Əvəz Zeynallıya xərçəng diaqnozunun qoyulduğu bildirilir

Əvəz Zeynallı. Foto: Meydan TV

“Bağırsağında olan bədxassəli şiş artıq “metastaz” verib, xərçəng qara ciyərinə yayılıb”

Həbsdə olan “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallının xərçəng xəstəliyinə tutulduğu deyilir.

Bu barədə jurnalistin həyat yoldaşı Məlahət Zeynallı özünün “Facebook” səhifəsində yazıb.

“Bir müddət əvvəl 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əvəz Zeynallının sağlıq durumunda ciddi problemlər yaranmışdı. Müayinəni aparmaq üçün lazım olan “UZİ”-ni yalnız Ombudsman Aparatına xəbər verdikdən və onlar da bu işə qarışdıqdan 1 ay sonra həbsxanaya göndərməyə müvəffəq olmuşduq. Həkimlər müayinədən sonra nələrdənsə şübhələniblər, az müddət sonra onu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərdilər. 4 dəfə qan vurdular, günlərlə sistem birləşdirdilər, təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, “biopsi” götürdülər. Nəticəsi bayramdan sonraya qaldı dedilər, biz də gözlədik. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar”.

“Bağırsağında olan bədxassəli şiş artıq “metastaz” verib, xərçəng qara ciyərinə yayılıb.  Bu günlərdə “ximiya”ya başlayacaqlar”,- deyə Məlahət Qisuri bildirib.

Jurnalistin həyat yoldaşı paylaşımında Əvəz Zeynallının əfv olunması üçün müraciət də edib.

“Əfv Prezidentin birbaşa səlahiyyətindədir. Hər gün Əvəz Zeynallının həyatı üçün ciddi bir təhlükədir. Humanistlik edib, onu özəl qərarla fərd olaraq da əfv etmək, müalicəsini diqqətdə saxlamaq olar. Sonra çox gec ola bilər. Vaxt çox azadır. Hər saniyə dəyərlidir. Əgər ona bir şey olarsa, bu tarixdə silinməyən qara ləkə olaraq qalacaq”.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-dan həbsdədir. O, külli miqdarda rüşvət alma, dələduzluq, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə kimi əməllərdə ittiham olunur. Lakin jurnalist özünü təqsirli bilmir.

Ötən il fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Əvəz Zeynallı 9 il azadlıqdan məhrum edilib. Dekabrın 18-də Ali Məhkəmədə onun kassasiya şikayətinə baxılıb və həbs müddəti 2 ay azaldılıb.

Ana səhifəSiyasətƏvəz Zeynallıya xərçəng diaqnozunun qoyulduğu bildirilir