Ev telefonu və mitinq islahatları

Mitinqi rayonlara köçürtmək iqtidarlı-müxalifətli hər tərəfə sərf edərdi.

Source: Meydan TV


Polislərlə bir-birimizin zəif yerlərimizi bilirik

Ev telefonuna zəng vuran iki-üç nəfərdən biri daim bizim regional fövqəladə hallar idarəsini axtaran şəkili kişi olur. Mən də danışmağa adam tapmışkən ondan Şəkiyə aid bir-iki söz soruşuram. Halva və hava barədə. O da deyir ki, vallah, a bacı, Şəkinin halvası da gözəldi, havası da. Burda pulu olan halva alır, olmayan hava.

İkincisi, firma malları satan qızlardır. Yazıq uşaqlar adam bişirmək üçün zəng vurub cürbəcür qaravəlli çıxardırlar ki, bəlkə bir-iki qazan sata bildilər. Məsələn, sual verirlər, Azərbaycanın paytaxtı Bakıdırmı? Təsdiq etsən də, etməsən də, əvvəl kampaniyaya, sonra qazana düşmüş olacaqsan. Məsələ o qədər bəsit və kədərlidir ki, sükutdan səsim batsa belə, onlarla dialoqa girə bilmirəm. Neçə il əvvəl “Facebook” səhifəmdə paylaşdığım bir “firma qızı” ilə bağlı real əhvalatı xatırlayıb hələ də dodağı qaçanlar var. Özüm də o əhvalatı gülə-gülə yerləşdirmişdim. Azərbaycan qadınının bir parça çörək naminə qapı-qapı düşərək “artistlik” etməsinin əslində faciə olduğunu düşünməmişdim. Bağışla, qızım…

Tez-tez qaz idarəsini axtaran bir qadın da var. Səhv düşəndə nə olar, limitdən-zaddan söhbət edib ürəyimizi boşaldırıq. Axırda “Allah bəlalarını versin” – deyib sağollaşır. Əsas ki, sağollaşmazdan əvvəl rayonlarda nə zaman mitinq olacağını soruşur. Qazdan fərqli olaraq mitinq barədə danışmayıb dəstəyi qoyuram. Qadına inanmadığım üçün deyil, rayon mitinqlərindən bir şey bilmədiyimə görə.

Rayonlarda mitinq əlbəttə, daha salamat olardı. Polislərlə bir-birimizin zəif yerlərimizi bilirik. Evinə babat maaş aparmaqdan ötrü gözümüzün qabağında kreditlə, faizlə işə düzələn adamlar durub öldürməyəcəklər ki, bizi. Ortada zaminlik-zad da olduqda tam arxayınçılıqdı. Sadəcə adətdəndi deyə olsa-olsa sümüksüz yerlərimizdən vurarlar, torpağı qoyub asfaltda sürüməzlər. Söyüşü demirəm heç, ha yaxalarını çəksələr, var-yox söhbətində bir yandan qohum çıxasıyıq. Məsələ nə qədər ciddi olur-olsun, adam özünü söyməyəcək ki. Lap elə söysün. O söyüş milli televiziyalardan illərlə üzümüzə tüpürülən yalanlardan pis olmayacaq.

Hər yanlışda bir doğru bu olsun gərək. Qadın qaz idarəsinin yerinə bizə düşməsəydi, mitinq barədə bu gözəl fikirlər hardan ağlıma gələrdi? Hərçənd ev telefonu ilə mövzunun arasındakı əlaqəni unutmuşam. Əvəzində mitinq məsələsi yerinə düşmüş kimi oldu. Mitinqi rayonlara köçürtmək iqtidarlı-müxalifətli hər tərəfə sərf edərdi. Məsələn, rayonlarda metro yoxdu. Müxalifət illah ki, metronun həndəvərinə yığışmaq üçün israr etməyəcək. Lökbatan da olmadığına görə iqtidar mitinq üçün normal yer göstərəcək. Ən əsası bu səbəbdən beynəlxalq təşkilatların narahatlıq bildirməkdən canı qurtaracaq. Polislə xalqı yuxarıda demişik.

İslahat istəmirdik? Bu da islahat. Sərbəst toplaşmaq azadlığının yerini dəyişirik. Metrosuz, Lökbatansız mitinq həyata keçiririk. Polis ətimizi yesə də, sümüyümüzə qıymır. Nə əla məmləkət! Bu iş də düzəldiyinə görə mən qısaca bir əhvalatla mövzunu bitirirəm.

***

Səsimlə yaşımın arasında otuz-qırx il fərq var. Uşaq, yeniyetmə avazı kimi səfeh bir şey. Camaata “o yaşı” verməzlər, mənə “o səsi” vermirlər. O günləri təsadüfən biri ev telefonuna zəng vurub. Götürmüşəm. Salamsız-kəlamsız “Ananı çağır”, – deyir. Anam yoxdu, deyirəm. Adam təkid edir:


– Necə yəni, yoxdu? Denən Fəridə xaladı.


– Ora düşməmisiz, Fəridə xala, anam gələ bilməz.


– Mən bilirəm hara düşmüşəm, sən çağır!


– Ana, ay ana, Fəridə xala səni istəyir.


Təxminən bir dəqiqəlik sükutdan sonra Fəridə xala yenə öz ampluasında səslənir:


– Anan eşitmədi?


– Eşitdi, deyir, vaxtı olanda özü gəlsin…

Mövzuya aidiyyəti olmasa da, əhvalat bizim islahata getməyimiz kimi bir şeydi. Sayələrində ölmüşük eyy, yoxuq. Biri də o tərəfdən külli-ixtiyar verdiyi zalımlara barmaq silkələyir ki, xalqı incitsəniz, atanızı yandıraram!

Ana səhifəXəbərlərEv telefonu və mitinq islahatları