Ev yandı, sakinlər təşvişə düşdü

Bakı şəhəri, Süleyman Rüstəm küçəsindəki bina və həyət evləri artıq üç aydır ki, söküntü mövzusudur. Fevralın 1-i gecə saatlarında buradakı evlərin birində başlayan yanğın sakinlərin narahatlığını birə beş artırıb.

“Bu tərəfi söküblər, o tərəfi də söküblər. Ortada qalan bu evdir. Gecə saat 3-də yanıb. İki balasını bu adam zorla çıxarıb evdən”-hadisənin şahidi Məhəmməd Ağayev deyir.

Söküntünü həyata keçirən “Grand Plaza” adlı şirkətdir. Sakinlər şirkətdən şübhələnsə də, yanğın gecəsi əli yanan ev sahibi Ruslan Babatov belə bir hadisəni kiminsə törədəcəyinə inanmadığını deyir: “Bunu heç erməni eləməz: İki körpə uşağım evimdə, əşyalarımın da hamısı yanıb. Yəqin ki, qısaqapanmadan olub. İndi ekspertiza rəy verəcək”. Şirkət yaşayış evlərini Nazirlər Kabinetinin 86 nömrəli qərarına əsasən, pilot layihə adı ilə sökdüyünü, tikiləcək olan yeni binada sakinlərə ev veriləcəyini deyir. Ruslan Babatov tikinti şirkəti ilə razılığa gələcəyini bildirib. Şirkətlə razılaşmayan digər sakinlər isə narahatlıqlarını dilə gətirmək üçün Nəsimi Rayon İcra Hakimiyyətinə gediblər.

“Dedilər ki, pilot layihədir. Ancaq bir kağız yoxdur. Söz veriblər sərəncamı göstərsinlər. Bu gün bu ev yanar qısaqapanmadan, sabah o biri ev. Biz nə edəcəyik? Başa düşürük. Əgər sökülməlidirsə, bir qərar göstərsinlər. Qanun çərçivəsində nə lazımdırsa, bizdə qəbul edək. Biz, hələ hədə-qorxu içində yaşayırıq. Qorxuruq ki, sabah başımıza bir oyun gələcək. Evləri sökürlər. İnsan, çıxıb pəncərəni niyə dağıdırsız? Ev sizindir də, gözləyin digərləri də razılaşıb çıxsın, sonra”-yaşayış sakini Vaqif İsgəndərov söyləyir.

Grand Plaza şirkətinin direktoru Vüqar Həsənov deyir ki, köçməyə razı olan sakinlərlə müqavilə bağlanır: “Lakin bəzi sakinlər, reallıqdan uzaqdırlar. 3000-5000 pul tələb edirlər. Hansı ki, bu pulların verilməsi prosesi Azərbaycanda yoxdur. Yanan evin sakini də ərizə yazıb ki, heç kimdən şikayətçi deyil”.

Şirkətin onlara sənəd təqdim etmədiyini deyən sakinləri həm də evlərin kvadratının düzgün ölçülməməsi düşündürür.

“Biz heç yere çıxa bilmərik. Qışın günü hara çıxaq? Divarın qalınlığı 80 sm-dir. Bir kərpiclə tikilib. Şəhərin mərkəzidir. Kirayə 300 manat təklif edirlər. 300 manata şəhərdə ikiotaqlı mənzil tapa bilmirsən. Hər yerdə söküntü gedir. İlin, günün bu vaxtı – qışın oğlan çağında hara gedək?”-bina sakini Tükəzban Cəfərova deyir. İşçilər yeni binanın tikiləcəyi ərazini hasara alırlar. Sakinlər isə bundan sonra nə baş verəcəyini bilmir, gözləyirlər.

Ana səhifəVideoEv yandı, sakinlər təşvişə düşdü