Əvəz Zeynallı xəstəliyə görə həbsdən azad edilib

Əvəz Zeynallı. Foto: Meydan TV

Məhkəmə xəstəliyi ilə bağlı onu cəzadan azad edib

“Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı vaxtından əvvəl azadlığa buraxılıb.

Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə bu barədə qərar elan olunub.

Məhkəmə xəstəliyi ilə bağlı onu cəzadan azad edib.

Bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı məlumat yayıb.

Əvəz Zeynallı məhkəməyə onlayn qoşulub. Onun cəzaçəkmə müəssisəsindən bu gün buraxılacağı bildirilir.

Ötən gün də Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə edilən müraciətə baxılmışdı.

Məhkəmə Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün işin tibbi şəhadətləndirilməyə göndərilməsi barədə qərar vermişdi. Qərara əsasən, Ə. Zeynallı xəstəliyi ilə bağlı tibbi komissiyadan keçirilməli idi. Tibbi şəhadətləndirilmənin aparılması Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə tapşırılmışdı. Şəhadətləndirilmə 1 ay ərzində həyata keçiriləcəkdi.

Ötən gün proses qeyri-müəyyən vaxta təxirə salınmışdı.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-dan həbsdədir. O, külli miqdarda rüşvət alma, dələduzluq, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə kimi əməllərdə ittiham olunur. Lakin jurnalist özünü təqsirli bilmir.

2024-cü il fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Əvəz Zeynallı 9 il azadlıqdan məhrum edilib. Dekabrın 18-də Ali Məhkəmədə onun kassasiya şikayətinə baxılıb və həbs müddəti 2 ay azaldılıb.

Bir müddət əvvəl Əvəz Zeynallıda xərçəng xəstəliyi aşkar olunub. Həkimlərin rəyinə əsasən, dördüncü dərəcəli onkoloji xəstə olan Zeynallının müalicəsi həbsxana şəraitində mümkün deyil.

Ana səhifəSiyasətƏvəz Zeynallı xəstəliyə görə həbsdən azad edilib