəçəklər. Artıq 16 ildir ki, döymədiyimiz qapı, müraciət etmədiyimiz qurum qalmayıb. Bütün müraciətlərimiz ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, ya da Kəlbəcər rayon İcra Hakimiyyətinə göndərilir. Bu qurumlar isə «Bermund üçbucağı» kimi bizim məktublarımızı yoxa çıxarır».
Ümidlərinin yalnız ölkə başçısına olduğunu deyən qadın məcburi köçkünlər üçün tikilən mənzillərdən onlara da verilməsini xahış edir.
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən isə bildirirlər ki, məcburi köçkünlərin yeni mənzillərə köçürmələri rayon icra hakimiyyətlərinin təqdim etdiyi siyahılar əsasında aparılır: “Rayon icra hakimiyyəti hansı ərazilərdə köçürülməni zəruri hesab edirsə, o ərazidə məskunlaşanların siyahısını komitəyə təqdim edir. Komissiya da həmin ərazilərdəki yerlərə baxış keçirir, insanların orada yaşayıb-yaşamadığını araşdırır. Bundan sonra köçürmə aparılır. Hansı məcburi köçkünlər köçürülməyibsə, demək rayon icra hakimiyyəti oranın köçürülməsini zərüri saymayıb. Amma məcburi köçkünlər üçün yeni binaların tikintisi davam etdirilir və növbəti binaların tikilməsi zamanı bütün məcburi köçkünlər mərhələli şəkildə yeni mənzillərlə təmin olunacaq».
Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması zəruridir. Amma bu istiqamətdə xərclənən vəsaitlə bağlı ictimaiyyətin məlumatlandırılması və şəffaflığın, səmərəliliyin təmin olunması daha zəruridir. Keçirilən tenderlər, iş görən şirkətlər və bir mənzilə xərclənən vəsait ictimaiyyətə açıqlanarsa, bu qədər narazılıq olmazdı. Əgər bu şəffaflıq və səmərəlilik təmin olunarsa, hazırda Nəsibə Musayeva kimi kimi insanlar da mənzillə təmin olunardı.